Dünya bir pəncərədir...

 

   Bəxtinə hicran yazılan şair

  

   Hərdən ötənlərə boylananda işıqlı sifəti, böyük ürəyi, insani məziyyətləri ilə çoxundan fərqlənən Vaqif İbrahim yadıma düşür. Yaşasaydı, kim bilir, poetik dünyamızın hansı zirvəsində qərar tutardı. Çox istedadlı, təvazökar və məsuliyyətli qələm sahibi idi. Onun haqqında keçmiş zamanda danışmaq mənə əzab versə də, taleyin hökmünə tabe olmaqdan başqa əlacım yoxdur. Nə yaxşı ki işıqlı əməlləri, gözəl yazıları, insani xüsusiyyətləri ilə yaddaşlarda iz salanlar unudulmur.

  

   Vaqif İbrahim adlı şair yaşardı dünyamızda. Elə həssas idi ki, az da olsa qabiliyyəti, yazı-pozusu olanın qolundan tutub ədəbi aləmə çıxarmaqda qayğısını, köməyini əsirgəməzdi. Elə təmənnasız, xeyirxah, nəcib insan idi ki, bircə kəlmə söyləməzdi «bax, filankəsə bunu mən etmişəm». Belə doğulmuşdu Vaqif, belə yazılmışdı taleyi. Bir yaxşılıq mücəssəməsi, xeyirxahlıq simvolu idi! Həyata «əlvida» deməsindən 30 ilə yaxın vaxt keçsə də, elə bil dünən idi qolumuzdan tutaraq bizi ədəbi aləmə çəkirdi. Cəmi 38 il yaşadı. Amma ədəbiyyatda və qəlblərdə əbədi olaraq qaldı!

   Yaxşı yadımdadır, ötən əsrin 70-80-ci illərində onun rəhbərliyi ilə respublika gənc ədəbi qüvvələrin birliyi fəaliyyət göstərirdi. Hər həftə bir yerə yığışardıq. Bizi dövrümüzün çox məşhur yazıçı və şairləri ilə görüşdürərdi. İndi də bu görüşləri həsrətlə, xiffətlə xatırlayırıq. Mirzə İbrahimov, Xəlil Rza, Rəsul Rza, Süleyman Rüstəm, İsmayıl Şıxlı, Mədinə Gülgün, Balaş Azəroğlu, Ələviyyə Babayeva və onlarca başqaları. Biz bu böyük sənətkarları ilk dəfə məhz o ədəbi birlikdə şəxsən görüb tanıdıq. Vaqif İbrahimin təşəbbüsü ilə o vaxt televiziyada «Sübh şəfəqləri» adlı bir veriliş gedirdi. Demək olar ki, Vaqif şəxsən mənim qolumdan yapışaraq televiziyaya aparardı. Nə qədər qaçmağa, gizlənməyə, bir sözlə, aradan çıxmağa çalışsam da, olmurdu. Ədəbi aləmdə şeirlərimin ilk dəfə çapına, televiziyada və radioda səslənməsinə xeyir-duanı verən Vaqif İbrahim olub və bu ilk dəfələrin sayı çoxdur. Mən Vaqifi həmişə minnətdarlıq hissi ilə, ehtiramla xatırlayıram, ruhuna dualar oxuyuram.

   Vaqif Əliyar oğlu İbrahim 1945-ci il sentyabrın 30-da Şəki şəhərində anadan olub. Orta məktəbi bitirəndən sonra mühəndis olmaq arzusu ilə Neft və Kimya İnstitutunda təhsil alıb. Amma ali məktəbi bitirəndən tamamilə başqa sahədə çalışıb. Əmək fəaliyyətinə jurnalist kimi başlayıb. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor, məsul redaktor, Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri, «Ulduz» jurnalı redaksiyasında ədəbi işçi və nəhayət, 1976-cı ildən vaxtsız ölümünədək (1983-cü il) «Göyərçin» jurnalının məsul katibi olub. O vaxt Baykal-Amur magistralının «Fəxri inşaatçısı» adına layiq görülmüş Vaqif İbrahim Azərbaycan komsomolu, M.Qorki adına Ümumittifaq mükafatları laureatı idi. Bolqarıstanda çıxan «Drujba» jurnalı redaksiya heyətinin üzvü idi. Sağlığında 7 şeir kitabı işıq üzü görmüşdü. «Gənclik» nəşriyyatına təqdim etdiyi «Taleyimə yazılanlar» adlı kitabı isə ölümündən sonra çap edildi. Bunlar onun qısaca bioqrafiyasıdır. Əslində Vaqif İbrahim çox böyük poetik dünyaya malik olan şair idi.

   İndi də nisgillə xatırlayıram ki, hər dəfə təzə kitabı çapdan çıxanda avtoqrafla ilkin pay göndərdiyi adi sənət sahibləri - oxucular olardı. Neçə-neçə mötəbər tənqidçidən, ədəbiyyatçıdan çox oxucu ilə poetik görüşə tələsərdi. Özünün dəst-xətti ilə alqışı, xeyir-duası ilə yazılmış iki kitabı var məndə. Ölümündən sonra çapdan çıxan «Taleyimə yazılanlar» adlı qara cildli kitab mənə göz dağı verdi. Çünki o kitabı mağazadan özüm aldım, Vaqif bağışlamadı. Bəlkə də bu poetik görüşə heç sevinmədim də...

   Ədəbi gənclik barəsində bir fikri yadıma düşür. O deyirdi ki, baharda bütün ağaclar çiçəkləyir, amma hamısı bar gətirirmi? Vaqifin həyat ağacı barlı-bəhərli idi. Amma taleyin qəfil və sərt dönümü işıqlı dünyanı çox gördü ona. Bakıdan Sumqayıta - yerindən evinə gedərkən hansısa naşı bir sürücünün səhvi ucbatından avtomobil qəzasına düşdü. O gecə xəstəxanaya başı alovlu gələn Xalq şairi Bəxtiyar Vahabzadə necə hüznlə həkimlərə yalvarırdı ki, şairi ölməyə qoymayın. Təəssüf ki, heç nəyin köməyi olmadı. Vaqif çox erkən aramızdan getdi. Hələ neçə-neçə əsərlər yazacaqdı, neçə-neçə kitablar müəllifi olacaqdı, ünvanına adlar, təltiflər yol açacaqdı... Amma fələyin yazdığını kim poza bilib ki?! Yaxşı ki şeirləri var, yaxşı ki oğlu Rəşad, qızı Aytən var. Ömrünün bu qanadlı davamçıları Vaqif İbrahimi tanıyanlara bir təsəllidir.

   Vaqifin poeziyasını ürəkdən sevdiyimdən bu şairin yaradıcılığını müntəzəm izləyərdim, amma heç vaxt sözlərinin, kəlmələrinin ahəngindəki məna və çalarların fərqinə indiki qədər dərindən varmazdım. Necə deyərlər, yazdıqlarında öz taleyini axtarmamışdım. Axı nə biləydik ki?! «Toy - bayram etməsin qəm» adlı şeirində oxuyuruq ki, beş oğul atasının ömür çarxı dayanır. Balalarının sayı qədər 40-dan gün çıxırlar və beləliklə, beş gün tez olur qırxı. Vaqifin bu hadisəyə münasibəti indi diqqətimi cəlb edir və məni düşündürür:

  

   Əgər bir gün hamı tək

   Mən ölsəm.... Gözünüzdə

   Toy - bayram etməsin qəm.

   Xeyirxah işlərimi

   Bir-bir toplayın, yığın.

   Onların sayı qədər

   Qırxımdan günlər çıxın.

  

   Heç vaxt etdiyi yaxşılığı dilə gətirməyən Vaqif özünün vaxtsız öləcəyini necə duyubmuş? Duyubmuş, yoxsa sadəcə özünün yaxşılıqlarla dolu ürəyini dilə gətirməyərək sətirlərə, misralara döndərməyi üstün tuturmuş? İçərişəhər haqqında çox yazılıb. Yadda qalanı da var, unudulanı da. Amma Vaqifin bənzətmələri, münasibəti bir başqa aləmdir:

   Axşamüstü

   daş hasarlar arasında

   iri közdür,

   Daş kirpiklər arasında

   parıldayan

   qara gözdür...

  

   İnsanın qəlbi nurla dolu olanda, ürəyi nəcib işlər üçün döyünəndə həyatın gözəlliklərində öz payını görür. Ona elə gəlir ki, qədər sağdır, «Gözün üstə qaşın var» deyən olmayacaq. Ürəyindəki vətən sevgisinə, lazım gələrsə, bu müqəddəslik naminə canından keçmək fədakarlığına, inamına söykənən şair dünyanın həmişə işıqla, səmanın buludsuz olacağına arxayın idi. Çünki:

  

   qədər ki mən varam,

   Bu gözəllik, aydınlıq

   Qalacaqdır beləcə...

  

   Bir tərəfdən sevinirəm ki, Vaqif dünyamızda baş verən qalmaqallardan, didərginlərin, qaçqınların ahlarından xəbəri olmadı. Amma qəmlənirəm ki, bütövlükdə yurdumuzun sovet imperiyasının caynaqlarından qurtulduğunu da bilmədi. Allah, Allah, bağışlasın Vaqifin ruhu məni! tez unutdum ki, o, şair idi. Şairlər ölmürlər ki... Onlar nura qarşı uzanan elə bir yolun yolçularıdır ki, həmişə başımız üstə dayanan ruhları var!

   Vaqif bir şeirində «mənim ömür yolum bir sap deyildi» misrasını işlətmişdi. Unudulmaz Məmməd Araz da söyləyirdi: «Ömür yolu bir addımdır». Bu bircə addımda etmisən? Səndən sonra qalır? Vaqifin cavabı çox mənalıdır:

  

   Payızım, qışım,

   Əlvan yazım var.

   Ancaq dünyada

   Hər şeydən gözəl,

   Hər şeydən əzəl

   Oğlum, qızım var.

  

   Sərtlik onun yumşaq, mehriban təbiətinə yad idi. Adamla elə utana-utana, bəzən çəkinə-çəkinə səmimi söhbət edərdi ki, inana bilməzdin onun nəyəsə acığı tuta bilər, nəyəsə hirslənər. Amma indi şeirlərini oxuyanda görürəm ki, içindəki əsəb misralarında dil açıb: «Məni o yandırır» şeiri bu mənada murdar əllərə, bürokratlara, yalançılara bir nifrət qiyamıdır.

   Vaqif İbrahim həm ülvi istəklər, dərin hisslər şairi idi. Onun misralarının ahəngində öz ürəyi döyünürdü. Duyğularının odu oxucunu riqqətə gətirirdi. İstəyini, məhəbbətini şeirlərində ünvanlanlaşdıran şair kədərində böyük nikbin idi. Dərd çəkən idi, amma dərdin qarşısında əyilməzdi. Onun lirik şeirlərindəki həzin çırpıntılar, ilk sevginin qəm göyərdən həsrəti oxucunu kövrək xatirə cığırları ilə ünyetməz, əlçatmaz, lakin unudulmayan müqəddəs bir ləmə aparır. Hissimizə, duyğumuza doğma olan zərif misraların ahəngindəki titrək nidalar ötən günlərin həsrət şimşəyi bizi bir daha tərpədir. Xəyalın, yaddaşın gücünə qəlbimizdə uyuyanları xatırlayırıq. Vaqif İbrahimin məhəbbətdən, sevgidən, onun qüdrətindən, bir sözlə, həyat eşqindən libas geymiş misralarında sızıltıya, ağlamağa, göz yaşına rast gəlmirik. Amma «Səs düşdü» şeirinin son bəndinə fikir verin:

  

   Ömrüm, günüm ayazdı?

   Kim bəxtimə hicran yazdı?

   İllər məni qocaltmazdı,

   Ömür yolum kəsə düşdü.

  

   Necə yazıb, necə duyub bunu Vaqif? Qəribədir! Demə, özü bilmədən taleyini qələmə alırmış. Hansı hissin gücünəsə bunları yazırmış ki, onu tanıyanlar yana-yana təsəlli tapsınlar, göynəyə-göynəyə heyrətlənsinlər. Bu etirafı dilə gətirməkdən çəkinməsinlər ki, sağlığında özü həssas idi, indi misraları...

   Dünyamızda Vaqif İbrahim adlı bir şair yaşardı. Başı aşağı, utancaq, zahirən sakit, qəlbi tufanlı dəniz olan Vaqif İbrahim! Adam var bircə tikə yaxşılığını görsən, ömrün boyu minnətindən yaxa qurtara bilmirsən. Vaqif - bu ürəyi qələmində göyərən şair qardaşımız hamımıza yaxşılığı utana-utana edərdi. Bir dəfə bu sözləri dilə gətirəndə bir dərdduymazın istehzalı sözləri mənə od vurdu: « vəzifəsi vardı Vaqifin, yaxşılıq eləyərdi Yaxşılıq vəzifə ilə deyil, ürəklədir!

   Vaqif «Göyərçin» jurnalında məsul katib işləyirdi. Öz işi, yazısı, kitabları ilə məşğul ola bilərdi. Amma bu nəcib insan yaradıcı gəncləri başına yığaraq onlara düzgün istiqamət verməyə çalışırdı. Azman sənətkarlarla, böyük şairlərlə bizi görüşdürürdü. Hələ unuda bilmirəm ki, indi respublikamızın tanınmış qələm sahibləri olan Aqil Abbas, Həzi Həsənli, Adil Cəmil, Mahirə Abdulla, Rafiq Yusifoğlu, Sədaqət Kərimova onlarla başqaları məhz bu birliklərdə Rəsul Rzanın, Süleyman Rüstəmin, Məmməd Arazın, Tofiq Mahmudun qarşısında öz şeirlərini oxuyardılar. Vaqif bizi demək olar ki, təkidlə televiziyaya apararaq ictimaiyyətə tanıdırdı. Bu nəcibliyin, bu xeyirxahlığın başqa adı varmı? Allah sənə rəhmət eləsin, Vaqif İbrahim! qədər ki sənin saldığın cığırları ot basmayıb, heç vaxt unudulmayacaqsan...

 

  

   Flora Xəlilzadə,

   yazıçı-publisist

 

  Mədəniyyət.- 2011.- 21 oktyabr.- S. 13.