Xalça
sənətinin ustadı
Kamil Əliyev - 90
Milli köklərə söykənən xalça sənəti
haqqında çox deyilib, çox yazılıb.
Çünki bu elə bir sənətdir ki, hər zaman
xalqın xidmətində olub və onun mədəni irsi kimi
bir çox sənətkarların ilham mənbəyinə
çevrilib.
Xalqımızın incə, zərif
ruhlu insanları bu sənətin qorunmasında böyük əzmkarlıq
nümayiş etdirmiş, onun çiçəklənməsinə
daim xüsusi qayğı göstərmişlər. Belə sənət
fədailərindən biri Kamil Əliyevdir. Azərbaycanın
tanınmış xalçaçı-rəssamı kimi tarixə
iz salmış Kamil Əliyev özünün çoxşaxəli
və orijinal üslubu ilə milli mədəniyyətimizə
böyük töhfələr vermişdir. Bu günlər 90
illik yubileyini qeyd etdiyimiz sənətkarın Azərbaycan rəssamlıq
sənətində, xüsusilə də,
xalçaçılıqda məxsusi yeri var. O, "Xalq rəssamı"
fəxri adına, ölkənin yüksək mükafatına
- "İstiqlal" ordeninə layiq görülmüş,
xalq dekorativ-tətbiqi sənəti sahəsində
gördüyü səmərəli elmi işlərə
görə ona professor elmi adı verilmişdir.
"Onun əsərləri Azərbaycan
xalçaçılıq sənətində, rəssamlıq
məktəbində daim yaşayacaq və çox görkəmli
əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində
öz layiqli yerini tutacaqdır" - sənətkar haqqında
bu sözləri Azərbaycan xalqının ümummilli lideri,
mədəniyyətimizin böyük hamisi və mahir bilicisi
Heydər Əliyev söyləmişdir.
Rəssamın rəngarəng
xalça portretləri, nəfis zərgərlik
kompozisiyaları, parlaq parçaları həqiqi xalq
obrazları ilə zəngindir. Onlarda naxış və
formaların milli dərki, görünüşü, rənglərində
isə xalq ruhunun, doğma Azərbaycanın ahəngi cəmləşib.
Kamil Müseyib oğlu Əliyev 22
oktyabr 1921-ci ildə İrəvan şəhərində anadan
olmuşdur. 1936-cı ildə Əzim Əzimzadə adına
Azərbaycan rəssamlıq məktəbinin dekorativ fakültəsinin
tələbəsi olarkən xalça sənətilə
tanış olub, onun sirlərinə isə üç il
sonra, “Azərxalça” birliyinin ekspert-rəssamlıq
laboratoriyasında təqlidçi-rəssam işləməyə
başlayanda yiyələnib. Burada o, saatlarla xalça dəzgahının
yanında növbətçi-rəssam kimi dayanaraq xalça
sənətinin bütün çətinliklərinə bələd
olub, xalqının müdrik, gözəl sənətini
yaxından hiss edərək həyatını
ömürlük bu sənətə
bağlamışdır.
Kamil Əliyevin zəngin
fantaziyası, yaradıcı düşüncəsini təyin
edən istedadı, onu yeni, özünəməxsus xalça
kompozisiyaları yaratmağa sövq etmişdir. Bunlar Azərbaycanın
görkəmli şəxsiyyətlərinə həsr
olunmuş portret-xalçalarda, habelə milli xarakterin
qabarıq ifadə olunduğu mürəkkəb
süjetli-tematik və ornamental kompozisiyalarda öz əksini
tapmışdır.
Bu xalçaların ümumi
üslubu, kökləri qədim Azərbaycanın bədii mədəniyyətinə
gedib çıxan ənənələrinə söykənir.
Yaratdığı əsərlərdə dekorativ formalar,
özünəməxsus şəkildə istifadə
olunmuş sonsuz variasiyalar obrazın daxili aləminin
açılmasına xidmət edir.
O, dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin vəfatının 400 illiyinə həsr etdiyi ilk əsərini
yeni məna ilə dolduraraq, obraz keyfiyyətini qabarıq
formada üzə çıxarıb, xalça portretində
özünün bədii obraz anlayışını verərək,
yumşaq, mülayim, rəvan xətlərlə şairin
obrazını böyük sənətkarlıqla
yaratmışdır. Uğurlu forma, ornamental rəngarənglik
zəngin kompozisiyaya malik əsərin yaranmasına səbəb
olmuşdur.
Xalça sənətində
portret mövzusu hələ erkən orta əsrlərdə
meydana çıxıb. Məhz o vaxt şərti dekorativ
xarakterə əsaslanan portret sənətinin əsas prinsipləri
yaranıb.
Kamil Əliyev xalçada portret janrının
zənginləşdirilməsi və inkişaf etdirilməsinin
vacibliyini intuitiv olaraq dərk etmiş və bu sahədə
yorulmadan xidmət göstərmişdir. O, portretlərə
lazımi xarakteri vermək üçün xalça sənətinin
bütün vasitələrindən, eləcə də xalq sənətinin
digər sahələrində işlənmiş bədii ifadə
vasitələrindən bacarıqla istifadə edərək
yaratdığı obrazların fərdi xarakterlərinin
açılmasına nail olmuşdur.
Böyük şairimiz İmadəddin
Nəsiminin böyük emosional təsir gücünə malik
obrazı şairin portreti olan xalçanın bədii dəyərini
təşkil edir. Əsası Təbriz xalça məktəbində
qoyulmuş kompozisiya quruluşu, ənənəvi kolorit,
texniki işlənmə üsulu obrazın həqiqətə
uyğun çatdırılmasına səbəb olmuşdur.
Mürəkkəb nəbati ornament hörüyü əsəri
tamamlayaraq portretlə vəhdət təşkil edir. Göy-qızılı-şəkəri
çalarların həmahəngliliyi ümumi formanın
bütövlüyünə təsir edir.
Həmçinin o, harmonik, gözəl
rəng çalarları vasitəsilə böyük Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin
yüksək poeziyasının mənasını
çatdırıb. Rəssam burada formanı xırdalayan
kiçik xətlərdən qaçaraq xarakterin
bütövlüyünü, ağıl və istedadın
böyüklüyünü qeyd edir. Xalçanın
göy-qızılı oxra rəngində işlənmiş
sərt koloriti də klassik ənənələrə
bağlılıqdan xəbər verir.
Böyük mütəfəkkir,
yazıçı-dramaturq Mirzə Fətəli Axundovun
obrazı da incə mavi çalarlarda verilib.
Kamil Əliyevin türk
xalqının böyük oğlu Atatürkə həsr
etdiyi portret-xalısı tam başqa ovqatlı bədii
üsluba malikdir.
Sənətkar 1999-cu ildə
yaratdığı başqa bir portret-xalçada həyatını
xalqının taleyində əbədi iz qoymuş
böyük dövlət xadimi, qüdrətli şəxsiyyət
Heydər Əliyevi ölkənin Ali Baş Komandanı kimi
general libasında təsvir etmişdir. İctimaiyyət tərəfindən
böyük rəğbətlə qarşılanan bu əsər
Heydər Əliyevin 75 illiyinə layiqli hədiyyə idi. Bu
portret-xalı Kamil Əliyevin ən böyük sənət
uğurlarından sayılır.
Yeni bədii ifadə vasitələrinin
axtarışı, yeni dekorativ kompozisiyaların
yaradılması rəssamın
yaradıcılığında əsasdır. Bu, üslubca
müxtəlif süjetli, ornamental xalça
kompozisiyalarının yaradılmasında özünü daha
qabarıq göstərir.
Variasiya bacarığı,
xüsusi keyfiyyətlər, yaradıcı intuisiya tələb
edən bədii irsə yanaşmada cəsur tərz, müəllif
tərəfindən düşünülən, gözəl,
parlaq xalça ideyalarının həyata keçirilməsinə
səbəb olur.
Rəssamın novatorluğu onu əsl
mahir ustaya, yeni forma və kompozisiyaların
yaradıcısına, əsərlərini isə fərdi təkrarolunmaz
əsərlərə çevirmişdir. Kamil Əliyevin
"Ləçək-turunc", "Butalı",
"Xonça" və s. xalçaları incə bədii
zövq, kompozisiya mürəkkəbliyi, ornamental bəzəyin
zənginliyi, ritmik düzülüşü, dekorativ motivlərin
mütənasibliyi, rəngin yüksək harmoniyası ilə
diqqət çəkir. Təbriz xalçalarının
dekorativ-obraz düzülüşü əsasında
yaradılan bu xalçalar bədii özünəməxsusluğu,
orijinallığı ilə seçilir, onların həllində
isə böyük ustanın əlinin
yüngüllüyü və məharəti hiss olunur. Rəssam
kompozisiya sxemini dəyişmir, mürəkkəbləşdirmir.
Orijinal sxemlərə həmişə orijinal, aydın bədii
ideya gətirir.
Kamil Əliyevin böyük estetik
dəyərli xalçaları mükəmməl və
peşəkar səviyyəli texnikası, yüksək iş
keyfiyyəti ilə seçilir. Qaynayan enerji, təbii istedad,
işləmək həvəsi Kamil Əliyevi zərgərlik,
bədii tikmə, parça kimi sənət sahələrində
də bir sıra orijinal əsərlər yaratmağa sövq
etmişdir. Bu işlərdə də milli koloritin
saxlanılması rəssam üçün önəmli
olmuşdur. O, materialın bütün işlənmə
texnologiyalarından istifadə edərək ənənəvi
naxışların saysız variasiyalarını tətbiq
etmişdir.
Milli ornament sənətinə dərindən
yiyələnməsi, incə bədii duyğu, böyük
ustalıq bacarığı Azərbaycan zərgərlik sənətinin
ənənələrini davam etdirən dekorativ kompozisiyalarda
xüsusilə özünü büruzə verir. Sənətkar
gümüş və fil sümüyünü məharətlə
uyğunlaşdıraraq, isti emal, oyma, qara mina
texnikasının incə işlənməsilə gözəl
kompozisiya və rəng ahəngli milli xarakterə malik dekorativ
əsərlər yaratmışdır.
Kamil Əliyevin əsərləri
onun parlaq, bənzərsiz, emosional sənətini bütün
rəngarəngliyi ilə göz önündə
canlandırır. Azərbaycan xalqının qədim mədəniyyəti
eyni zamanda rəssamın sənətində əbədi
yaşayır.
Röya Tağıyeva,
sənətşünaslıq
doktoru,
professor
Mədəniyyət.-
2011.- 26 oktyabr.- S. 8.