“Məcburən
doktor”
İrəvan Dövlət Azərbaycan
Dram Teatrı yubiley mövsümünü Molyerin
əsəri ilə açdı
Cəfər
Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı növbəti, 130-cu mövsümün
açılışında tamaşaçıların
qarşısına premyera ilə
çıxdı. Dünya ədəbiyyatının
klassiklərindən sayılan Jan Batist Molyerin “Məcburən
doktor” komediyası sənətsevərlərə
təqdim olundu.
Kollektiv yubiley mövsümünün açılışında sənətsevərləri Səməd Vurğun adına Rus Dram Teatrında qarşıladı. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iştirak edirdi. Tamaşadan əvvəl çıxış edən İrəvan Dö vlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev milli səhnə sənətimizin inkişafında özünəməxsus yeri olan teatrın keçdiyi yola nəzər saldı. Bildirdi ki, 130 il öncə fəaliyyətə başlayan teatr Azərbaycan mədəniyyətinə və incəsənətinə görkəmli aktyor və aktrisalar, rejissorlar bəxş edib. 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların tarixi yurdlarından zorla deportasiyası nəticəsində İrəvan Teatrının kollektivi də doğma sənət ocağını tərk etməli oldu, teatrın bütün əmlakı talandı. Sonrakı dövrdə teatr Azərbaycan dövlətinin dəstəyi, kollektiv üzvlərinin zəhməti, ayrı-ayrı ziyalıların qayğısı sayəsində ayaqda qalmağı bacardı: “Azərbaycan prezidentinin sərəncamı ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illiyi geniş şəkildə qeyd olundu. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi fəaliyyətimiz üçün lazım olan bütün şəraiti yaradıb. Biz də bu diqqət və qayğıya öz yaxşı işimizlə, maraqlı tamaşalar hazırlamaqla cavab verməyə çalışırıq”.
Direktorun çıxışından sonra tamaşaçılar Molyerin qəhrəmanları ilə baş-başa qaldılar.
Molyerin qəhrəmanları
hələ də aramızdadır
Jan Batist Molyerin qələmindən çıxan komediyalar dünyanın əksər ölkələrində səhnəyə qoyulub. Azərbaycan tamaşaçıları da Molyer qəhrəmanlarını müxtəlif teatrlarımızın səhnəsində görüblər. Teatrlarımız dahi fransızın “Tartüf”, “Skapenin kələkləri”, “Xəsis” pyeslərini səhnələşdiriblər. İrəvan Dövlət Azərbaycan Dram Teatrı dramaturqun məşhur əsərlərindən birini “Məcburən doktor” adı ilə tamaşaya hazırlayıb.
Əsərə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı laureatı Oruc İzzətoğlu quruluş verib. O, həm də tamaşanın quruluşçu rəssamıdır. Musiqi tərtibatı Miranda Qurbanovaya məxsusdur. Tanınmış rəqqas Tahir Eynullayev isə xoreoqraf kimi tamaşanın hazırlanmasında iştirak edib.
Deməli belə, kasıb aktyor Sqanarel (Əmrulla Nurullayev) çətin dolanışıqdan, ailədəki sıxıntılardan bezib. Şərab içmək və arvadı Martinanı (Xalq artisti Tamella Abdullayeva) aradabir kötəkləməklə ömür sürür. Martina isə ərindən əvəz çıxmaq üçün fürsət gəzir.
Bu arada Valer (Niyaməddin Səfərəliyev) və Luka (Əjdər Zeynalov) yaxşı həkim axtarırlar. Çünki Jerontun (Əməkdar artist Vaqif Kərimov) qızı Lüsənd (Tutu Əliyeva) xəstələnib.
Sqanareldən əvəz
çıxmaq üçün bundan yaxşı fürsət? Martina Valer
və Lukaya başa salır ki, Sqanarel əsl
onlar axtaran həkimdir. Necə deyərlər, lap ölü dirildəndir.
Amma bir pis xüsusiyyəti
var - kötəklənməyincə
bacarıqlı həkim
olduğunu etiraf etmir. Valer və Luka bu
sözlərə inanınca
Sqanareli yaxşı kötəkləyirlər. Üstəlik babat da pul verirlər. Pul kisəsini görüncə
Sqanarel həkim olmağa razılaşır.
Jerontun yanında özünü
əsl təbib kimi aparan başabəla
həkim savadlı görünmək üçün
Aristoteldən “sitatlar”
gətirir, hətta Hippokratın canına belə and içir.
Fürsətdən istifadə edib
dayə Jaklinanı (Əməkdar artist Esmiralda
Şahbazova) da ələ keçirməyə
çalışır. Qızını imkanlı adama
ərə verməyə
hazırlaşan Jeront
onun bu hiyləsinə
tez uyur və xeyli pulundan
keçir.
Sonda başabəla həkimin
fırıldaqçının təki olduğu aydınlaşır. O da
məlum olur ki, Lüsəndin heç bir xəstəliyi yoxdur. Sadəcə,
atasının tapdığı
varlıya yox, sevdiyi oğlana ərə getmək istəyir.
Qeyd edək ki, tamaşada yaradıcı heyətin əməyi boşa getməyib. Səhnə əsəri, o cümlədən
rejissor yozumu maraqla qarşılandı.
Rejissor Oruc İzzətoğlu müxtəlif
teatrların səhnəsində
Cəfər Cabbarlının
“Aydın”, Hüseyn Cavidin “Afət”, Mir Cəlalın “Dirilən adam”, Anarın “Beşmərtəbəli evin
altıncı mərtəbəsi”,
Elçinin “Mahmud və
Məryəm” əsərlərinə
uğurlu quruluş verib. Molyerin dramaturgiyasına müraciət edən rejissor bu günlə
səsləşən səhnə
əsəri yaradıb.
Səhnədə baş verənləri
izləyən hər bir tamaşaçı bir daha əmin
olur ki, yazılmasından üç
əsrdən çox
keçməsinə baxmayaraq,
Molyerin qaldırdığı
məsələlər indi
də aktualdır, dahi dramaturqun qəhrəmanları bu gün də aramızdadır. Yalançılar, pul hərisləri cilddən-cildə girərək
ətrafdakı insanları
aldada bilirlər.
Oruc İzzətoğlunun quruluşçu
rəssam işi də maraqlıdır.
Səhnə əsərindən bəhs edərkən baş rolun ifaçısı Əmrulla
Nurullayevin təbii oyununa, səhnə plastikasına toxunmamaq mümkün deyil. Aktyor öz ifası ilə Sqanarelin bütün xarakterini açmağı bacarır.
Xalq artisti Tamella Abdullayeva, əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, gənc aktrisa Tutu Əliyeva, aktyorlar Əjdər Zeynalov, Niyaməddin Səfərəliyev
maraqlı ansambl yaratmaqla tamaşanın canlı, baxımlı və inandırıcı
alınmasına nail olubrlar.
Yəqin ki, “Məcburən doktor”un ayağı
düşərli olacaq.
İrəvan Dövlət Azərbaycan
Dram Teatrı 130-cu mövsümündə
tamaşaçılarını uğurlu tamaşalarla sevindirə biləcək.
Etibar Cəbrayıloğlu
Mədəniyyət.-
2011.- 21 oktyabr.- S. 12.