Kreativliyin qorunması: 20 illik təcrübə və müasir rəqəmli çağırışlar”

 

   Bakıda Tvininq layihəsinin təqdimat mərasimi keçirildi

  

   Oktyabrın 25-də “Hilton Bakı” hotelində Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Avropa Komissiyasının birgə təşkilatçılığıyla ölkədə müəlliflik hüququ və əlaqəli hüquqların təminatının gücləndirilməsi məqsədi ilə Tvininq layihəsinin təqdimatına həsr olunmuş seminar keçirildi.

  

   “Kreativliyin qorunması: Azərbaycan Respublikasının 20 illik təcrübəsi və müasir rəqəmli çağırışlar” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov müəllif-hüquq sahəsində kadrların peşəkarlığının artırılması və əqli mülkiyyətin müasir tələblərə uyğun qaydada idarəçiliyinin təşkil edilməsi istiqamətləri haqqında məlumat verdi. O, piratçılıqla mübarizənin gücləndirilməsi ilə əlaqədar agentlikdə “Əqli mülkiyyət hüquqlarının təminatı mərkəzi”nin yaradıldığını bildirdi. Agentlik tərəfindən informasiya texnologiyaları-əqli mülkiyyət əlaqəsi təhlil edilib, nəticələrə uyğun olaraq Azərbaycan hökumətinə müvafiq təkliflər verilib.

   Qeyd olundu ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna Dünya Əqli Mülkiyyət Təşkilatının “Müəlliflik hüququna dair” və “İfalara və fonoqramlara dair müqavilələrinin, həmçinin Avropa İttifaqının müvafiq direktivlərinin müddəaları nəzərə alınmaqla rəqəmli hüquqlara dair konkret normaları ehtiva edən müvafiq dəyişikliklər edilib. Bununla da milli qanunvericilikdə internet hüquqları sahəsində boşluqlar aradan qaldırılıb.

   Agentlik sədrinin sözlərinə görə, bundan sonra xarici ölkələrdə Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədilə istifadə qanunla tənzimlənəcək. Folklor nümunələrindən müxtəlif üsullarla, o cümlədən internetdə istifadə olunarkən təbii mahiyyətinin dəyişdirilməsinin və mənimsənilməsi hallarının qarşısının alınması üçün “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişikliklər edilib. Buna uyğun olaraq xarici ölkələrdə Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadə Müəllif Hüquqları Agentliyinin icazəsi ilə həyata keçiriləcək. İcazənin verilməsi qaydaları və istifadəyə görə haqqın məbləği Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib.

   Əqli mülkiyyət sahəsində mədəniyyətin formalaşmasının aktuallığına diqqət çəkən K. İmanov Azərbaycanda piratçılığın səviyyəsinin azalması ilə bağlı müsbət tendensiyanın olduğunu qeyd etdi: “Əgər 2005-ci ildə nəşrlər sahəsində piratçılıq göstəriciləri 61 faiz olubsa, indi bu rəqəm 40 faiz təşkil edir. Audio, video sektorunda (CD, DVD) piratçılıq səviyyəsi 90 faizdən 70 faizə düşüb. Proqram təminatı sahəsində bu rəqəm əvvəlcə 96 faiz olub, hazırda isə 88 faiz təşkil edir”.

   Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia seminarın müəllif hüquqlarının müdafiəsi baxımından əhəmiyyətindən danışdı. Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellen, Yunanıstanın Bakıdakı səfiri İonannis Metaksas layihənin məqsədlərindən danışdılar, seminarın əqli mülkiyyətin müasir tələblərə uyğun idarəçiliyinin təşkil edilməsinə töhfə verəcəyinə əminliyini bildirdilər.

   Tədbirdə əqli mülkiyyət sahəsində aparılmış islahatlar, piratçılıqla mübarizənin, informasiya texnologiyaları-əqli mülkiyyət əlaqəsinin gücləndirilməsi, inkişaf etdirilməsi və s. mövzularda geniş müzakirələr aparıldı.  

 

 

   Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2011.- 26 oktyabr.- S. 5.