Xalçaçı-rəssam
Kamil Əliyevin yubileyi
qeyd edildi
Xalça
Muzeyində sənətkarın əsərlərinin sərgisi
açılıb
Oktyabrın 25-də Mədəniyyət və Turizm
Nazirliyi və L.Kərimov adına Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşkilatçılığı
ilə Xalq rəssamı, professor Kamil Əliyevin 90 illik
yubileyi ilə bağlı sərginin
açılışı keçirildi.
Görkəmli sənətkarın
Azərbaycan xalçaçılıq sənətinə gətirdiyi
yeniliklər, bu sənətin inkişafına verdiyi töhfələr
haqqında geniş tamaşaçı kütləsini məlumatlandırmaq
məqsədilə təşkil olunan sərgidə Xalça
Muzeyindən, Milli İncəsənət Muzeyindən və
Kamil Əliyevin Xalça Muzeyindən seçilmiş əsərləri
nümayiş etdirilir.
Sonra Muzey Mərkəzinin akt
zalında Kamil Əliyevin 90 illik yubileyinə həsr
olunmuş təntənəli mərasim keçirildi. Mərasimdə
öncə tədbirin aparıcıları sənətkarın
yaradıcılığı barədə məlumat verdilər.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev milli xalçaçılıq
sənətinin zəngin tarixi olduğunu, Azərbaycan
xalqının bu sənəti qədim zamanlardan bu günədək
yaşadaraq inkişaf etdirdiyini vurğuladı: “Mən deyərdim
ki, Azərbaycanda xalçaya fövqəladə bir münasibət
var. Xalqımız üçün xalça yaxın dost,
sirdaş, doğma diyar anlamındadır. Azərbaycan
xalqı xalça sənətində iz qoymuş sənətkarların
əməyini, xidmətlərini hər zaman yüksək qiymətləndirib.
Kamil Əliyev də belə böyük sənətkarlardandır.
Onun əsərləri hansı ölkədə
saxlanılırsa, demək ki, orada Azərbaycan mədəniyyəti
var”.
Nazir Azərbaycan
xalçaçılıq məktəbinin inkişafında sənətkarın
böyük əməyi olduğunu bildirdi: «Kamil Əliyev
heç vaxt unudulmayacaq insanlardandır. Onun qoyduğu irs Azərbaycan
xalçaçılıq məktəbinin zənginləşməsinə,
inkişafına xidmət edir. Onun yaratdığı əsərlər
Azərbaycan incəsənətinin ən zirvədə duran
nümunələrindəndir».
Nazir Kamil Əliyevin yublieyinin qeyd
olunması ilə bağlı prezidentin sərəncamını
bütünlükdə sənət adamlarının
yaradıcılığına verilmiş yüksək qiymət
kimi dəyərləndirdi.
Sənətşünaslıq
doktoru, Kamil Əliyevin yaradıcılığının tədqiqatçısı
Kübra Əliyeva xalçaçı-rəssamın öz əsərləri
ilə tarix yaratdığını dedi: «Azərbaycanın
böyük sənətkarları tarix yaradıblar. Kamil Əliyev
də xalça üzərində tarix yaradıb. Onun əsərlərində
fəlsəfə, muğam, musiqi var. Onun yuxusuz gecələri
hesabına yaratdığı ornamentlər böyük bir
tarixdir».
Tədbirdə daha sonra Mədəniyyət
və İncəsənət Universitetinin professoru Rafiq
Sadıxov, «Kamil Əliyevin xalça dünyası» adlı
albom-kataloqun tərtibatçısı Abdulla Qurbani, millət
vəkili, professor Nizami Cəfərov və başqaları
çıxış edərək, sənətkarla
bağlı fikirlərini bölüşdülər.
Mərasimdə Qədim Musiqi Alətləri
Ansamblının ifasında xalq mahnıları dinlənildi.
Sonda K.Əliyevin ailə üzvləri
adından çıxış edən həyat yoldaşı
Ramizə Əliyeva, qızı Nərminə Əliyeva və
“Azərxalça” Elmi Yaradıcılıq İstehsalat
Birliyinin baş direktoru Əlisəfa Nuriyev bütün
iştirakçılara öz dərin minnətdarlıqlarını
bildirdilər.
Gülər
Mədəniyyət.- 2011.- 26
oktyabr.- S. 3.