Ölkəmiz Daşkənd kinofestivalında
təmsil olunur
Oktyabrın 19-da Özbəkistanın
paytaxtı Daşkənd şəhərində “Qızıl
gepard” (“Golden Guepard”) beynəlxalq kino festivalı işə
başlayıb. Özbəkistanın "Mədəniyyət
və İncəsənət Forumu" Fondunun "Özbəkkino"
şirkəti ilə birgə təşkil etdiyi kinoforumun
müsabiqə proqramı üç bölmədən
(tammetrajlı, qısametrajlı və animasiya filmləri) ibarətdir.
Forumda Azərbaycan, Almaniya, ABŞ,
Rusiya, İspaniya, Litva, Çin, İran, Polşa, Fransa,
İsveçrə, ümumiyyətlə 40-dan artıq ölkədən
gəlmiş aktyor, rejissor, prodüser, kinotənqidçi və
ssenarilər iştirak edirlər.
Qısametrajlı filmlər
müsabiqəsində Azərbaycanı “İmper Qrup”
prodüser mərkəzinin istehsal etdiyi “Bir addım”
qısametrajlı filmi təmsil edir. Film 2009-cu ildə Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan bu ekran - 2008”
müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub. Filmin
rejissorları Fariz Əhmədov və Nərgiz
Bağırzadə, ssenari müəllifləri Alina Abdullayeva
və Nərgiz Bağırzadə, quruluşçu operatoru
Tarıverdi Tarıverdiyev, quruluşçu rəssamı
Şahin Həsənli, bəstəkarı Rauf Əliyevdir.
Filmdə baş rollarda Gülzar Qurbanova, Pərviz Məmmədrzayev
və Nərminə Kərimova çəkiliblər.
Kinoforumda həmçinin rejissor
İlqar Nəcəfin "Buta" bədii filmi də
iştirak edir. Film oktyabrın 22-də nümayiş etdiriləcək.
Oktyabrın 25-dək davam edəcək
kinoforumda "Ən yaxşı bədii film", "Ən
yaxşı rejissor işi", "Ən yaxşı
qadın rolu", "Ən yaxşı kişi rolu",
"Ən yaxşı animasiya filmi, "Ən yaxşı
qısametrajlı film" nominasiyaları üzrə qaliblər
müəyyən ediləcək.
Mədəniyyət.-
2011.- 21 oktyabr.- S. 10.