Ədəbiyyatımızın
böyük dayağı
Mirzə İbrahimov - 100
Müqəddəs işıq
II
yazı
“Gələcək
günün yazıçısı”
Həyat Mirzə İbrahimovu erkən
yaşlarından sınağa çəkdi. Körpə
yaşlarından hər iki valideynini itirib amansız həyatla
üz-üzə gəldi. Göydə Allaha, yerdə ürəyinin
səsinə qulaq asıb arzuların dalınca getdi. Bu yol
aclıqdan, susuzluqdan, 37-ci ilin ölüm saçan
anlarından, ikinci dünya müharibəsinin odundan-alovundan,
50-ci illərin “millətçi” damğasından ötüb
keçdi. Nə yaxşı ki, Allahın
yazdığını bəndə poza bilmir. Mirzə
İbrahimov öz taleyini yaşadı. Zəngin ədəbi
yaradıcılığı, böyük elmi irsi ilə
yanaşı, ictimai xadim kimi zəmanəsinin qəhrəmanına
çevrildi. Qəhrəmanlar isə unudulmur...
Xalq yazıçısı, dramaturq, publisist, akademik,
ictimai xadim Mirzə İbrahimovun 100 illik yubileyi ərəfəsində
yazıçının qızları - Xalq artisti, professor
Sevda İbrahimova və “Literaturnı Azerbaydjan”
jurnalının baş redaktoru Solmaz İbrahimova ilə
görüşdük. Onlar ataları ilə bağlı xatirələrini
bizimlə bölüşdülər.
Sevda İbrahimova:
- Hər insanın ata-anası ona əzizdir.
Zaman keçdikcə bunu daha dərindən başa
düşürük. Övlad üçün ata-ana bir məfhumdur,
onları ayrı təsəvvür edə bilmərik. Atam həyatın
çətin sınaqlarından, əzablı yollarından
şərəflə keçmiş, sənət və elm fədaisi
kimi xalqına xidmət etmişdir. Ona görə də
atamın özünə, öz sənətinə dərin məhəbbəti
və tələbkarlığı mənim üçün əvəzsizdir.
Düşünürəm ki,
atamın xoşbəxtliklərindən biri də anam kimi
gözəl və qayğıkeş bir həyat
yoldaşının olmasında idi. Anam Sara xanım məşhur
tarzən Qurban Pirimovun qızı idi. O, Azərbaycan Dövlət
Konservatoriyasında təhsil almış, ilk azərbaycanlı
pianoçu qadınlardan biri olmuşdur. Gözəl
musiqiçi olsa da, ailə qurandan sonra həyatını bizə
və atama həsr etdi. Anam olduqca fədakar qadın idi. Atamla
anamın münasibəti isə xüsusi qeyd
olunmalıdır. Atamla anam mənim üçün
ayrılmazdır. Bu iki insan bir-birini tamamlayırdı. Belə
ailələr tək-tək olur.
Sevda xanımın “Atama
çatmayan məktub”undan sətirlər: “Bizim evdə həmişə
Azərbaycan xalq mahnıları, Üzeyir bəyin, Baxın,
Bethovenin, Şopenin musiqiləri səslənər, Azərbaycan
və dünya ədəbiyyatının inciləri ilə
tanışlıq, gözəl incəsənət əsərləri,
teatr tamaşaları və konsertlər haqda şirin söhbətlər
olardı...”.
“Atam olduqca sadə insan idi”
- Allah atama yaxşı dostlar nəsib etmişdi. Onlar dar gündə də, xoş gündə də atama qardaş, bacı olublar. Aralarında yaş fərqinin olmasına baxmayaraq Üzeyir Hacıbəyli ilə atam bir-birlərinə
böyük hörmət
və məhəbbət
bəsləyiblər. Səməd Vurğun,
Abdulla Şaiq, Rəsul
Rza, Sabit Rəhman, Nigar Rəfibəyli və neçə-neçə böyük
sənətkarlar o zamanın
ədəbi-bədii mühitində
bir-birə dayaq olublar. Onların hamısı bizim
evin əzizləri idilər.
O zamanlar bir çox görkəmli insanların
- bəstəkar, şair
və yazıçıların
yaşadığı bir
ünvan vardı: Xəqani, 19. 1938-ci ildə “Həyat” pyesinin premyerası olur. O zamana qədər Mirzə İbrahimov kirayədə
yaşayırdı. Həmin
premyeradan sonra Mirzə İbrahimova ev verirlər.
Yazıçı ömrünün axırına qədər
bu ünvandakı mənzildə yaşayır.
Ali Sovetin Rəyasət
Heyətinin sədri olarkən ona daha geniş mənzil təklif olunsa da, o həmin
mənzildən imtina edir.
- Atam olduqca sadə insan idi. Vəzifədə olanda da, vəzifədən
gedəndə də heç dəyişmədi.
Çünki atam yüksək
amallarla, yüksək
ideyalarla yaşayırdı.
Vətənini, torpağını, xalqını, sadə, səmimi, ürəkli, dürüst insanları sevərdi. Bizi zəhmətə, əməyə öyrədirdi.
Mirzə İbrahimovun qızı Sevdaya yazdığı məktubdan sətirlər:
“Sevda bala! Yazmaq barədə hər gün düşün, hər gün işləməyə
çalış, az da olsa,
bir saat, iki saat da
olsa, işlə, onda əsər yaranır. Mən sənin üçün
bunun çətinliyini
başa düşürəm,
ancaq yazmayanda darıxacağını, ruhən
əzginlik hiss edəcəyini
də bilirəm.
Buna görə də çalış müəyyən saatlarda işlə. Ancaq darıxma,
əsər yavaş-yavaş
yaranır. Mən romanı
düşünəndə, stolun dalında günlər və saatlarla oturub heç bir şey yaza bilməmişəm
- yazıb pozmuşam.
Demə, elə o əzablı dəqiqələrdə
əsər yaranırmış”
16 fevral 1969-cu il.
Mirzə İbrahimov başqa bir məktubda yazır: “Sevda, operanın birinci pərdəsini qurtarmağın,
onun üzərində
ciddi işləməyin
məni lap sevindirdi. Ancaq iş, xüsusən yaradıcılıq işi
hər cür darıxmağa və qəm-qüssəyə qarşı
ən yaxşı dərmandır. Yadında saxla, mənim
həyatımda elə
ağır və faciəli dönüşlər
olub ki, əgər yazıb-oxumasaydım,
özümü öldürməli
olardım. Səadət ancaq əməkdədir, qızım!”
28 aprel 1970-ci il.
- Mən sizə bir fakt
söyləyim. Atamın
dəfn mərasimində
bir qadın ağlayaraq rusca dedi ki, “naş
papa umer”. Soruşdum ki, siz onu tanıyırsınız?
Dedi ki, mən uşaq evində böyümüşəm,
50-ci illərdə o, Ali Sovetin
sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi.
Biz onu “ata”
deyə çağırardıq.
Doğrudan da atam Ali Sovetdə aldığı
maaşı uşaq evinə göndərərmiş,
deyərmiş ki, kitabların nəşrindən
aldığı qonorar
bəsimizdir.
İllər sonra o da məlum oldu ki, atam 37-ci ildə neçə-neçə
ziyalıları - şairləri,
yazıçıları ölümün
pəncəsindən - xalq
düşməni kimi
damğalanmaqdan xilas edib. Bu o dövrdə
böyük qəhrəmanlıq
idi.
Bizim evdə həmişə
sadəlik və səmimiyyət olub.
Babamız da elə idi, atamız da, anamız da.
Sevda xanımın “Atama çatmayan məktub”undan:
“Atam xalqımızın
90-cı illərdə başına
gələn müsibətləri,
Qarabağ faciəsini
çox böyük həyəcanla, ağrı
ilə duyur, narahatçılıq keçirirdi.
Vertolyot qəzası onun səhhətinə yeni bir zərbə endirdi. Ömrünün son illərində ürəyinin bütün
nazik telləri tarıma çəkilmişdi.
Xalqına, torpağına olan
məhəbbət hissi
onda bütün hisslərdən öndə
idi. Ancaq ən ağır
vəziyyətdə belə
Azərbaycan xalqının
işıqlı, gözəl
gələcəyinə inanırdı”.
- Atam hərtərəfli, fenomen,
işqılı bir şəxsiyyət olub. Zaman keçdikcə mən ata-ana məhəbbətini,
işığını daha
da dərindən duyuram. Bu işıq
bizim üçün
müqəddəsdir...
Həsrət
Mirzə İbrahimovun qızı Solmaz İbrahimovanın xatirələrində:
- Hər övlad valideynləri barədə xoş sözlər deyə bilər. Mənə elə gəlir
ki, o cür ata, o cür baba olmayıb. Atam mənim üçün nümunədir. Atamın ağır,
xoşbəxt günləri
də olub, ancaq heç vaxt özünü itirməyib. Yolunu özü
seçib və öz yolu ilə
gedib.
Ailəmizdə həmişə sadəlik olub. Yəqin ki, bu atamdan
gələn xüsusiyyətdir.
Atam bütün insanlara qarşı çox sadə idi. Yadımdadır, biz həmişə küçə ilə gedəndə çox adamlar atama yaxınlaşardı.
Atam o insanları tanımasa da, onlarla doğma
insan kimi davranardı. Yəqin ki,
bu hiss insanın içindən gəlir.
Atam heç vaxt evdə iş barəsində söhbət
etməzdi. O, evə gələndən sonra vaxtını ailəsinə,
uşaqlarına ayırardı.
Yeni kitabları çap olunanda ilk sevincini bizimlə, yaxın dostları ilə bölüşərdi. O, ədəbiyyatla yanaşı
musiqini, teatrı da çox sevərdi.
Ömrünün son illərində
atam çox arzulayırdı ki, “Yaxşı adam”,
ya da “Kəndçi
qızı” pyesləri
yenidən Milli Akademik Dram Teatrında tamaşaya qoyulsun.
Mirzə İbrahimovla həyat
yoldaşı Sara xanım
arasında böyük
məhəbbət olub.
O vaxtlar Mirzə İbrahimov artıq yazıçı kimi tanınırdı, “Həyat”
pyesi tamaşaya qoyulmuşdu. Sara xanım
da incəsənətə
bağlı insan idi. Onlar ilk dəfə Filarmoniyada
görüşürlər. 1937-ci ildə Sara xanımın barmağına nişan
üzüyünü Nigar
Rəfibəyli taxır.
Üzeyir Hacıbəyli,
Səməd Vurğun,
Rəsul Rzanın xeyir-duası ilə 1938-ci
il dekabrın
4-də Mirzə İbrahimovla
Sara xanım ailə qurur. Onlar uzun illər
bir yerdə xoşbəxt yaşayırlar.
- Anam rəhmətə gedənə
qədər atamın
qocalığı heç
hiss olunmurdu. Anam rəhmətə gedəndən sonra atamın beli büküldü. Anamın dünyadan
getməyi ona çox pis təsir eləmişdi.
Mən atamı, anamı ən xoş xatirələrlə yad edirəm. Onların xatirələri mənim
üçün ən
qiymətli təsəllidir.
İllər arxada qalmışdı.
Mirzə
İbrahimov ləyaqətli
ömür yaşamışdı.
Bir insan, yazıçı, ictimai xadim kimi
xoşbəxt ailə,
ağıllı övladlar,
qiymətli dostlar və ən əsası xalqın sevgisini, məhəbbətini
qazanmışdı. Bütün bunlarla
yanaşı, Mirzə
İbrahimovun qəlbində
Təbriz həsrəti
vardı. Bu həsrət ömrünün
son anınacan onu tərk etmədi.
Mirzə İbrahimovun işıqlı
xatirələri tək
övladlarının yox,
xalqımızın yaddaşında
zaman-zaman yaşayacaq,
o hər zaman yad olunacaq, anılacaq.
Təranə Vahid
Mədəniyyət.- 2011.- 21
oktyabr.- S. 7.