Bakıda
Beynəlxalq Kulinariya Günü
qeyd edildi
Oktyabrın
20-də Azərbaycan Milli Kulinariya Mərkəzinin ofisində
Beynəlxalq Kulinariya Günü qeyd edildi. Ölkəmizdə
4-cü dəfə keçirilən bayramda Azərbaycanın
məşhur kulinarları, ictimaiyyət nümayəndələri,
media mənsubları iştirak edirdi.
Tədbir çərçivəsində
kulinariya incəsənəti nümunələri, milli
kulinariya komandasının üzvlərinin işlərindən
ibarət sərgi, eyni zamanda kulinariya incəsənəti və
qida sərgisi təşkil edilmişdi.
Azərbaycan Milli Kulinariya
Assosiasiyasının icraçı direktoru Nailə Mürsəlova
bildirdi ki, belə bir günü keçirməkdə məqsəd
kulinariya sənətinin tanıdılması və
aşpazlığın nə qədər əhəmiyyətli
bir peşə olduğunu ictimaiyyətə
çatdırmaqdır: «Aşpazlar, kulinarlar, ictimai iaşə
müəssisələrində çalışanlar bu
günü peşə bayramı kimi qeyd edirlər”.
N.Mürsəlova əldə olunan
uğurlardan da danışdı. Qeyd olundu ki,
kulinarlarımız il ərzində ölkəmizi müxtəlif
ölkələrdə keçirilən bir çox tədbirlərdə,
festivallarda təmsil ediblər: «Mərkəzin üzvlərindən
ibarət milli komanda dəfələrlə aşpazlıq
yarışlarında qızıl, gümüş və
bürünc medallar qazanıb. Bundan başqa, Milli Kulinariya Mərkəzi
tərəfindən Azərbaycan mətbəx nümunələrinə
aid kitabçalar, broşürlər nəşr edilib. Bu
çap məhsulları xarici ölkələrdə
keçirilən turizm sərgilərində nümayiş
etdirilir. Hesab edirik ki, ölkəmizə turist cəlb etməyin
yollarından biri də milli mətbəximizin lazımi səviyyədə
tanıdılmasıdır».
Sərgidə Bakı Qida Sənayesi
Kolleci tələbələrinin əl işləri də
nümayiş etdirilirdi. Kollecin fənn birləşməsinin
sədri Svetlana İsgəndərova bildirdi ki, artıq
4-cü dəfədir ki, kulinariya bayramında iştirak edirlər:
«Kollecin tələbələrinin əl işləri yüksək
qiymətləndirilir. Tələbələrdən bəzilərinə
mərkəzin xüsusi diplomları verilib».
Tədbirdə iştirak edən
Milli Kulinariya Assosiasiyasının əməkdaşı Namiq
Kazımov əsasən Avropa mətbəxinə aid xörəklər
hazırlayır. Dediyinə görə, dəfələrlə
xarici ölkələrdə Azərbaycanı təmsil edib və
fərqlənib.
Tədbirin sonunda il ərzində
Azərbaycan Milli Kulinariya Mərkəzi ilə yaxından əməkdaşlıq
edən təşkilatlar, televiziyalar və aşpazlar qurumun
diplomları ilə təltif edildi.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 21 oktyabr.- S. 4.