“Osmanlı arxiv sənədlərində Naxçıvan”

 

   Türk Cümhuriyyəti Baş Nazirliyinin Dövlət Arxivləri müdiri Yüsif Sarınay tərəfindən hazırlanan “Osmanlı arxiv sənədlərində Naxçıvan” kitabı türk dilində işıq üzü görüb.

   Osmanlı arxiv sənədlərində Naxçıvanın 1554-1923-cü illərini əhatə edən və Yüsif Sarınayın ön sözü ilə başlayan nəşrdə Naxçıvanla bağlı 85 başlıqlı 157 mühüm sənəd öz əksini tapıb. Kitabda saxtakar ermənilərin Naxçıvan ərazilərində təcavüz siyasətlərini təsdiq edən olduqca çox mühüm tarixi sənədlər işıqlandırılıb. Regionun müxtəlif dövrlərinin tarixini özündə əks etdirən 50-yə yaxın arxiv sənədi ermənilərin Naxçıvanda törətdikləri kütləvi qırğınlardan, vəhşiliklərdən, zorakılıqlardan danışır.

   Nəşrdə “Naxçıvanda ermənilər tərəfindən müxtəlif hücumlara məruz qalan müsəlmanların vəziyyətlərinin hər keçən gün ağırlaşması haqqında”, “Kars, Kağızman və Naxçıvanda erməni zülmünə məruz qalan müsəlmanların köçə hazırlandıqları haqqında”, “Trabzon, Kars və Naxçıvanda Rum və erməni quldur dəstələrinin fəaliyyətlərinə dair rapor”, “Naxçıvan, Şərur, Sədərək və Dərəilyəz ətraflarındakı 110 kənddə iki il müddətində ermənilər tərəfindən edilən işğal və törədilən cinayətlərin səhifə halında rapor”u və bir çox bu kimi sənədlərlə tanış olmaq olar.

 

 

  Mədəniyyət.- 2011.- 26 oktyabr.- S. 14.