Muğam musiqimizin vizit kartıdır”

 

   Ramiz Quliyev: “Musiqidə yolumuz dahi Üzeyir Hacıbəyli yoludur. Bu yolla musiqimizin təntənəsinə nail ola bilmişik”

  

   Xalq artisti, professor, beynəlxalq müsabiqələr laureatı, “Şöhrət” ordenli tarzən Ramiz Quliyev ötən 20 il ərzində Azərbaycan musiqisində əldə olunan nailiyyətlərdən söz açdı.

  

   Oxu tar, oxu tar!

   Səni kim unudar?”

  

   - Hər bir xalqın xoşbəxtliyi onun müstəqilliyidir. Şükürlər olsun ki, zaman-zaman həsrətində olduğumuz müstəqilliyə qovuşmuşuq. Dövlət müstəqilliyimizin bərpasının 20 ili ərzində hər bir sahədə yüksək nailiyyətlər əldə etmişik. Ömrümün 50 ilə yaxın dövrünü mədəniyyətimizin böyük bir sahəsinə - musiqiyə həsr etmişəm. Çətin zamanların da, təntənəli günlərin şahidi olmuşam. XX yüzillikdə musiqi sahəsində həyata keçməyən bir çox arzularımız müstəqillik illərində reallaşdı. Bizim qədim, gözəl musiqimiz dünya musiqi aləminə inteqrasiya olundu. Dünyanın ən böyük səhnələrində Azərbaycan musiqisi səsləndirildi. Mən bu səhnədə çıxış etməklə yanaşı, Azərbaycan musiqisinin necə heyranlıqla alqışlanmasının şahidi olmuşam.

   Azərbaycan musiqisinin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr böyük rol oynayır. Mədəniyyət Turizm Nazirliyinin keçirdiyi tədbirlər musiqimizin inkişafına təkan verir. Yüksək səviyyədə təşkil olunan beynəlxalq musiqi festivalları, muğam festivalları, simpoziumlar, xarici ölkələrdə təşkil olunan tədbirlər musiqimizi dünyaya tanıdıb. Bütün bunları görməmək mümkün deyil.

   - Ancaq ötən əsrin əvvəllərində tarı susdurmağa çalışanlar vardı. Tar ittiham olunurdu, mühakimə olunurdu...

    - Məni çox təsirli bir vaxta apardınız. Allah o günləri bir bizə göstərməsin. Ötən əsrin 30-cu illərində bəzi qələm sahibləri milli musiqi alətimizə qarşı çıxaraq yazırdılar: “Oxuma tar, oxuma tar, səni sevmir proletar”. O vaxtlar böyük şəxsiyyətlərin - dahi Üzeyir Hacıbəyli, unudulmaz Mikayıl Müşfiq, Səid Rüstəmov onların ətrafında olan insanlar tara qahmar çıxdılar. Tarı susdurmaq, tarın səsini almaq olmaz. Tar xalqın səsidir. Bütün milli alətlərimiz gözəldir, ancaq səs tembrinə görə bizim milli musiqimizin aparıcı aləti tardır. Mən bir musiqiçi olaraq, Müşfiqin sözləri ilə deyirəm: “Oxu tar, oxu tar! Səni kim unudar?”

  

   “Tar xalqın səsidir

  

   - Azərbaycan musiqisini dünyada layiqincə təbliğ edən sənətkarlarımızdan biri sizsiniz. Bu il ərzində hansı ölkələrdə olmusunuz?

   - İlin əvvəlindən 10 ölkədə olmuşam. Ötən ay Kanadada, Beynəlxalq Niaqara Musiqi Festivalında iştirak etmişəm. Yüksək səviyyədə bir festival keçirildi. Mən orada həm Azərbaycan muğamlarını, həm bəstəkar əsərlərini ifa etdim. Azərbaycanın bugünkü inkişafı ilə bağlı uğurlarımızı dinləyicilərə, tamaşaçılara sənətimlə çatdıra bildim. Bu mənim müstəqillik xoşbəxtliyimdir.

   İlin əvvəlində, yanvar-fevral aylarında isə Türkiyədə qastrol səfərində oldum. Ankara Dövlət Türk Milli Orkestri ilə birlikdə Ankara, İstanbul Urfa şəhərində konsertlər verdim. Sonra İranda Beynəlxalq Fəcr Musiqi Festivalında iştirak etdim. Mart ayında oğlum, beynəlxalq müsabiqələr laureatı, dirijor Eyyub Quliyevlə Moldovanın paytaxtı Kişinyovda keçirilən ənənəviMartişormusiqi festivalında iştirak etdik. Moskvada Qnesinlər adına Rusiya Musiqi Akademiyasının böyük salonunda Vladimir Andropovun dirijorluğu Rusiya Milli Akademik Orkestri ilə birlikdə ilk dəfə Azərbaycan tarı səsləndirildi. Sonrakı səfərlərim isə Budapeştə, Avstriyaya oldu. Bu səfərlərim olduqca uğurlu keçdi.

   Bütün bunlar müstəqilliyimizin bəhrəsidir. Hər kəs öz sənətini dünyanın istənilən ölkəsində nümayiş etdirə bilər. Sadəcə olaraq, hər bir sənətkar öz üzərində işləməli, intellekt səviyyəsini yüksəltməlidir ki, getdiyi ölkələrdə, çıxış etdiyi səhnələrdə təmsil etdiyi xalqın adət-ənənələrini, mənəvi dəyərlərini yüksək səviyyədə təmsil edə bilsin.

   - Azərbaycan musiqisi damla-damla, dalğa-dalğa dünyaya yayılmaqdadır. Musiqimiz dünyada necə qarşılanır?

   - Hər xalqın musiqisi özünə əzizdir. Bizim muğamımız musiqimizin vizit kartıdır. Amma biz xarici səfərlərdə olarkən tək muğamlarımız yox, bəstəkar əsərlərimizin necə heyranlıqla qarşılandığının şahidi oluruq. Dahi Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Cövdət Hacıyevin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Vasif Adıgözəlovun, Arif Məlikovun, Aqşin Əlizadənin, Azər Rzayevin digər böyük bəstəkarlarımızın hansı əsərini səsləndiririksə, böyük maraqla, böyük sevgi ilə qarşılanır. Hansı ölkədə oluruqsa, milli musiqimizlə yanaşı milli musiqi alətlərimizə heyran olurlar ki, bu da xalqımızın yüksək milli sərvətə malik olduğundan xəbər verir. Musiqidə bizim yolumuz dahi Üzeyir Hacıbəyli yoludur. Bu yolla musiqimizin təntənəsinə nail ola bilmişik.

   Bugünkü müstəqil Azərbaycan Üzeyir bəyin arzuladığı, görmək istədiyi Azərbaycandır.

   Hansı ölkədə olmuşuqsa, muğamın səsini heyranlıqla dinləyirlər. Çünki muğam eyni zamanda tarixin, xalqımızın səsidir.

   Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi, bu dövrdə bütün qədər əldə olan nailiyyət varsa, nəsillərə böyük töhfədir. Mən fürsətdən istifadə edib 1918-ci ildə - müstəqilliyimizin əldə olunmasında canlarını qoyan insanların ruhları şad olsun deyirəm. Zaman gəldi ki, onların arzuları həyata keçdi. Bu münasibətlə mən xalqımızı təbrik edirəm. Müstəqilliyimiz mübarək!

 

  

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 26 oktyabr.- S. 7.