Mədəniyyət
ölkələrarası əlaqələrin inkişafına
böyük töhfə verir
“Ölkələrimizin tarixi
arasında çoxlu oxşarlıqlar var”
“Turizm
sektoru iki ölkə arasında əməkdaşlığın
yeni inkişaf imkanları deməkdir. Serbiyada bir sıra
kurortlar, parklar var ki, bunlar da ölkədə turizmin
inkişafına geniş imkanlar yaradır. Azərbaycan 9
iqlimli zonada yerləşir və bu da ölkədə turizmin
inkişafı üçün əla imkanlar yaradır.
Düşünürəm ki, biz gözəl turizm əlaqələri
qura biləcəyik”.
“Əlaqələrimizi
daha da genişləndirməklə bağlı bəzi
ideyalarımız da var. Birgə film, teatr festivalları, sərgilərin
təşkil edilməsi barədə planlarımız
mövcuddur. Tanınmış serb yazıçısı
Milorad Paviçin Azərbaycan dilində çap olunmuş “Xəzər
sözlüyü” kitabının özü mədəni əlaqələrimizin
inkişafına gözəl nümunədir”.
Müsahibimiz Serbiyanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Zoran
Vayoviçdir.
- Cənab
Vayoviç, Azərbaycana səfir təyinatını necə
qarşıladınız?
- Bu mənim
xarici ölkədə Serbiya Respublikasının səfiri kimi
ilk təyinatımdır. Əvvəllər Serbiyanın
Türkiyədəki səfirliyində
çalışırdım, Azərbaycanla münasibətlərə
dair məsələlər səfirliyimizin səlahiyyətinə
daxil idi. Sonra Serbiyanın Azərbaycanda fövqəladə və
səlahiyyətli səfiri vəzifəsinə təyin
olunduğumu eşidəndə çox sevindim. Serbiyanın Azərbaycandakı
səfirliyi bu ilin mart ayında açılıb, mən isə
may ayında Bakıya gələrək etimadnaməmi Azərbaycan
prezidenti İlham Əliyevə təqdim etmişəm.
- Belə
çıxır ki, buraya gəlməzdən öncə
ölkəmiz haqqında müəyyən məlumata malik
olmusunuz?
- Mən
hələ 90-cı illərdə bir neçə dəfə
Azərbaycanda olmuşam. 90-cı illərdə Moskvada bir ticarət
şirkətində çalışırdım və orada
bir azərbaycanlı ilə dostlaşmışdım. Sonra mən
Ankarada çalışan zaman bir neçə dəfə
buraya gəlmişdim. Ölkəniz haqqında məlumata gəlincə,
əgər sən hər hansı bir ölkəyə səfir
təyin olunursansa, mütləq həmin ölkə
haqqında oxumalısan, məlumat əldə etməlisən.
Əlbəttə, mən Azərbaycanda baş verən hadisələri
öyrənmişdim və özümü bura gəlməyə
hazırlayırdım. Bundan başqa ölkənin tarixi, mədəniyyəti
haqqında da məlumatım var idi.
İstər
Serbiyada, istərsə də Azərbaycanda çoxlu tarixi yerlər,
abidələr var ki, onlardan bir neçəsi UNESCO-nun mədəni
irs siyahısına daxildir. Tarixə nəzər salsaq görərik
ki, ölkələrimizin tarixində də müəyyən
oxşarlıqlar olub. Məsələn, Serbiya uzun müddət
Osmanlı imperiyasının tərkibində olub. Azərbaycan
da türkdilli ölkədir, sizin ölkənin də bir hissəsi
müəyyən vaxtlarda Osmanlı imperiyasına daxil olub.
Ölkələrimizin zəngin mədəni irsi var. Sizin
İçərişəhər, Şirvanşahlar Sarayı,
digər abidələriniz, musiqiniz, muğam çox zəngin
tarixi-mədəni ənənəni özündə
yaşadır. Çox şadam ki, səfirliyimizin binası da
UNESCO-nun tarixi abidələr siyahısına daxil edilmiş
İçərişəhərdə yerləşir. Bura mənim
çox xoşuma gəlir, səfirlik üçün
binanın axtarışı ilə şəxsən məşğul
olmuşam. Yeri gəlmişkən, səfirliyimizin rəsmi
açılış mərasimi hələ keçirilməyib,
açılış mərasiminin gələn il keçiriləcəyini
gözləyirik. Biz həmçinin konsulluq şöbəsini
açmağa hazırlaşırıq.
- Cənab
səfir, ölkələrimiz arasında ikitərəfli əlaqələrin
səviyyəsini necə dəyərləndirirsiniz?
- Ölkələrimiz
arasında qarşılıqlı siyasi, iqtisadi və digər
sahələrdəki əlaqələrin səviyyəsini
yüksək dəyərləndirirəm. Azərbaycanla Serbiya
arasında ikitərəfli əlaqələr yüksələn
xətt üzrə inkişaf edir. Siyasi münasibətlərimiz
ən yüksək səviyyədədir. Son bir il ərzində
bir sıra qarşılıqlı səfərlər həyata
keçirilib. Serbiya Respublikasının prezidenti Boris
Tadiç ötən ilin may ayında Azərbaycana, prezident
İlham Əliyev isə bu ilin iyun ayında Serbiyaya rəsmi səfər
edib. Xarici işlər nazirlərinin görüşləri
mütəmadi və intensiv xarakter daşıyır. Serbiya Azərbaycanla
münasibətlərin inkişafında çox
maraqlıdır.
- İki
ölkənin əməkdaşlıq etdiyi sahələrdən
biri də mədəniyyət sahəsidir. Azərbaycanla
Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığa
dair saziş imzalanıb. Bu sahədə əməkdaşlığın
səviyyəsini necə qiymətləndirirsiniz? Serbiyanın
Azərbaycandakı səfirliyi bu əlaqələrin
inkişafı üçün hansı tədbirləri həyata
keçirir?
- Azərbaycanla
Serbiya arasında mədəni əməkdaşlığa
dair saziş bu sahədə əlaqələrimiz
üçün mühüm zəmindir. Bu baxımdan biz mədəniyyət,
eləcə də turizm əlaqələrini ən yüksək
səviyyədə inkişaf etdirməliyik. Məsələn,
mənim şəxsi istəyim budur ki, Serbiya və Azərbaycan
vətəndaşları qarşılıqlı səfərlər
etsinlər, xalqlar arasında mədəniyyət, milli adət-ənənələr
barədə məlumatları artırsınlar. Düzdür,
hazırda mədəniyyət sahəsində təcrübələrimizi
geniş şəkildə mübadilə etmək
imkanımız yoxdur, amma musiqi festivalları, professor-müəllim
heyəti və tələbə mübadiləsi, sərgilərin
təşkili vasitəsi ilə bunu reallaşdırmaq
mümkündür. Çox istərdim ki, mədəniyyətin
bütün vacib sahələrində əməkdaşlığı
və qarşılıqlı mübadiləni inkişaf etdirək.
Çünki inanıram ki, mədəniyyət və təhsil
iki ölkənin xalqları arasında əlaqələrin
yaradılmasına böyük töhfə verir. Şadam ki,
münasibətlərimiz dövlət
başçıları, xarici işlər nazirləri, eləcə
də mədəniyyət və turizm nazirləri səviyyəsində
inkişaf edir. Bizim bu əlaqələri daha da genişləndirməklə
bağlı bəzi ideyalarımız da var. Məsələn,
birgə film, teatr festivalları, sərgilərin təşkil
edilməsi barədə planlarımız mövcuddur.
Tanınmış serb yazıçısı Milorad
Paviçin Azərbaycan dilində çap olunmuş «Xəzər
sözlüyü» kitabının özü mədəni əlaqələrimizin
inkişafına gözəl nümunədir.
2010-cu
ildə Belqrad şəhərində Azərbaycan Mədəniyyət
Mərkəzi yaradılıb. Belqrad şəhərindəki
«Taşmaydan parkı»nın bərpası və
abadlaşdırılması ilə bağlı layihə Azərbaycan
tərəfindən həyata keçirilib. Həmin parkda Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin və
görkəmli Serbiya mütəfəkkiri Milorad Paviçin
heykəlləri ucaldılıb. Serbiyanın Novi Sad şəhərində
isə görkəmli Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin büstü qoyulub. Bütün
bunlar mədəni əlaqələrimizin inkişafına yeni
yollar açır. Biz Serbiya Filarmoniya Orkestrinin Bakıya səfərini
planlaşdırırıq. Bundan başqa, digər layihələri
də həyata keçirmək haqqında
düşünürük. Mədəniyyətin bütün
sahələrində, istər teatr, istər kino, istərsə
də musiqi sahəsində bu əlaqələrin
inkişafı mümkündür.
- Yəqin
ki, Bakıda olduğunuz müddətdə xalqlarımız,
iki ölkənin insanları arasında oxşar və fərqli
cəhətləri müşahidə etmək imkanınız
olub. Bu baxımdan hansı oxşar və fərqli xüsusiyyətləri
qeyd edə bilərsiniz?
-
Artıq 4-5 aydır ki, Bakıdayam. Əgər söhbət
xalqların mentaliteti və xarakterləri arasında oxşar və
fərqli cəhətlərdən gedirsə, deməliyəm
ki, bu baxımdan xalqlarımız arasında oxşarlıq
tapmaq mümkündür. Davranışda və bəzi adətlərdə
də oxşarlığımız var. Toy adətlərimiz
oxşardır. Mən özüm üçün maraqlı
detallar aşkar etmişəm. Məsələn, bizdə
olduğu kimi, Azərbaycanda da toydan əvvəl qız evinə
elçi gedilir. Bundan başqa, Serbiyada olduğu kimi, sizin
toylarda da çoxlu qonaqlar dəvət olunur, masanın üzərində
çoxlu yeməklər olur, toya hədiyyə kimi pul
yazdırılır, musiqi səslənir, rəqs edilir.
- Teatr
tamaşalarına, konsertlərə necə, getmək
imkanınız olub?
- Əlbəttə,
mən mədəni tədbirlərə getməyə vaxt
tapıram. Çünki səfir fəaliyyət göstərdiyi
ölkənin mədəniyyəti ilə də tanış olmalıdır.
Bakıda olduğum müddətdə M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında, Akademik Milli Dram Teatrında,
Bakı Caz Klubunda, sərgilərdə dəfələrlə
olmuşam. Eyni zamanda Azərbaycanın ənənəvi
musiqisi olan muğamı dinləmişəm və bu musiqi
çox xoşuma gəlib.
- Cənab
səfir, ölkələrimiz arasında turizm əlaqələrinin
perspektivini necə görürsünüz?
- Əvvəlcə
deyim ki, Azərbaycanda olduğum müddətdə hələlik
regionlarınıza səfər etmək imkanım olmayıb.
Lakin xanımım Bakıya gələndən sonra həftə
sonları Azərbaycanın bir sıra rayonlarına, məsələn,
İsmayıllı, Gəncə, Şəki, Zaqatala, Lənkəran,
Lerikə getməyi planlaşdırıram. Turizm əlaqələrimizə
gəlincə, bu sektor iki ölkə arasında əməkdaşlığın
yeni inkişaf imkanları deməkdir. Serbiyada bir sıra
kurortlar, parklar var ki, bunlar da ölkədə turizmin
inkişafına geniş imkanlar yaradır.
Düşünürəm ki, biz gözəl turizm əlaqələri
qura biləcəyik. Azərbaycan 9 iqlimli zonada yerləşir və
bu da ölkədə turizmin inkişafı üçün əla
imkanlar yaradır. Serbiya və Türkiyə viza rejimini ləğv
ediblər, ötən il bizim ölkə Azərbaycanla da viza
rejimini ləğv etmək təşəbbüsü ilə
çıxış edib. Biz ilin sonuna kimi konsulluq şöbəsi
açmaq və Serbiyaya səfər edəcək Azərbaycan
vətəndaşlarına viza verməyi
planlaşdırırıq. Gələcəkdə viza
rejiminin ləğv olunması iki ölkənin vətəndaşlarına
sərbəst səyahət etmək, mədəniyyət və
turizm sahələrində ikitərəfli əlaqələri
daha da inkişaf etdirməyə imkan verərdi.
- Azərbaycanda
olduğunuz müddətdə yəqin ki, mili mətbəximizlə
də tanış olmusunuz?
- Mətbəxiniz
çox zəngindir. Serbiya özündə zəngin Balkan mətbəxini
yaşadır. Mən Azərbaycana gələndə artıq
mənə tanış olan yeməkləri gördüm. Hətta
onların adları da oxşardır. Biz dolmaya «sarma», kababa
«kevabcici», rahat-lokuma «rat luk», şəkərə
«şeçer» deyirik. Biz də sizin kimi çay, yorğan
sözlərini işlədirik. Fərqli yeməklərə gəlincə,
ilk dəfə Azərbaycanda dovğa içdim və çox
bəyəndim. Biz dilimizdəki bəzi sözlərlə
yanaşı, müəyyən adətləri, ənənələri
də osmanlılardan götürmüşük. Serblər də
türklər kimi adətən qəhvəni “rat luk”la, yəni
rahat-lokumla içirlər. Mənə gəlincə, Belqrada
gedəndə öz ailəmə və yaxınlarıma Azərbaycan
paxlavası aparıram. Xüsusilə qozla hazırlanan
paxlavalar çox dadlı olur.
- Azərbaycan
ailəsinə qonaq getmisinizmi?
- Bəli,
getmişəm. Mən sizin adətlərinizə bələdəm.
Bundan başqa, insanlarınız mənim xoşuma gəlir.
İstər serblər, istərsə də azərbaycanlılarda
da pozitiv enerji və emosiya var. Azərbaycanlılar çox
qonaqpərvərdirlər və mən bunu bəyənirəm.
Bizim xalqımız da qonaqpərvərdir. Son olaraq müsahibəyə
görə qəzetinizə öz minnətdarlığımı
bildirirəm.
Mehparə
Mədəniyyət.-
2011.- 21 oktyabr.- S. 6.