Bakıda
beynəlxalq caz festivalı
Azərbaycan
paytaxtı yenidən caz musiqisinin tanınmış
simalarını bir araya gətirib
Hər
il olduğu kimi, bu il də Azərbaycanın musiqi həyatında
ən yaddaqalan hadisələrdən biri olan Bakı Beynəlxalq
Caz Festivalına start verildi. Məşhur cazmenləri, gənc
ifaçıları bir araya gətirən festival yenə Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və
“Sweet production” şirkətinin təşkilatçılığı
ilə keçirilir.
Oktyabrın 15-də Heydər Əliyev
Sarayında “Bakı Beynəlxalq Caz Festivalı -2011”-in
açılış mərasimi keçirildi. Tədbirdə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
mədəniyyət və incəsənət xadimləri,
musiqiçilər və caz sənəti həvəskarları
iştirak edirdilər.
Mərasimin aparıcısı
Rahib Azəri son illər Azərbaycanda caz musiqisinin təbliği,
inkişafı üçün çox işlər
görüldüyünü vurğuladı, Bakıda ənənəvi
olaraq keçirilən beynəlxalq caz festivallarının da
bu mərama xidmət etdiyini bildirdi. Qeyd olundu ki, oktyabrın
29-dək davam edəcək festival çərçivəsində
dünyanın tanınmış caz ifaçıları
geniş konsert proqramları ilə çıxış edəcəklər.
Həmçinin festival çərçivəsində “Yeni
adlar” layihəsinin də keçiriləcəyi bildirildi.
Sonra səhnəyə
tanınmış amerikalı caz ifaçısı
Reyçel Ferreli çıxdı. Xanım Ferrelinin ifası tamaşaçıların
alqışları ilə müşayiət olundu.
Qeyd edək ki, festival proqramına
Marsio Faraco, Rudreş Mahantappa, “Aleksandr Maşin və
dostları” caz qrupu, De Phazz, Misirli Əhməd, “Yeni adlar” caz
layihəsi, Elçin Şirinov, Şahin Növrəsli, Ben
Vestbeech, Salman Qəmbərov və Yuri Kuznetsov, Cəmil Əmirov
və “Savab” qrupu, İsfar Sarabski, Əfqan Rəsul, Rain
Sultanov, Vaqif Sadıxov və s. musiqiçi və musiqi
kollektivlərinin konsertləri daxildir. Konsertlər Heydər Əliyev
Sarayı ilə yanaşı, Beynəlxalq Muğam Mərkəzi,
Azərbaycan Dövlət Filarmoniyası və Bakı Caz Mərkəzində
gerçəkləşəcək.
Festivalın «Yeni adlar»ı
Oktyabrın 17-də Beynəlxalq
Muğam Mərkəzində “Bakı Beynəlxalq Caz
Festivalı -2011” çərçivəsində “Yeni adlar”
layihəsinin konserti keçirildi. Beynəlxalq mükafatlar
laureatı, Bakı Caz Mərkəzinin solisti Elçin
Şirinovun çıxışları cazsevərlər tərəfindən
alqışlarla qarşılandı. Konsertdə E.
Şirinovun “İlham”, Rafiq Babayevin “Dağlarda bayram ” və
“Qarpız kəsdim” xalq mahnısının motivləri əsasında
hazırlanmış kompozisiya təqdim olundu. Solisti udda
Mircavad Cəfərov, bassda Kana Novikov, zərb alətlərində
Aleksandr Marşin müşayiət etdilər.
Konsertdə Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
oktyabrın 11-12-də keçirilən gənc caz
ifaçılarının respublika festival-müsabiqəsinin
laureatları - Suada Ələkbərova, Tamilla Yaqubova, Orxan
Ağayev, Ləman Abbaszadə, Camal Eminli və Zülfünaz
Nəcəfova çıxış etdilər. Onlara Mədəniyyət
və Turizm Nazirliyinin diplomları təqdim edildi.
Zülfünaz Rəcəbova Mədəniyyət
və İncəsənət Universitetinin tələbəsidir.
Üç ildir, cazla məşğuldur. Cavan Zeynallıdan dərs
alır. Deyir, cazı bilən ifaçı üçün
bütün janrlarda oxumaq asandır. Caz festivalında ilk dəfə
iştirak edir.
Orxan Ağayev bir ildir ki, cazla məşğuldur.
Xüsusi musiqi təhsili olmasa da, bu sahəyə marağı
böyükdür. Beynəlxalq münasibətlər
ixtisası üzrə ali təhsil alıb. Gələcəkdə
Amerikada musiqi təhsili almaq və cazı daha dərindən
öyrənmək istəyir.
Camal Eminli ixtisasca
iqtisadçıdır. Bir çox mahnı müsabiqələrində
iştirak edib. Caz Mərkəzində oxuyur.
Tamilla Yaqubova 7 illik musiqi məktəbini
bitirib. Festivalda ilk çıxışıdır. Bildirdi ki,
çıxışımla insanları caza bir az da yaxın
etmək istəyirəm.
Ləman Abbaszadə Xalq artisti Fidan
Qasımovanın tələbəsidir. Səsi caza yaxın olduğu üçün
festivala qatılıb. Arzusu ölkəmizi
xaricdə keçiriləcək
caz festivallarında təmsil etməkdir.
Suada Ələkbərovanın isə
11 yaşı var. Rostropoviç
adına musiqi məktəbinin şagirdidir. Caza böyük maraq
göstərir. Bir neçə
konsertdə çıxış
edib.
Gənclərin
festivala böyük həvəslə qatıldıqları
aydın hiss olunurdu. Hər bir ifaçı bütün potensialını
göstərməyə çalışır,
sanki caz musiqisinin gözəlliklərini,
dərin və düşündürücü məqamlarını bütünlükdə
tamaşaçılara aşılamağa
çalışırdılar. Konsert maraqla qarşılandı.
Reyhan İsayeva,
Lalə Azəri
Mədəniyyət.-
2011.- 19 oktyabr.- S. 4.