“Xanuma”:
bu dəfə Milli Dram Teatrının səhnəsində
Gürcü müəllifi Avksenti Saqarelinin məşhur
«Xanuma» əsərinin bir neçə ay öncə Azərbaycan
Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulması
barədə xəbər vermişdik. İndi isə əsər
Akademik Milli Dram Teatrında səhnələşdirilir.
Musiqili Komediya Teatrının
repertuarında olan əsərin Milli Dram Teatrında hansı
yeniliklər, özəlliklərlə tamaşaçılara
təqdim olunacağı maraq doğurur. Bu barədə məlumat
almaq üçün əsərin rejissoru Mikayıl
Mikayılovla görüşdük. Qeyd edək ki, bu
tamaşa gənc rejissorun Milli Dram Teatrında ilk işidir.
Bundan əvvəl Musiqili Komediya Teatrında, Dövlət
Yuğ Teatrında tamaşalara quruluş verən
M.Mikayılov məşhur əsərin səhnələşdirilməsinə
böyük məsuliyyətlə
yanaşdığını deyir. Onun sözlərinə
görə, Milli Dram Teatrının direktoru İsrafil
İsrafilov ona musiqili, şən bir tamaşa
hazırlamağı təklif edib: “Teatrda musiqili
tamaşanın olmasını istəyirdik. Müzakirələrdən
sonra «Xanuma»nı seçdik. Bu əsərdə gürcü
folkloru var. Gürcülər də, biz də
qafqazlıyıq. Bu səbəbdən bizə yad ənənələr
deyil».
Xatırladaq ki, Milli Dram
Teatrında hələ 70-ci illərdə «Xanuma» əsəri
səhnəyə qoyulub, tamaşada baş rolu görkəmli
aktrisa Hökümə Qurbanova oynayıb. İllər sonra
teatrın səhnəsinə qaytarılan «Xanuma»nın yeni səhnə
yozumundan danışan rejissor, 70-ci illərdəki tamaşada
olduğu kimi, yenə Tofiq Quliyevin musiqilərinə yer veriləcəyini
bildirdi: “Orkestrdən istifadə etməyəcəyik. Səhnədə
piano qoyulacaq və canlı ifa ilə musiqiləri
tamaşaçıya çatdıracağıq. Onu deyə
bilərəm ki, bu, 40 il əvvəl qurulan tamaşaya
oxşamayacaq. Bu gün ayrı zamandır və bu zamandan
çıxış edərək əsəri səhnələşdirəcəyik”.
M.Mikayılov bildirdi ki, səhnə
əsərində əsərin yazıldığı
dövrlə müasir dövrü qovuşdurmağa
çalışıb: «Əsərdə sovet dövründən
əvvəl gürcü xalqının yaşayışı
əksini tapıb. Əsərdə maraqlı dramaturji əsas
var. Personajların bir-birinə münasibəti professional səviyyədə
qurulub. Bu, dünyada çox uğur qazanmış bir əsərdir.
Rusiyanın hər bir teatrında bu tamaşa səhnəyə
qoyulub. Biz «Xanuma»nı janr etibarilə musiqili parodiya
janrında qururuq. Həmin dövrün parodiyasını bu
dövrə də gətiririk. O dövrdə olmayan musiqilər
bizim hazırladığımız «Xanuma»da olacaq. Həm
indiki, həm də o dövrdəki problemlər
yaxınlaşdırılır. Amma hər şey gürcü
folkloru üzərində qurulacaq».
Rejissor Musiqili Komediya Teatrında
oynanılan «Xanuma»ya da toxunaraq, bildirdi ki, bu iki tamaşa
bir-birindən fərqli olacaq: «Bizdəki tamamilə fərqli
«Xanuma»dır. Çünki tamaşanın quruluşu fərqlidir.
Bir çox məşhur tamaşalara baxsaq görərik ki, əsas
obraz mahiyyət etibarilə olduğu kimi qalır. Amma
tamaşa üslubu və aktyor oyunu tamaşanı dəyişir.
Biz bu tamaşanı hazırladıqdan sonra Azərbaycanda iki
«Xanuma» olacaq. Amma bu azdır. Düşünürəm ki,
«Xanuma» digər teatrlarımızda da olmalıdır».
Tamaşanın yaradıcı heyətinə
gəlincə, Mustafa Mustafayevin quruluşçu rəssam
olduğu «Xanuma»da rolları Xalq artisti Bəsti Cəfərova
(Xanuma), Xalq artisti Ramiz Novruz və Əməkdar artist Cəfər
Namiq Kamal (Knyaz), Xalq artisti Zemfira Nərimanova (Tekle), Xalq artisti
Hacı İsmayılov və Əməkdar artist Əsgər
Məmmədoğlu (Timote), əməkdar artistlər Mətanət
Atakişiyeva (Kabato), Məsmə Aslanqızı (Keto), Səidə
Quliyeva və İradə Həsənova (Davedjan), Elşən
Cəbrayılov (Kote), Kazım Abdullayev (Makar Tkvilkotriaşvili),
Elşən Rüstəmov və Ayşad Məmmədov (Niko)
ifa edəcəklər. Tamaşa noyabr ayında teatrsevərlərə
təqdim olunacaq.
Gülər
Mədəniyyət.-
2011.- 26 oktyabr.- S. 7.