Milli
televiziya serialları: kim çəksin,
necə çəksin?
Artıq neçə ildir ki, yerli telekanallarımız
xarici teleserialların nümayişində sanki
yarışırlar. Mövzu, mənəvi, əxlaqi meyarlar,
məişət mədəniyyətimiz və daha bir çox
məqamlara görə bizə yabançı olmasına
baxmayaraq efirimiz hələ də əcnəbi serial bumu
yaşayır. Paralel olaraq "Bizim öz milli
teleseriallarımız olmalıdır" fikri ətrafında
da tez-tez müzakirələr aparılır.
Təbii ki, burada milli serialların
mövzusu, bədii keyfiyyəti və s. məqamlarla
yanaşı, məsələnin maliyyə tərəfi də
gündəmə gəlir. Bu məsələ isə ölkə
prezidentinin 9 sentyabr 2011-ci il tarixli “Azərbaycan
Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə
yardımının göstərilməsi haqqında” sərəncamı
ilə xeyli dərəcə həllini tapıb. Sərəncama əsasən, milli telefilmlərin,
habelə teleserialların çəkilişi
üçün Milli Televiziya və Radio Şurasına 5
milyon manat vəsait ayrılıb. Sərəncam
telekanalların kino istehsalı ilə məşğul olan
birlik və redaksiyalarını, eləcə də özəl
prodakşnları hərəkətə gətirib.
İndi “serialları
kimlər çəkməlidir” sualı ətrafında
diskussiyalar gedir. Hərçənd
tamaşaçı üçün önəmli olan ekran əsərini
kimin çəkməsi deyil, necə çəkilməsidir.
Bu yerdə isə hər şeydən öncə
təcrübə, peşəkarlıq öz sözünü
deyir. Hələlik bizim teleekranda
nümayiş olunan yerli seriallarda çatışmayan
başlıca cəhət məhz təcrübəsizlikdir.
Nəzərə alaq ki, Azərbaycan
tamaşaçısı xarici seriallarda yüksək keyfiyyətli
görüntü, aktyor oyunu, maraqlı quruluş
görüb. Məlumdur ki, ölkəmizdə
serialın texniki baxımdan yüksək səviyyədə ərsəyə
gəlməsi üçün müəyyən şərait
mövcuddur. Bir çox şirkətlərin
bazasındakı yüksək səviyyəli rəqəmsal
kameralar, müxtəlif işıq avadanlıqları və
digər texniki vasitələr yetərincədir. Deməli,
ən önəmli iş yaradıcı məsələlərdədir.
Yaxşı ssenari, peşəkar kollektiv. Məlumdur ki, seriallara daha çox aktyor oyununa
görə baxılır. Bu baxımdan
rejissorun quruluşu ilə bərabər aktyor oyunu da önəmli
amillərdəndir.
Milli
seriallar var, amma...
«Bizə öz
serialımız lazımdır» tələbatından yaranan bu
nümunələr elə də çox olmasa da, həddən
ziyadə müzakirələr doğurub. Onları
gah gülünc, gah bayağı və səviyyəsiz, gah da
ümumiyyətlə gərəksiz adlandırıb imtina ediblər.
Çünki görülən iş onu icra edəndən
peşəkarlıq tələb edir. Bizdə isə
hələlik çəkilən milli seriallara baxdıqda
peşəkar yanaşmadan daha çox primitivlik görmək
mümkündür. Təbii, bunun da
müxtəlif səbəbləri var.
Digər tərəfdən
Azərbaycan tamaşaçısı dünya kinosunu, xarici
film və seriallara kifayət qədər bələd olduğundan
ona təqdim olunan yerli telenovellaları, serialları bəsit və
bayağı adlandırır. Bütün
hallarda zaman göstərir ki, bizə öz seriallarımız
lazımdır.
Serialları kimlər çəkməlidir?
Əslində
dünya təcrübəsində teleserialları kino şirkətləri
- prodakşnlar istehsal edərək telekanallarda
yayımlayırlar. Yəni serial çəkmək
kino şirkətlərinin, efir isə telekanalların
işidir. Bizdə isə 1+1=2 kimi aydın
olan bu məsələ ətrafında da müzakirə və
mübahisələr var. Əksər telekanallar serialları
özləri çəkmək iddiasındadır. Təbii ki, prodakşnlar da bunun əksini
düşünürlər. Mövzunun
aktuallığını nəzər alıb hər iki tərəfin
mövqeyini əks etdirməyə çalışdıq.
Azərbaycan Televiziya və Radio
Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin
”Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş
redaktoru Yaqub Əlioğlu: «Prezidentin milli telefilm və
seriallarla bağlı belə bir sərəncam imzalaması Azərbaycan
incəsənəti, mədəniyyəti üçün
olduqca vacib bir addımdır. Bu gün
tamaşaçı bizdən milli filmlər, baxımlı
seriallar gözləyir və prezidentin sərəncamı bu
işlər üçün mühüm imkanlar
açır. Bu əslində kino mədəniyyətimizə
qayğı və gələcəkdə böyük kinoya
qoyulmuş kapitaldır. O ki qaldı sərəncamdan irəli
gələn məsələlərə, bizim telekanalda bu sahədə
böyük təcrübə olduğu hər kəsə bəllidir.
”Azərbaycantelefilm” Yaradıcılıq Birliyi
artıq 50 ildən çoxdur ki, televiziya filmləri istehsal
edir. 1959-cu ildən 2010-cu ilədək təxminən
1000 adda 900 saat həcmində sənədli və bədii film
istehsal edilib. Bu, Azərbaycan tarixinə, mədəniyyətinə,
etnoqrafiyasına, iqtisadiyyatına həsr olunmuş nümunələrdir.
Təkcə 2010-cu
ildə 50 adda sənədli televiziya filmi çəkmişik.
Burada istehsal olunan filmlər Azərbaycan mədəniyyətinin
canlı salnaməsidir desəm, yanılmaram. Ümumilikdə Azərbaycan televiziyası bir məktəbdir
və digər kanalların həm yaradıcı, həm də
texniki heyəti məhz bu televiziyanın “şinel”indən
çıxıb. Burada filmlərin çəkilişi
üçün hər cür texniki şərait və
peşəkarlar var. Ümumiyyətlə milli serial
anlayışının əsası da AzTV-də qoyulub.
Lütfi Məmmədbəyovun çəkdiyi
«İtkin gəlin» serialını yada salın. Azərbaycan televiziyasında serial ənənəsi
var və biz yeni, baxımlı ekran əsərləri istehsal
etmək iqtidarındayıq. Çalışacağıq
ki, çəkəcəyimiz seriallar tamaşaçı
zövqünü oxşasın”.
İctimai Televiziya və Radio
Yayımları Şirkətinin “Carçı film”
Yaradıcılıq Birliyinin baş redaktoru Rafiq Səməndər:
«Birliyimizin üç il öncə yaranmasına baxmayaraq,
bizdə təxminən 100-ə qədər bədii televiziya
filmi çəkilib. Bu nümunələr
müəyyən mənada xarici teleseriallardan tamaşaçını
yayındıra bilir. Biz ilk öncə
klassik nümunələrə müraciət etmişik. Tamaşaçıya təqdim olunan bu işlərə
olan maraq göstərdi ki, milli filmlər, klassiklərimizin əsərləri
hər zaman maraqlıdır. Son illər isə
biz daha böyük layihələrə
başlamışıq. Hazırda bizdə
7 seriyalı «Qarabağnamə» serialı hazırlanır.
Bundan əlava 15 seriyalı «Döngələr»
bədii serialı üzərində
çalışırıq. Bu mövzu
barədə danışarkən bəzi həmkarlarımız
“reytinqə xidmət edən seriallar çəkilməlidir”
fikri üzərində dayanırlar. Bu da əsasən
ailə-məişət seriallarıdır. Hazırda
iş masamın üzərində bu mövzuda 100-ə
yaxın ssenari var. Bunlar isə bizə lazım deyil. Bizim seriallarımız tariximizi, ədəbiyyatımızı,
mədəniyyətimizi, mənəviyyatımızı
göstərməlidir. Çox əfsuslar
ki, bəzi telekanalların çəkdiyi seriallarda vətənpərvərlik,
milli təəssübkeşlik, adət-ənənələr,
azərbaycançılıq çatışmır. Bu
məişət mövzulu filmlər bu gün
üçündür, 5-10 ildən sonra onlara heç kim baxmayacaq».
ANS Müstəqil
Yayım və Media Şirkətinin "Bakı Film"
Kinostudiyasının baş redaktoru Kamran Qasımov:
«2006-cı ildən fəaliyyət göstərən
kinoşirkətdə «Qızlar», «Qaydasız
döyüş», «Yaddaş» televiziya seriallarını çəkmişik.
«Bakı Film» piar yolu və öz daxili imkanları hesabına
kinonu biznesə çevirərək prodüser kinosu yaradan və
çəkən yeganə təşkilatdır. Kinostudiyamızın təqdim etdiyi işlərin məqsədi
də məhz ölkə prezidentinin sərəncamında
göstərilən məqamlarla bağlıdır. Biz vətənpərvərlik ruhunda, milli-mənəvi
dəyərləri əks etdirən filmlər çəkirik
və çəkəcəyik də. Biz
filmləri nə şəxsi marağımıza, nə də
hər hansı festivalın formatına görə yox,
sırf Azərbaycan xalqının mənəvi dəyərlərinin
təbliğinə, onun özünü özünə
göstərmək məramına kökləmişik. Serialların tamaşaçı auditoriyasına gəlincə,
burada mövzu seçilərkən ilk olaraq yüksək səviyyəli
və ideyalı məsələlərə fikir verilməlidir.
O mövzular ki, sözün əsl mənasında xalqın
ürəyindən xəbər versin. Hətta
ailə-məişət mövzularını da işləyərkən
də milliliyimizi saxlamalıyıq. Azərbaycanda
serial yaradıcılığı olmalıdır və bu
işi peşəkarlar görməlidir. Hər
serialı xalqımıza yaxın buraxa bilmərik».
«Ritm production»un
direktoru Xaqani Savalan: «Teleserialların çəkilişi
üçün müvafiq şərait və vəsaitin
ayrılması bir kinematoqrafçı kimi məni də
çox sevindirdi. Düşünürəm ki,
müəyyən mənada tamaşaçını yad,
bayağı təsirlərdən azad edəcək nümunələr
yaratmaq olar. Təbii, ilk vaxtlar bu elə də
asan olmayacaq. Çünki artıq
neçə illərdir ki, tamaşaçılarımız
türk, rus, Latın Amerikası seriallarına baxırlar və
kino zövqlərini o nümunələrə uyğun
formalaşdırıblar. Amma bu o demək
deyil ki, bizim öz milli serialımız olmamalıdır.
Digər tərəfdən, ümumiyyətlə
serial istehsalı çox pul aparan layihələrdir. Məsələn, Türkiyədə hər
seriyanın çəkilişi üçün orta qiymət
300-350 min dollardır. Bizdə isə, təbii
ki, o pulları tapmaq mümkün deyil. İkincisi, bizdə
hələ Türkiyə qədər nə texniki imkanlar, nə
də serial peşəkarları var. Amma normal ssenari, peşəkar
yaradıcı qrup və peşəkar aktyorlar
yığılsa, normal iş ortaya qoymaq olar. Əgər
serialları kino şirkətləri, prodakşnlar çəkərsə.
Əslində elə serial çəkmək
bizim, yayımlamaq isə telekanalların işidir».
“Pozitiv media” prodakşn şirkətinin
direktoru Rövşən İsax: «Hazırda bir serialın
çəkilişlərinə başlamışıq. Çalışacağıq ki, baxımlı olsun.
Çünki professional texnika və heyətlə
işləyirik. Düşünürəm
ki, seçdiyimiz mövzu tamaşaçıların diqqətini
çəkəcək. Bir il boyunca
bu işlə məşğul olacağıq. Məncə,
serial film istehsalından da çətindir. Bunu təcrübə
göstərəcək ki, kim, hansı
rejissor serial çəkə bilər. Bu günədək
bizdə çəkilən seriallar əsasan statik
komediyadır və təəssüf ki, onların elə də
uğurlu nümunələri olmayıb. Serialları
kimin çəkməsi məsələsinə gəlincə,
burada yeni kəşflərə ehtiyac yoxdur. Biz də axına qoşularaq dünya təcrübəsinə
söykənməliyik. Serialı
prodakşnlar çəkməlidir, amma təbii ki, telekanalla
sıx əməkdaşlıq şəraitində».
Rəylərdən də
göründüyü kimi, hər iki tərəf serialın
nəinki istehsalı, hətta baxımlı olması barədə
də iddialıdırlar. Ancaq bizdə
teleseriallar çəkmək üçün təcrübənin
formalaşmasına nə qədər vaxtın lazım
olduğu, ümumiyyətlə, teleserialların çəkilməsi
üçün rejissor, aktyor, ssenarist potensialının
olub-olmaması hələ də
düşündürücü suallardır.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2011.- 21 oktyabr.- S. 15.