Kitablarımız Almaniyada beynəlxalq sərgidə nümayiş olunub

 

   Oktyabrın 12-16-da Almaniya Federativ Respublikasının Frankfurt şəhərində keçirilən beynəlxalq kitab sərgisində ölkəmiz uğurla təmsil olunub.

  

   Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin İnformasiya və reklam sektorunun baş məsləhətçisi Aslan Cəfərov, şöbənin Nəşriyyat sektorunun məsləhətçisi Elbəy Əli, Heydər Əliyev Fondunun təmsilçisi Xəyalə Mikayılova, AzTV-nin əməkdaşları Tural Məmmədov və Faiq Məstanov iştirak ediblər. Daha sonra nümayəndə heyətinə Milli Kitabxananın direktoru Kərim Tahirov, Xalq yazıçısı Çingiz Abdullayev, Xarici İşlər Nazirliyinin İkinci Avropa şöbəsinin müdiri Rizvan Nəbiyev qoşulublar.

   Sərgidə ölkəmizə məxsus 40 kv m-lik stenddə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, Qarabağa dair nəşrlər ziyarətçilərə təqdim edilib. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kitabxananın hədiyyə fondunda saxlanılan və ölkənin digər qurumlarının, nəşriyyatlarının zəngin mədəniyyətimizə və incəsənətimizə həsr olunmuş Azərbaycan, ingilis, alman, rus dillərindəki nəfis tərtibatlı kitablar da ekspozisiyada yer alıb.

   Sərgi boyunca dövlətçilik tariximiz, Qarabağ həqiqətləri, mədəniyyətimiz barədə kitablar, turizm potensialımız haqqında müxtəlif bukletlər və digər nəşr məhsulları öz poliqrafik keyfiyyətinə, zəngin məzmununa görə daim diqqət mərkəzində olub. Nəşr məhsullarımızdan bəziləri stendimizi ziyarət edən, kitablarımızla maraqlanan xarici vətəndaşlara hədiyyə olunub. Eyni zamanda bu mövzulara dair onlara ətraflı məlumatlar verilib. Bir çoxunun eşitdiyi Azərbaycan həqiqətləri onların böyük marağına və doğru informasiya əldə etməsinə səbəb olub. Azərbaycanda dini tolerantlığın tarixən bərqərar olması, tolerantlığın bu gün də Azərbaycan dövlətinin siyasətində prioritet istiqamətlərdən biri olması barədə məlumatlar avropalı ziyarətçilərin xüsusi diqqətini cəlb edib.

   Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə oktyabrın 15-də pavilyonumuzun qarşısında bayram tədbiri keçirilib. Tədbirin təşkilində Başar Kömürün rəhbərliyi ilə Avropa Azərbaycanlıları Konqresinin, “Service Supreme” şirkətinin əməkdaşları, həm Azərbaycan, həm də türk diasporunun üzvləri nümayəndə heyətimizə yaxından kömək ediblər. 15 oktyabr saat 12-də başlayan tədbiri giriş nitqi ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açıb. Daha sonra Başar Kömür, Xalq yazıçısı Çingiz Abdullayev, əyalət məclisinin deputatı Rahim Schmitt, Türkiyə mədəniyyət və turizm nazirinin müşaviri İbrahim Sarıtaş, ölkəmizin Almaniyadakı səfirliyinin III katibi Zaur Qulaməliyev, Xarici İşlər Nazirliyinin II Avropa şöbəsinin müdiri Rizvan Nəbiyev çıxış edərək tədbir iştirakçılarına ölkəmiz haqqında, aparılan quruculuq işləri barəsində məlumat verib, müstəqillik illərində Azərbaycanın böyük inkişaf yolu keçdiyini nəzərə çatdırıblar.

   Bir məqamı da qeyd edək ki, bədnam qonşularımız, həmişə olduğu kimi, bu sərgidə də təxribat əməllərindən qalmayaraq Qarabağı erməni ərazisi kimi göstərən xəritə və nəşrləri təqdim etməyə çalışıblar. Bununla bağlı Azərbaycan nümayəndə heyəti tərəfindən sərginin Təşkilat Komitəsinə müraciət edilib və ərazi bütövlüyümüzün, beynəlxalq hüququmuzun pozulduğu bildirilib. Məsələ Təşkilat Komitəsi tərəfindən araşdırılaraq Ermənistan pavilyonundakı həmin materiallar məcburi olaraq yığışdırılıb.

   Sərgi və nümayəndə heyətinin fəaliyyəti haqqında AzTV-nin əməkdaşları tərəfindən süjet hazırlanaraq efirdə nümayiş olunub. Sərgi başa çatdıqdan sonra nümayiş etdirilən kitablar ölkəmizin Almaniyadakı

 

 

   Mədəniyyət.- 2011.- 26 oktyabr.- S. 5.