“Müstəqil Azərbaycanım”

 

   Uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət respublika müsabiqəsinə yekun vuruldu

     

   Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycanım” adlı respublika rəsm müsabiqəsinə yekun vurulub. Oktyabrın 20-də müsabiqə qaliblərinin mükafatlandırma mərasimi, müsabiqə iştirakçısı olmuş uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət sərgi keçirildi.

  

   Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkə başçısının “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” sərəncamına uyğun olaraq nazirlik tərəfindən silsilə tədbirlər keçirildiyini qeyd etdi. Nazir müavini bildirdi ki, “Müstəqil Azərbaycanım” adlı respublika rəsm müsabiqəsinə uşaq rəssamlıq və incəsənət məktəblərindən, uşaq yaradıcılıq mərkəzlərindən, rəsm studiyalarından istedadlı uşaqlar qatılıb, bir-birindən maraqlı əl işləri təqdim ediblər.

   Son illər Azərbaycanın balaca istedadlarının müxtəlif xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində uğurla çıxış etdiyini deyən S.Məmmədəliyeva uşaq və yeniyetmələrin istedad və bacarıqlarının üzə çıxarılması üçün görülən işlərdən danışdı: Son illər azərbaycanlı uşaqlar müxtəlif xarici ölkələrdə keçirilən tədbirlərdə 60 müxtəlif dərəcəli diploma, 40 fəxri fərmana layiq görülüb, 20-dək həvəsləndirici mükafat və xatirə hədiyyələri ilə təltif olunublar. Balaca istedadlar ölkə daxilində keçirilən mədəniyyət tədbirlərində fəal iştirak edir, öz istedadlarını nümayiş etdirirlər. Bu gün biz müstəqil Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edirik. Əlamətdar haldır ki, uşaq və yeniyetmələr də bu əlamətdar təqvimlə bağlı keçirilən müsabiqədə fəal iştirak ediblər. Mən iştirakçıların hər birini təbrik edir, onlara yeni uğurlar arzulayıram”.

   Münsiflər heyətinin üzvü Rəfael Gülməmmədli müsabiqəyə təqdim olunan əsərlərlə bağlı fikirlərini söylədi: “Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bu rəsmlərdə, əl işlərində vətənə, torpağa bağlılıq hiss olunur. Onların arasında maraqlı əl işləri çoxdur. Münsiflər heyəti olaraq balaca rəssamların daha geniş mövzulara müraciət etməsini, Qarabağ mövzusunda, Azərbaycanın milli qəhrəmanlarının şücaətini əks etdirən əl işlərinin sayının artmasını görmək istərdik”.

   Qeyd edək ki, müsabiqəyə uşaq rəssamlıq və incəsənət məktəblərindən, uşaq yaradıcılıq mərkəzlərindən, rəsm studiyalarından 400-ə yaxın rəsm və əl işi təqdim edilmişdi. Müsabiqənin münsiflər heyətində Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası dosenti Əsmər Nərimanbəyova və Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri Rəfael Gülməmmədli təmsil olunublar.

   Sonra “Müstəqil Azərbaycanım” respublika müsabiqəsinin qaliblərinə diplom, fəxri fərman və pul mükafatları təqdim olundu. İştirakçılar iki yaş qrupu üzrə mükafatlandırıldılar. 7-13 yaş qrupu üzrə Bakı şəhər T.İsmayılov adına Uşaq və Gənclər Yaradıcılıq Sarayının şagirdi Zümrüd Hacıyeva “Günəşli Bakı” rəsminə görə I dərəcəli diploma layiq görüldü. Eyni qrup üzrə Sədaqət Babayeva, Məhəmməd İsmayılov II dərəcəli, Aytac Şahbazova, Nihad Səmədov, Hikmət Məmmədov III dərəcəli diploma layiq görüldü, daha üç nəfər isə fəxri fərmanla təltif olundu.

   14-16 yaş qrupu üzrə isə Quba rayon Uşaq İncəsənət Məktəbinin şagirdi İbrahim Orucov “Müstəqillik uğrunda” adlı rəsminə görə I, Nərmin Həsənova, Ülkər Piralızadə II, Elvin Şahməmmədli , Fidan Ağayeva, Zemfira Gülmalıyeva III dərəcəli diplom aldılar. Bu qrupda da daha üç nəfərə fəxri fərman təqdim olundu.

   Tədbirin sonunda müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət sərginin açılışı oldu. Uşaqların rəsm və əl işlərindən ibarət sərgi iştirakçılar tərəfindən maraqla qarşılandı.

  

 

   Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2011.- 21 oktyabr.- S. 3.