«Kamil Əliyevin xalça
dünyası»
Xalq rəssamının yubileyinə həsr edilmiş
albom-kataloq təqdim olundu
Oktyabrın 22-də Xalq rəssamı Kamil Əliyevin 90
illik yubileyi ilə əlaqədar sənətkarın Fəxri
xiyabanda məzarı ziyarət olunaraq, ruhuna dualar oxundu. Daha
sonra Kamil Əliyevin Xalça Muzeyində «Kamil Əliyevin
xalça dünyası» adlı albom-kataloqun təqdimat mərasimi
keçirildi.
Öncə kitabın tərtibatçı-redaktoru,
Əməkdar incəsənət xadimi Abdulla Qurbani Kamil Əliyevlə
bağlı xatirələrini bölüşərək,
kataloq haqqında məlumat verdi: «Kataloqda Kamil Əliyevin
portret xalçaları, ornamental xalçaları, eləcə
də eskiz və kompozisiyaları, baş yaylıqları
öz əksini tapıb. Azərbaycan, rus və ingilis dillərində
olan kataloq şəxsi muzeyin ziyarətçiləri
üçün hədiyyə kimi nəzərdə tutulub».
Qeyd olundu ki, prezident İlham Əliyevin
müvafiq sərəncamına uyğun olaraq sənətkarın
yubiley tədbirləri Naxçıvan, Quba, Xaçmaz,
İsmayıllı və digər xalçaçılıq
bölgələrimizdə də keçiriləcək.
Mərasimdə
çıxış edən Qafqaz Müsəlmanları
İdarəsinin sədri, şeyxülislam
Allahşükür Paşazadə görkəmli sənətkarla
bağlı xatirələrindən, onun Azərbaycan
xalça sənətinin qorunmasında göstərdiyi xidmətlərdən
söz açdı. Qeyd olundu ki, xalçaçı-rəssam
çoxşaxəli və orijinal üslubu ilə milli mədəniyyətimizə
dəyərli töhfələr verib.
Millət vəkili Fəttah Heydərov
çıxışında vurğuladı ki, Azərbaycan mədəniyyəti,
incəsənəti olduğu yerdə Kamil Əliyev
yaradıcılığı hər zaman olacaq: «Azərbaycan
bir çox dahilər yetirib. Kamil Əliyev də öz
yaradıcılığı ilə özünü həmin
sıraya daxil etmiş şəxslərdəndir. Onun
yaradıcılığı əbədi qaldıqca, o da
yaşayacaq”.
F.Heydərov sənətkarın əsərlərinin
Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və
başqa şəhərlərin muzey və qalereyalarında
nümayiş etdirildiyini, tamaşaçıların rəğbətini
qazandığını bildirdi.
Milli Məclisin deputatı Eldar
İbrahimov bildirdi ki, sənətkar yaratdığı
xalça-portretlərdə üz cizgiləri, göz rəngi
ilə insanın ürəyini göstərməyi bacarıb.
Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi sədrinin
müavini Sədaqət Qəhrəmanova da
çıxış edərək sənətkarla
bağlı fikirlərini bölüşdü.
Gülər
Mədəniyyət.- 2011.-26 oktyabr.-
S. 8.