Yaşar 100 il yaşar!
Görkəmli aktyorun 60 illik yubileyi qeyd edildi
Oktyabrın
16-da Akademik Milli Dram Teatrında görkəmli aktyor, Xalq
artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü
Yaşar Nurinin 60 illik yubileyinə həsr olunmuş tədbir
keçirildi.
Tədbirin
iştirakçıları əvvəlcə teatrın
foyesində görkəmli sənətkarın həyat və
yaradıcılığından bəhs edən fotosərgi ilə
tanış oldular.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev yubilyarın Azərbaycan
teatrının inkişafı, təbliği istiqamətində
gördüyü işlərdən danışdı. Qeyd
olundu ki, həm teatr, həm də kinoda bənzərsiz obrazlar
yaradan aktyor daim istedadı, zəhməti ilə böyük
tamaşaçı alqışı qazanıb.
Sənət adamlarına göstərilən
dövlət qayğısından danışan nazir bildirdi
ki, Yaşar Nuri Azərbaycanda teatr sənətinin
inkişafındakı xidmətlərinə görə
prezident İlham Əliyevin 1 sentyabr 2011-ci il tarixli sərəncamı
ilə “Şöhrət” ordeninə layiq görülüb.
Sonra nazir “Şöhrət” ordenini yubilyara təqdim etdi.
Öz növbəsində yubilyar
dövlət başçısına, onun sənətini qiymətləndirən
hər kəsə öz təşəkkürünü
bildirdi.
Əslində Yaşar Nurinin
yubileyi bir aktyorun tamaşası kimi yadda qaldı. Gecə boyu
sənətkar həyatının ən yaddaqalan
anlarını tamaşaçılarla bölüşdü.
Hazırcavablığı, yüksək yumor hissi ilə sevilən
Yaşar Nuri yubileyində də özünəməxsus duzlu
improvizələri, gözlənilməz cavabları ilə dəfələrlə
alqışlandı.
Gecədə Teatr Xadimləri
İttifaqının sədri, Xalq artisti, rejissor Azər
Paşa Nemətov, xalq artistləri Ramiz Əzizbəyli,
İlham Namiq Kamal və başqaları Yaşar Nurini ən səmimi
arzularla təbrik etdilər. Xalq artistləri Brilyant
Dadaşova, Azər Zeynalov və başqaları gözəl
musiqi nömrələri ilə gecəyə rəng
qatdılar.
Gecədə Yaşar Nurinin
oynadığı tamaşalardan və çəkildiyi filmlərdən
parçalar nümayiş olundu.
Təranə
Mədəniyyət.-
2011.- 19 oktyabr.- S. 4.