Gənclərin
sənət uğurları
Gənclik
insan həyatının elə bir dövrüdür ki, bu
dövrdə gördüyü hər bir iş,
atdığı hər bir addım gələcək həyatda
pillə-pillə öz izini qoyur, əldə etdiyimiz hər
bir nailiyyət növbəti uğurlara yol açır. Bu
gün yaradıcı gənclərimizin uğur
qazandığı sahələrdən biri də teatr sənətidir.
Teatrlarımızda çalışan, tanınıb sevilən,
sənətdə özünü təsdiq edən gənclər
az deyil. Onlardan üçü - Dövlət Akademik Milli Dram
Teatrında çalışan Məsmə Ağaverdiyeva,
Elşən Cəbrayılov və Sərdar Rüstəmovla
görüşüb qısa söhbət etdik.
Rejissor olmaq istəyirdi, aktrisa oldu
Məsmə Aslan qızı
Ağaverdiyeva 1978-ci ildə Bakıda anadan olub.
Uşaqlıqdan sənətə marağı olub. Orta məktəbi
bitirəndən sonra sənədlərini Mədəniyyət
və İncəsənət Universitetinin rejissorluq fakültəsinə
verir. Qabiliyyət imtahanında Xalq artisti Şəfiqə Məmmədova
onun çıxışını bir şərtlə qəbul
edir: sənədlərini rejissorluğa deyil, aktyorluğa
versin. Məsmə də anası ilə məsləhətləşib
razılaşır. Sonra tələbəlik həyatı
başlayır. Müsahibim bildirir ki, Həsənağa Turabov
və Azər Paşa Nemətovun sayəsində birinci kursdan
Akademik Milli Dram Teatrında çalışmağa
başlayıb. 1995-ci ildən taleyini bu sənət
ocağı ilə bağlayıb. İlk rolu Xalq
yazıçısı Elçinin “Ah, Paris Paris“ əsərinin
tamaşasında Nurbəniz rolu olub. 2000-ci ildə “İlin ən
yaxşı gənc aktrisası” adına (Elçinin “Mənim
ərim dəlidir” tamaşasında falçı
Ağabacı roluna görə), 2003-cü ildə
“Qızıl Dərviş“ mükafatına, 2007-ci ildə isə
“Əməkdar artist“ fəxri adına layiq görülüb.
Prezident mükafatçısıdır. Hazırda teatrda
hazırlanan “Xanuma“ (A.Saqareli) tamaşasında Keto və
İ.Əfəndiyevin “Sən həmişə mənimləsən“
pyesində Nargilə rolu üzərində işləyir.
O
elə bu teatrda böyüyüb
Respublikanın Əməkdar
artisti, Prezident təqaüdçüsü Elşən
Şahin oğlu Cəbrayılov 1977-ci ildə anadan olub. Mərhum
aktyorumuz Şahin Cəbrayılovun ailəsində dünyaya gəldiyindən
səhnə ona doğma və əzizdir. İlk
addımlarını Musiqili Komediya Teatrında balet artisti kimi
atan Elşən sonradan taleyini atasının
çalışdığı bu sənət ocağı ilə
bağlayıb. Milli Dram Teatrının səhnəsində
“Müsyö Jordan və dərviş Məstəli şah”,
“İnsan səsi“ və s. tamaşalarda oynayıb.
Hazırda çox gərgin iş
rejimində çalışdığını deyir. Bu
günlərdə premyerası keçirilən “Qanlı
Nigar“, hazırda məşqləri gedən “Xanuma”
tamaşalarında rol alıb. Teatrda Bəsti Cəfərova,
Firəngiz Mütəllimova, Səidə Quliyeva, Hacı
İsmayılov, Ələsgər Məmmədoğlu, Cəfər
Namiq Kamal, Zemfira Nərimanbəyova və başqaları ilə
çiyin-çiyinə çalışdığından fəxrlə
danışır.
Aktyorluqla yanaşı, rəssamlıq, rəqs sənətində də uğurlar əldə etsə də, təvazökarlıq edərək özü haqqında çox danışmaq istəmir: “Teatr mənim taleyimdir. Körpəliyimdən teatrda böyümüşəm, burada böyük sənətkarları görmüşəm”. Oktyabrın 24-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək teatr festivalında ölkəmiz Elşənin rol aldığı “İnsan səsi“ tamaşası ilə təmsil olunacaq. Tamaşada onun tərəf-müqabili Xalq artisti Bəsti Cəfərovadır.
Elmi iş yazmağa
da vaxt tapıb
Sərdar Mənsur oğlu
Rüstəmov 1981-ci ildə
Şamaxı rayonunda anadan olub. Mədəniyyət və İncəsənət
Universitetində Xalq artisti Həsənağa Turabovun kursunu bitirib. “Aktyorun obraz üzərində yaradıcılıq işinin
əsas mərhələləri”
mövzusunda elmi iş müdafiə edib. Elmi rəhbəri Xalq
artisti Əliabbas Qədirov olub.
Teatrda ilk işi rejissor Vaqif İbrahimoğlunun hazırladığı “Lənkəran
xanının vəziri“ tamaşasında kiçik rol (beşinci ərizəçi)
olub. Bundan sonra işə
götürülüb. Teatrda çalışmaqla yanaşı,
televiziya tamaşalarında,
filmlərdə rol alıb.
Sonuncu çəkildiyi ekran əsərləri M.Bədirzadənin
“Ünvansız sevgi “ serialı və
R. Həsənoğlunun quruluş
verdiyi “Mürafiə vəkilləri” televiziya tamaşasıdır.
Hazırda teatrda “Qarabağnamə”
(İ.Əfəndiyev) tamaşasında
Əbülfət xanı,
“Mesenat” (Ə.Əmirli)
Gənc rolunu oynayır. “Xanuma”da
iki rol - şərabçı və
knyaz rolları ona həvalə olunub.
Gənc olmalarına baxmayaraq
sənətdə müəyyən
nailiyyətlər əldə
etmiş aktyorlara daha böyük sənət uğurları
arzulayırıq.
Lalə Azəri
Mədəniyyət.- 2011.- 21
oktyabr.- S. 12.