«Caz mənim üçün
ünsiyyət vasitəsidir»
Əminə
Fiqarova: «Azərbaycanı təbliğ etməkdən
böyük qürur hissi keçirirəm»
Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və
“Sweet production” şirkətinin təşkilatçılığı
ilə oktyabrın 15-də başlanan Bakı Beynəlxalq Caz
Festivalı maraqlı konsert proqramları ilə davam edir.
Festivalın iştirakçıları arasında Amerikada
yaşayan soydaşımız, tanınmış caz
pianoçusu və bəstəkarı Əminə Fiqarova və
onun rəhbərlik etdiyi «Sekstet-Qrupu» da var. Oktyabrın 20-də
Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən
konsert proqramında Ə.Fiqarova və ansamblı maraqlı
konsert proqramı ilə çıxış etdi. Konsertdə
musiqiçinin «Səmadan yuxarıda» və «Eskizlər»
adlı son iki diskindən kompozisiyalar səsləndi.
Avropa və Amerikada tanınan
istedadlı həmyerlimizin musiqi yaradıcılığı
özünəməxsus orijinal ifa tərzinə görə fərqlənir.
Onun haqqında dünyanın məşhur musiqiçiləri
yüksək fikirlər söyləyiblər. Ə.Fiqarova
Niderland, Belçika, Lüksemburq, Avstriya, Almaniya, İsrail,
Fransa, Danimarka, Amerika, Meksika, İtaliya və digər ölkələrdə
konsert proqramları ilə çıxış edib. Vətənə
tez-tez gəlsə də, xeyli vaxt idi ki, burada
çıxış etməmişdi. Onunla Beynəlxalq
Muğam Mərkəzindəki konsertdən sonra
görüşdük.
- Əminə xanım, bu günə
qədər dünyanın müxtəlif ölkələrində
konsert proqramları ilə çıxış etmisiniz. Vətəndə,
həmyerlilərinizin qarşısında
çıxış edərkən hansı hissləri
keçirdiniz?
- Əlbəttə, Vətəndə,
buradakı konsert salonlarında özümü çox
yaxşı hiss edirəm. Dünyanın hansı ölkəsində
yaşamağımdan asılı olmayaraq Azərbaycan hər
zaman mənim ürəyimdədir. Mən Bakıda
doğulmuşam, burada böyümüşəm,
uşaqlığım konsert verdiyim binanın yerləşdiyi
məkanda keçib, indiki Beynəlxalq Muğam Mərkəzinin
yaxınlığında yaşamışam. Mən
hazırda yaşadığım Nyu-York şəhərində
də özümü yaxşı hiss edirəm.
Çünki özümü ümumilikdə bu planetin sakini
hesab edirəm. Düşünürəm ki, sənin harada
yaşamağın vacib deyil, mühüm olanı budur ki, sən
öz sevdiyin işlə məşğul olursan. Bu baxımdan
hər zaman böyük məmnuniyyətlə Azərbaycana gəlib
həmyerlilərim qarşısında ifa etməyi
böyük fəxr hesab edirəm.
- Xaricdə çoxdan
yaşayırsınız?
- Mən Bülbül adına Orta
İxtisas Musiqi Məktəbini bitirmişəm. Hələ məktəbdə
təhsil alarkən məndə bəstəkarlığa həvəs
yaranmışdı, müəllimlər məndə
böyük istedad olduğunu deyirdilər. Sonra Dövlət
Konservatoriyasının Fortepiano ifaçılığı
fakültəsinə daxil oldum. Konservatoriyada təhsil
aldığım illərdə Moskvaya tez-tez gedirdim. Öz əsərlərimlə
müxtəlif musiqi festivallarında çıxış
edirdim. 1987-ci ildə SSRİ bəstəkarlarının
müsabiqəsində qalib adına layiq görüldüm. Həmin
festivalda Rafiq Babayevin orkestrinin ifa etdiyi «Hələ dünən»
adlı əsərimlə çıxış etdim. Məhz
bu hadisədən sonra məni SSRİ Bəstəkarlar
İttifaqına üzv seçdilər.
Elə həmin il Niderlanda gedib
orada yaradıcı fəaliyyətlə məşğul
olmağa başladım.
- Siz klassik musiqi
ifaçısısınız. Bəs klassik musiqi ilə
cazın sintezi, bu zəmində improvizasiya necə
alınır?
- Musiqi çox geniş
anlayışdır. Caz ilə nə qədər çox məşğul
olsan, o qədər başa düşürsən ki, caz və
klassika bir-birinə çox yaxındır. Bir dəfə
Niderlandda bir caz ifaçısının cazdan klassikaya necə
asanlıqla keçdiyini müşahidə etdim. Həmin vaxt
düşündüm ki, mən də klassikadan caza
asanlıqla keçə bilərəm. Mən uzun illər caz
pianoçularını dinləsəm də, belə bir ideya
heç vaxt ağlıma gəlməmişdi. Bu haqda
düşünüb həmin ifaçıya
yaxınlaşdım və bildirdim ki, caz ifasını öyrənmək
istəyirəm. Heç olmasa, özümü sınamaq istərdim.
Və o mənə kömək etdi. Nəticədə məni
dərhal ikinci kursa qəbul etdilər. Elə həmin ildə
ilk caz diskim işıq üzü gördü. Ümumiyyətlə,
istər cazda, istər klassikada, istərsə də pop
musiqisində mən yaxşı musiqini sevirəm.
- Sizin anlamınızda caz nədir,
onu bir neçə cümlə ilə necə ifadə edə
bilərsiniz?
- Caz mənim üçün azadlıq,
sərbəst özünüifadə deməkdir. Bir sözlə,
caz mənim üçün ünsiyyət
ölçüsüdür. Mən onunla səyahət edirəm.
Sən musiqi yaradırsan, onu ifa edirsən. Bu zaman
düzgün ton, düzgün not, düzgün akkord,
düzgün musiqi, melodiya axtarmağa
çalışırsan. Bir sözlə, mən öz fikirlərimi
sözlə deyil, musiqi ilə ifadə edirəm. Sadəcə
olaraq ritmlər müxtəlifdir. Klassik musiqiyə gəlincə,
xüsusilə son illər bir sıra dünya şöhrətli
pianoçular, musiqiçilər öz ifalarında klassik
musiqinin elementlərindən istifadə edirlər. Bramsa,
Raxmaninova müraciət edirlər. Beləliklə, indi bu həddindən
artıq inkişaf edib. Mən klassik musiqidən istifadə
etmirəm, sadəcə olaraq bu musiqi mənə texniki anlarda
kömək edir. Klassik musiqi mənim bilgilərimi zənginləşdirir
və inkişafa kömək edir.
- Bəs caz musiqisinin
auditoriyasını hazırda insanların hansı təbəqəsi
təşkil edir? Sizcə, caz kütləvi musiqidir, yoxsa?
- Bilirsiniz, bir çoxları
cazı elitar incəsənət hesab edir. Lakin bu belə
olmamalıdır. Mən indi musiqiçi Telonius Monike
haqqında maraqlı bir kitab oxuyuram. Həmin kitabda deyilir ki,
caz ən populyar, kütləvi musiqi janrı olub. Deməli,
caz elitar incəsənət olmayıb, onu hamı dinləyib.
Lakin indi pop-musiqi və digər musiqi janrlarının meydana gəlməsindən
sonra caz elitar musiqi olub. Buna səbəb caz musiqisi ilə
bağlı kifayət qədər reklamın, təbliğatın
olmamasıdır. Etiraf edim ki, digər ölkələrlə
müqayisədə bizim Bakımızda cazı daha çox
dinləyirlər. Hətta deməliyəm ki, Amerikadan da
çox. Məsələn, bizdə rok musiqisi digər ölkələrdə
olduğu kimi populyar deyil. Çox şadam ki, caz Bakıda
yaşayır. Azərbaycanda ritmi, emosional cazı sevir,
musiqiçiləri dəstəkləyirlər. Bizim
tamaşaçılarımız da xalqın özü kimi
emosionaldır və bu mənim çox xoşuma gəlir.
- İfanızda Azərbaycan bəstəkarlarının,
məsələn Vaqif Mustafazadənin, Rafiq Babayevin musiqilərindən
istifadə edirsiniz?
- Mən ayrı-ayrı musiqi əsərlərindən
deyil, Azərbaycan musiqisinin ritmlərindən istifadə edirəm.
Azərbaycan musiqisini sevirəm, bu musiqidə rəqs etməyi
də xoşlayıram. Ona görə də ritmlərimizdən
istifadə edirəm. Digər tərəfdən, mən ancaq
öz kompozisiyalarımı ifa edirəm. Bu o demək deyil ki,
Azərbaycan bəstəkarlarının bəstələrini
ifa etmək istəmirəm. Bütün bunlar ondan
qaynaqlanır ki, mən həddindən artıq çox musiqi
yazıram və öz emosiyalarımı bu musiqi ilə ifadə
etmək istəyirəm. Mən həm musiqini yazıram, həm
də onu aranjeman edirəm. Düşünürəm,
razılaşarsınız ki, mən də Azərbaycan bəstəkarlarından
birini təmsil edirəm. Lakin bir əsas məqamı da
vurğulamaq istərdim ki, mənim Azərbaycana həsr
olunmuş «Fire & Wind», yəni «Od və Külək»
adlı bir albomum var. Düşünürəm ki, bu doğma
Vətənimizi xarakterizə edən bir anlayışdır.
Bu əsər Bakı haqqında düşüncələrimi
ehtiva edir.
- Bakı Beynəlxalq Caz
Festivalı haqqında fikirlərinizi bilmək də maraqlı
olardı.
- Dünyanın müxtəlif
ölkələrindən olan caz ifaçılarının
iştirak etdiyi bu festival çox gözəl tədbirdir.
Yerli caz ifaçılarımızın da festivalda
iştirakı təqdirəlayiqdir. Festival yaxşı təşkil
olunub, proqram rəngarəngdir. Çox təəssüf edirəm
ki, mənim yaxın dostum, mənim üçün qiymətli
olan bir insan, Azərbaycanın görkəmli caz
ifaçısı Emil İbrahim dünyasını dəyişib.
O, Azərbaycan cazının inkişafı ilə
bağlı çox işlər görmüşdü.
- Yəqin çox ölkələrdə
qastrol səfərlərində olursunuz...
- Təbii, biz həmişə
qastrol səfərlərindəyik. Məsələn, son
yarım ildə 6 dəfə Amerikadan Avropaya uçmuşuq.
Bu səfərimdən sonra mən bir neçə həftə
istirahət edəcəyəm. Gələn ilin əvvəllərində
yeni disk yazmağa hazırlaşıram.
- Təqdimatdan bəlli oldu ki, rəhbərlik
etdiyiniz qrupun üzvləri müxtəlif ölkələrdən
toplanıb. Onları bir araya gətirmək çətin
deyil?
- Bu, Amerika və Avropadan olan
musiqiçilərdən ibarət beynəlxalq qrupdur.
Bütün musiqiçilər peşəkardır, onların
hər birinin özünün qrupu və diski var. Hər biri
aydın fikirli fərddir. Əlbəttə, belə
musiqiçilərin bir qrupda araya gəlməsi belə
möhtəşəm effekti verir. Elə peşəkar
olduqları üçün də onlar bir araya gəlirlər.
- Bildiyimiz qədər sizin qrupun həm
ifaçısı, həm də meneceri həyat
yoldaşınız Bart Plattodur...
- Biz artıq 21 ildir
ki, Bart ilə bir yerdəyik. O, Brüsseldə doğulub və cazı çox sevib. Bizim həyata, dünyaya baxışlarımız eynidir
və bunlar dil tapmağımıza kömək edir. Əsas odur ki, o yaxşı
insandır.
- Bakını
bu dəfə necə gördünüz?
- Doğrusu, Bakıya tez-tez gəlirəm. Demək olar ki, ildə iki dəfə
Bakıda oluram. Hər gəldiyimdə tədricən
dəyişikliklərin baş
verdiyini görürəm.
Əgər məsələn, 2002-ci ildə Bakıda keçirilən caz festivalı dövrü ilə müqayisə etsək, o halda ümumiyyətlə, şəhəri
tanımaq olmur. Deməli, 20 yaşlı müstəqil
Azərbaycan özünü
təsdiqləyir. Ölkəmiz zəngin mədəniyyətə,
mədəni ənənələrə
malikdir. Bu torpağın vətəndaşları
kimi borcumuz ölkəmizi, onun mədəniyyətini təbliğ
etmək, bütün
dünyanın diqqətinə
çatdırmaqdır. Dünyanın hansı ölkəsində
konsert verməyimdən
asılı olmayaraq yalnız azərbaycanlı
kimi təmsil olunuram. Və xaricdə Azərbaycanı
təbliğ etməkdən
böyük qürur hissi keçirirəm.
Mehparə
Mədəniyyət.- 2011.- 26
oktyabr.- S. 6.