Azərbaycan
mətbəxi əcnəbiləri heyran edir
Ölkəyə turist cəlb etməyin mühüm
vasitələrindən biri də milli mətbəx nümunələridir
Oktyabrın 20-si Beynəlxalq Kulinariya Günüdür.
Artıq dördüncü ildir ki, bu gün Milli Kulinariya
Assosiasiyasının təşəbbüsü ilə ölkəmizdə
də qeyd edilir. Azərbaycan dünyada zəngin mədəniyyəti
ilə bərabər, zəngin mətbəxi ilə də
tanınır. Milli mətbəximizdə 2 minədək
xörək növü məlumdur. Hələ XVIII əsrdə
ingilis səyyahı Entoni Cenkinson yazırdı ki,
Şamaxıda Abdulla xanın qonağı olarkən nahara 150
çeşiddə xörək gətirilmiş, süfrə
yığışdırıldıqdan sonra isə daha 140
xörək növü təqdim olunmuşdu.
Aleksandr Dümadan kabab resepti
Ümumiyyətlə, zaman-zaman
ölkəmizə gələn əcnəbi səyyahlar öz
xatirələrində milli mətbəximizin zənginliyi barədə
qeydlərə xüsusi yer ayırıblar. 1858-ci ildə
Qafqaza səfər edən, sonradan təəssüratlarını
qələmə alan məşhur fransız
yazıçısı Aleksandr (ata) Düma «Qafqaza səfər»
adlı əsərində Azərbaycandan bəhs edərək
tarixi-memarlıq abidələrimiz, mədəniyyətimiz, adət-ənənələrimizlə
yanaşı, milli yeməklərimizdən də söz
açır. Yazıçı əsərdə Azərbaycan
mətbəxindən danışaraq oxucularına kabab
bişirmə resepti də təqdim edir: “Mən səyahət
etdikcə öz biliklərimi artırıram. Belə ki, bir ləzzətli
xörək növünə rast gələndə, elə həmin
dəqiqə onun necə hazırlanmasını soruşub
yazıram. Kabab mənim səyahət boyu rast gəldiyim ən
dadlı, ən ləzzətli yeməkdir. Onu Fransada məşhur
olan yeməklərin siyahısına daxil etmək olar. Odur ki, əziz
oxucular, indi mən sizə kababı necə hazırlamağın
təhərini deyəcəyəm. Əminəm ki, siz onu
bişirib yeyəndə məni minnətdarlıqla yad edəcəksiniz.
Nə isə...Bir parça qoyun əti götürün, əgər
tapa bilsəniz, döş əti olsun. Onu tikə-tikə
doğrayın, soğan, duz, istiotla qarışdırıb
basdırma edin. Onu bir qaba yığın və 15 dəqiqə
saxlayın. Manqal qalayıb köz düşənə qədər
gözləyin, tikələri dəmir və ya ağac
şişlərə keçirib, odun üstündə
qızarana qədər o tərəfə - bu tərəfə
çevirin. Sonra isə yeyin. Əgər imkanınız olsa, əti
basdırma edərək bir gecə saxlayın. Kabab bişəndən
sonra onun üstünə bir az sumax əlavə edin. Onda daha
da ləzzətli olacaq. Tələssəniz, bunlarsız da
keçinmək olar. Əgər şiş tapmasanız - birdən
elə ölkəyə düşərsiniz ki, orada heç
şişin nə olduğunu bilməzlər, onda tüfənginizin
süngüsündən şiş kimi istifadə edin”.
Yazıçı Dərbənddən
Bakıya gələrkən Sumqayıt
yaxınlığında azərbaycanlıların onu
duz-çörəklə qarşıladığını və
təzə bişirilmiş çörəyə - lavaşa
qonaq etdiklərini qeyd edir və lavaşın
hazırlanması haqqında belə yazır: “O çox tez
başa gələn iş idi. Təzə yoğurulmuş xəmirdən
kündə kəsir, ayaqlının üstündə
yayır, sonra onu közlə qızdırılmış
sacın üstünə qoyurdular. Bizim qadınlar müxtəlif
piroqlar bişirdikləri kimi, əvvəl onun bir tərəfini
bişirir, sonra çevirirdilər ki, o biri tərəfi də
bişsin. Onu isti-isti yeyirdilər. Bu, dadına görə
bizim kəndlərdə bayram şənlikləri zamanı
satılan, yeyəndə xırtıldayan kökələrə
bənzəyir”.
Səfər zamanı azərbaycanlıların
fransalı qonaqları saciçiyə qonaq etmələrini isə
yazıçı belə təsvir edir: “Sonra isə dəstədəki
kişilərdən biri divardan asılmış ətdən
bir parça kəsib xırda tikələrə bölüb,
üstünə duz tökdü. Tikələri çörək
bişirdikləri sacın üstünə qoydular. Ət
tüstülənə-tüstülənə
cızıldamağa və qızarmağa başladı. Sən
demə, bunu bizim üçün bişirirlərmiş.
İşarə etdilər ki, buyurun yeyin. Biz xəncərlərin
qınına bağlanmış kiçik bıçaqla əla
qızardılmış tikələri götürərək
duz-çörəklə yeməyə başladıq.
Çox vaxt təmtəraqlı stol arxasında, gözəl
xidmət göstərilərək verilən yeməkdən
bu, daha ləzzətli idi. Avropada bu gün az tanınan
böyük Xəzər gölü sahillərində şam
etmək başqa aləm idi”.
Ömründə ilk dəfə məhz
Azərbaycanda plov yeyən A.Düma “Qafqaza səfər” əsərində
dəfələrlə bu dadlı xörəyin də
adını çəkir. Şamaxıda olarkən, şəhərin
ən varlı şəxslərindən biri olan Mahmud
ağanın evində təşkil olunmuş milli musiqi gecəsi
və şam süfrəsi haqqında yazır: “Mahmud
ağanın evi Dərbənddən Tiflisə qədər
gördüyüm evlərin ən gözəli idi. O, Şərq
memarlıq üslubunda tikilmiş qiyamət bir imarət idi...
Rəqs başa çatdıqdan sonra şam yeməyinə dəvət
olunduq. Xörəklərin ən əsası - yanında
nardança və yağ olan beçə ətindən
turşulu-döşəməli plov idi”.
Turistlərə milli yeməklərimiz barədə məlumat
verilir
Azərbaycan turizminin dünyada
tanıdılmasında zəngin milli mətbəximizin
xüsusi yeri var. Bunun üçün isə ilk növbədə
ölkəmizə gələn qonaqlara mətbəximizin
lazımi səviyyədə təqdim olunması vacibdir.
AHİK-in Turizm və Ekskursiyalar Şurasının baş təlimatçısı,
tanınmış bələdçi Əlixan Mürvətovun
sözlərinə görə, 2012-ci ildə ölkəmizdə
keçiriləcək «Eurovision» mahnı müsabiqəsi bu
baxımdan mühüm bir fürsətdir: “Təbii ki,
müsabiqə ilə bağlı Bakıya gələcək
qonaqlara Avropa mətbəxi nümunələri də təqdim
olunacaq. Amma yenə də üstünlük milli
kulinariyamıza veriləcək. Bizim mətbəximiz çox
kalorilidir. Kabab gələn qonaqlar tərəfindən
yaxşı qarşılansa da, onu sutkanın bütün
saatlarında yemək düzgün deyil. Bizim elə qədim
yeməklərimiz var ki, onlar artıq unudulmaq ərəfəsindədir.
Məsələn, cızbızın müxtəlif formada
hazırlanma qaydası mövcuddur. Bunu xüsusi qaydada təqdim
etmək lazımdır. Və yaxud rəngarəng
çeşidli salatlarımız var. Bir sözlə,
qonaqlarımıza milli yeməklərimizi geniş şəkildə
təqdim etməliyik».
Bələdçilik fəaliyyəti
ilə əlaqədar olaraq xarici turistlərlə tez-tez bir
yerdə olduğunu deyən mütəxəssis bildirir ki,
turistlər milli yeməklərimizə böyük maraq
göstərirlər: “Turistlərə təqdim edilən
xörəklərimizin hazırlanma qaydası haqqında da ətraflı
məlumat veririk. Çox vaxt aşpazlar yeməklərin təqdimatını
keçirirlər. Əksər hallarda turistlər kağız-qələm
götürüb xoşlarına gələn yeməklər
haqqında aşpazlardan ətraflı məlumat da alırlar”.
Həmsöhbətimiz qeyd etdi ki,
Şərq üslubunda bişirilən yeməklər
arasında Azərbaycan yeməkləri üstünlük təşkil
edir. Bunu ölkəmizə gələn qonaqlar özləri də
etiraf edirlər.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 21 oktyabr.- S. 9.