Ömər
Eldarovun yaradıcılıq dühası
Zəngin
tarixə malik Azərbaycan təsviri sənəti neçə
min illər bundan əvvəl Qobustan qayalıqlarında həkk
edilmiş misilsiz qaynaqlara gedib çıxır. Xüsusi incəlik,
özünəməxsus bacarıqla yaradılan bu
qayaüstü sənət nümunələrinin mahiyyəti
XXI əsrin yaradıcılıq meyarlarından
yanaşdıqda belə insanları düşündürməkdədir.
Çünki sənət hər zaman
düşündürücü, fəlsəfi məna
daşıyır.
Sənətin bu özəlliyi
minilliklərlə yaradılmış incəsənətimizin
müasir mərhələsində məxsusi yaradıcılıq
yolu ilə seçilən görkəmli heykəltəraş,
Xalq rəssamı Ömər Eldarovun
yaradıcılığında da özünü qabarıq
büruzə verir.
Ömər Həsən oğlu
Eldarov 1927-ci ildə Azərbaycanın qədim şəhərlərindən
olan Dərbənddə dünyaya göz açıb. Sənətə
xüsusi həvəsi onu Rəssamlıq Texnikumunun heykəltəraşlıq
şöbəsinə gətirib çıxarır, burada sənətin
ilk sirlərinə yiyələnir. Sonra Ö.Eldarov sənət
sahəsində biliklərini artırmaq üçün
Sankt-Peterburq şəhərinə gedir, orada istedadlı sənət
ustalarından dərs alır və professional heykəltəraş
kimi Bakıya dönür.
Onun
yaradıcılığını müşahidə edərkən
sənət dühasının hüdudsuzluğunu, bədii təxəyyülünün
bənzərsizliyini, ideyalarının bəşəriliyini,
obrazlarının
düşündürücülüyünü,
dolğunluğunu, kamilliyini və s. incə məqamları
xüsusilə qeyd etmək olar. Ö.Eldarov heykəltəraşlığın
dəzgah və monumental, eləcə də memorial abidələr
sahəsində bir-birindən maraqlı sənət nümunələri
yaradıb. Sənətkarın
yaradıcılığının səciyyəvi xüsusiyyətləri
kimi obrazların mahiranə plastik həlli, daxili psixoloji
xüsusiyyətlərin ustalıqla açılması, surətlərin
fərdi xarakterik hərəkətləri, kompozisiyanın
bitkinliyi və tamlığı diqqət çəkir.
Təsviri sənətin dəzgah
heykəltəraşlığında yaradılmış əsərlər
əsasən muzeydə və ya qalereyada, yəni qapalı məkanda
nümayiş üçün nəzərdə tutulur.
Ö.Eldarovun bu janrda yaratdığı əsərlərinə
misal olaraq “Səadət” kompozisiyası (tunc, 1956), “Xalq rəssamı
Səttar Bəhlulzadənin portreti” (iki variantda: I variant -
ağac, 1965; II variant - ağac, 1968), “Zamanın dörd rəngi”
kompozisiyası (ağac, 1973), “Dirijor Niyazinin portreti” (ağac,
1984), “Elegiya” akademik Zərifə Əliyevanın heykəli (mərmər,
1997), “XX əsr” (tunc, 2000), “Zehnin yuxusu” heykəlinin eskizi
(plastilin, 2003), “Çılpaq qadın” (gips, 2004) və digər
əsərlərini göstərmək olar. Heykəltəraşın
sadalanan əsərlərinin hər biri yüksək sənət
xüsusiyyətləri, dərin fəlsəfi mahiyyətilə
tamaşaçıların diqqətini cəlb edir.
Mahir tişə ustası
Ö.Eldarov Azərbaycanın dahi rəssamı Səttar Bəhlulzadənin
iki variantda işlədiyi obrazını zərgər dəqiqliyi
ilə bədii təxəyyülündən süzərək
adi ağac üzərində əsrarəngiz sənət əsəri
yaradıb. Obrazın plastik həlli olduqca sərrast işlənilib.
Böyük rəssamın şəxsiyyəti və
dühası yaradılan hər iki əsərdə sənətin
bədii dili ilə ustalıqla ifadə olunub.
Ömər Eldarov sənətinin
şah əsərlərindən hesab etdiyimiz “Zamanın
dörd rəngi” adlı kompozisiya olduqca dərin fəlsəfi-psixoloji
mənaya malik, qüvvətli bədii təsir gücü olan
əsərdir. Milli İncəsənət Muzeyinin nadir sənət
incilərindən olan bu əsərdə heykəltəraş
bir-birindən fərqli dörd qadın surətində ilin
dörd fəslinin - insanın ömrünün - fəlsəfi
mahiyyətini göstərməyə çalışıb və
məqsədinə uğurla nail ola bilib. Ö.Eldarov
dühasının məhsulu olan “Zamanın dörd rəngi”
kompozisiyanın qarşısından sakitliklə keçmək,
əsər önündə dayanıb düşünməmək
mümkünsüzdür.
Sənətkarın yüksək
ustalığı onun ölkəmizlə yanaşı,
müxtəlif ölkələrin şəhərlərində
ucaldılmış monumental heykəllərdə də öz
əksini tapıb. Onun monumental heykəltəraşlıq
işlərinə nümunə olaraq X.Natəvanın
(tunc-qranit, 1960, Bakı), M.Füzulinin (tunc-qranit, 1963, Bakı)
S.Ayinin (tunc-qranit, 1978, Düşənbə, Tacikistan), İbn
Sinanın (tunc-qranit, 1980, Düşənbə), H.Cavidin (tunc,
1993, Bakı) və başqa görkəmli şəxsiyyətlərin
abidələrini göstərmək olar. Bu abidələrin hər
biri ayrı-ayrılıqda geniş bəhs edilməyə
layiq incəsənət nümunələridir. Bu yazıda isə
bəzi nümunələrin bədii xüsusiyyətləri və
təsvir vasitələrini qeyd etmək istərdik.
Xurşidbanu Natəvanın
Bakının mərkəzində ucaldılan duyğulu və
bir qədər də qəmli obrazı dairəvi postament
üzərində olduqca cəlbedici görünür.
Ö.Eldarov yaratdığı obrazda xan qızı Natəvanın
şairə, ictimai xadim, zərif ana məziyyətlərini
ümumiləşdirməyə müvəffəq olmuşdur.
Abidə Natəvanın ictimai və bədii
yaradıcılıq aləmini, eyni zamanda xarakterik cizgilərini
özündə cəmləmiş möhtəşəm sənət
əsəridir.
Azərbaycanın görkəmli
filosof-şairi Məhəmməd Füzulinin Akademik Milli Dram
Teatrının qarşısında ucaldılmış abidəsi
Xalq rəssamı Tokay Məmmədovla Ömər Eldarovun birgə
yaradıcılığının məhsuludur. Hündür
postament üzərində Şərq geyimində təsvir
edilmiş Füzulinin düşündürücü surəti
ilk andaca tamaşaçını özünün sehrli aləminə
qərq edir. Surətin sağ əlini çənəsinə
söykəmiş, sol əlində kitab tutan və sağ
ayağını bir qədər irəliyə doğru təsvir
edilməsi ilə obrazın dinamikliyi daha da qüvvətləndirilib.
“Hər qaranlıqda
çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal
uyuyor”-
deyən böyük şairimiz
Hüseyn Cavidin bənzərsiz abidəsi Milli Elmlər
Akademiyasının qarşısındakı parkla ayrıca
bir gözəllik bəxş edir. Sağ ayağı irəliyə
doğru hərəkətdə və əlləri ilə
çiyinlərini qucaqlamış romantik şairin dərin xəyallara
dalmış çöhrəsi qəhrəmanlarının əhatəsində
son dərəcə ifadəli təsvir edilib. Bu, dünya heykəltəraşlıq
məktəbinin nadir inciləri ilə müqayisə edilməyə
layiq əsərlərdəndir.
Ö.Eldarov həmçinin
istedadlı memorial abidələr müəllifi kimi
tanınır. Bunlara misal olaraq Fəxri xiyabanda ulu öndər
Heydər Əliyevin (2004), akademik Zərifə Əliyevanın
(tunc, 1995), Ü.Hacıbəylinin (tunc-qranit, 1956), S.Bəhlulzadənin
(tunc-qranit, 1974), F.Əmirovun (mərmər, 1988), Niyazinin (mərmər,
1989), akademik Z.Bünyadovun (tunc-qranit, 2000) və
başqalarının memorial abidələrini qeyd etmək
olar.
Ü.Hacıbəyli, S.Bəhlulzadə,
Niyazinin qəbirüstü abidələrinə nəzər
yetirmiş olsaq bir-birinə bənzəməyən kompozisiya
quruluşuna, sənət adamlarının özünəməxsus
fərdi-xarakterik xüsusiyyətlərinə və ən əsası
hər bir obrazın tamaşaçının qəlbinə
yol tapa bilmək gücünə malik olduğunu görə
bilərik. Sadalanan xüsusiyyətlər Ö.Eldarov sənətinin
böyüklüyünün göstəricisidir.
Ulu öndər Heydər Əliyevlə
Ö.Eldarovu möhkəm dostluq telləri
bağlayırdı. O, böyük öndərin bir neçə
abidəsini yaradıb. Lakin biz bir obrazın üzərində
xüsusilə dayanmaq istəyirik. Bu, ümummilli liderin Fəxri
xiyabandakı məzarı üzərində ucaldılan abidə
kompleksidir. İstedadlı tişə ustası ulu öndərin
obrazını Azərbaycan Respublikasının xəritəsinin
fonunda təsvir etməklə əsrarəngiz bir abidənin
yaradılmasına nail olmuşdur. Abidə-kompleks
özünün ətraf mənzərə ilə üzvi
bağlılığı ilə ziyarətə gələnləri
valeh edir.
Ö.Eldarov bu gün də yüksək
sənət eşqi ilə yeni-yeni sənət inciləri
yaradır, yaradıcılıq axtarışlarını
davam etdirir. Görkəmli sənətkar bədii
yaradıcılıq fəaliyyəti ilə yanaşı, fəal
pedaqoji və ictimai fəaliyyətlə də məşğul
olur. O, Milli Məclisin deputatı olmuş, 2002-ci ildə ulu
öndər Heydər Əliyevin sərəncamı ilə
yaradılmış Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının rektoru kimi nüfuzlu vəzifədə
çalışır. Onun yetirdiyi tişə ustaları
arasında fəxri adlara layiq görülənlər də az
deyil. Sənətkarın hərtərəfli fəaliyyəti
dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.
Möhtəşəm əsərləri ilə incəsənətimizi
zənginləşdirən akademik Ö.Eldarov öz
yaradıcılıq dünyası ilə xalqın, sənətsevərlərin
sonsuz məhəbbətini qazanıb.
Əsəd
Quliyev,
sənətşünas,
Rəssamlar
İttifaqının
üzvü
Mədəniyyət.-
2011.- 26 oktyabr.- S. 10.