Müstəqillik
illərində milli kinomuz
necə inkişaf edib?
Ölkənin
tarixində, siyasi-iqtisadi həyatında baş verən
köklü dəyişikliklər onun mədəniyyətində
də dərin izlər qoyur. Bu baxımdan 20 il əvvəl
Sovet İttifaqının süqutu və Azərbaycanın
qapalı bir siyasi sistemdən çıxaraq müstəqilliyə
qovuşması incəsənətimizdə, o cümlədən
kinoda yeni səhifə açdı. Müstəqilliyimizin ilk
illərində, bütün sahələrdə olduğu kimi,
kino sənayesində də böhran müşayiət olundu.
Lakin 90-cı illərin əvvəlində
ağır müharibə və iqtisadi çətinliklər
şəraitində yaşayan Azərbaycanda bir neçə
uğurlu və vətənpərvərlik ruhunu əks etdirən
ekran əsəri çəkildi. Bu sırada mərhum rejissor
Ceyhun Mirzəyevin Qarabağ müharibəsindən bəhs edən
“Fəryad” filmini (1993, ssenari müəllifi Vaqif Mustafayev)
xüsusi qeyd etmək lazımdır. Sonrakı illərdə
lentə alınan “Ağ atlı oğlan” (1995, rejissor Ənvər
Əbluc), “Hər şey yaxşılığa doğru”
(1997, ssenari müəllifi və rejissor Vaqif Mustafayev) və s.
filmlər müharibə dövrünü əks etdirirdi.
Kinoşünas Aydın Kazımzadə
90-cı illərin çətin keçid dövrünün əksər
postsovet ölkələrində yaşandığını
bildirdi: “Böhranlı vəziyyət kinodan da yan ötmədi.
Azərbaycan kinematoqrafçılarının yeganə iş
yeri sayılan C.Cabbarlı adına kinostudiyada iş faktiki
olaraq dayandı, laboratoriya bağlandı, pavilyon yararsız
hala gətirildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra kinostudiyanı bu vəziyyətdən
çıxarmaq üçün tədbirlər görülməyə
başlandı. “Azərkinovideo” ləğv edildi və kino
istehsalı üzrə bütün səlahiyyətlər o
vaxtkı Mədəniyyət Nazirliyinə verildi. Bundan sonra
milli kinomuz dirçəlməyə başladı. Bununla
yanaşı, kinoda kadr problemi vardı. Sonrakı mərhələdə
bu problem də aradan qaldırıldı, kinoya gənclərin
gəlişinə geniş imkanlar yaradıldı, kinonun inkişafı
ilə bağlı dövlət proqramı qəbul olundu. Bu
gün Azərbaycanda istehsal edilən filmlərin sayında və
keyfiyyətində inkişaf müşahidə olunur”.
Aydın Kazımzadə sovetlər
dövründə respublikada çəkilən filmlərin
beynəlxalq festivallara çıxa bilmədiyini qeyd edərək
bu gün Azərbaycan filminin hətta “Oskar” mükafatına
belə təqdim edildiyini vurğuladı: “Gənc
kinematoqrafçılarımız xüsusilə beynəlxalq
festivallarda fəal iştirak edir, uğurlar qazanırlar.
Ümid edirəm ki, istedadlı gənclər gələcəkdə
Azərbaycan kinosunun tarixində yeni uğurlara imza atacaqlar”.
Artıq üçüncü
tammetrajlı bədii filmini çəkən kinorejissor Samir Kərimoğlu
da Azərbaycan kinosunda yeni adların bu sahəyə yeni
uğurlar gətirəcəyinə inanır: “Kinoya dövlət
qayğısı, xüsusən gənclərin kinoya gəlməsi
üçün yaradılan şərait son illər çəkilən
filmlərlə özünü büruzə verir. Kino biznesi,
kino istehsalatı durmadan genişlənir. Tammetrajlı,
qısametrajlı, sənədli, bədii, hətta cizgi filmi
istehsalı üzrə həm gənclər, həm də
yaşlı nəslin nümayəndələri maraqlı
filmlər çəkir. “Sahə”, “İlahi məxluq” filmlərinin
adını çəkmək istərdim. Rejissor kimi mənim
Azərbaycan kinosunda az da olsa payım var. Hazırda Qarabağ
müharibəsinə həsr olunmuş “Mən evə
qayıdıram” filminin montaj prosesi gedir. Film haqqında onu deyə
bilərəm ki, texniki göstəricilərinə görə
heç də əcnəbi filmlərdən geri qalmır.
Bundan sonra da çalışacağam ki, kinomuz
üçün daha layiqli işlər görüm”.
“Sahə” filmi ilə Azərbaycan
kinosuna bir neçə mükafat gətirən rejissor
İlqar Safat da kinonun inkişafından danışdı:
“Uzun illər Vətəndən uzaqda işləməyə məcbur
idim. Bu böyük təcrübə qazanmağıma səbəb
oldu. İndi burada işləmək və öz
yaradıcı potensialımı vətənimdə həyata
keçirmək imkanım var. Çox xoşdur ki, “Sahə”
filmi Azərbaycan hüdudlarını aşdı. Film haqqında
Amerika, Avropa və Rusiya kino tənqidçiləri öz
fikirlərini bildiriblər və onların çoxu müsbət
rəy daşıyır. Yerli
tamaşaçılarımız da filmi bəyəndi. Azərbaycan
kinosunun kinoteatr problemi var və indi onun həlli
üçün müəyyən işlər
görülür. İstərdim ki, Azərbaycan
tamaşaçısı kinoteatrlara qayıtsın və bizim
bütün yeni filmlərimizi seyr etmək imkanına malik
olsun. Gənc rejissorlara isə dövlət, Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən yaradılan imkanlardan
maksimal dərəcədə istifadə etməyi
arzulayıram”.
Ötən 20 il milli kinomuzun tarixində də
özlüyündə bir mərhələdir. Xüsusilə
son 10 ildə yaradılan ekran əsərləri bu sahədə
qazanılan uğurlardan xəbər verir. Bu illərdə kino
tariximizə maraqlı filmlər əlavə olunub: “Milli bomba”
(2004), “Küçələrə su səpmişəm”
(2004), “Girov” (2005), “Yalan” (2006), “Qala” (2008), “Niyyət” (2009),
“İlahi məxluq” (2009), “Sahə” (2010) və s. 2007-ci ildən
başlayaraq hər il keçirilən “Bu meydan, bu ekran” kino
müsabiqəsi gənclərin kinoya gəlməsinə əlavə
imkanlar açıb. Növbəti onilliklərdə Azərbaycan
kinosunu dünya bazarında daha parlaq görmək ümidilə...
Reyhan İsayeva
Mədəniyyət.- 2011.- 21
oktyabr.- S. 10.