Folklorumuzun janr müxtəlifliyi
və xüsusiyyətləri
Milli folklorumuz zaman-zaman qonşu xalqların şifahi və
yazılı ədəbiyyatına da təsir edib
Şifahi poetik yaradıcılıq kimi mənalandırdığımız
zəngin folklorumuz janr müxtəlifliyi, dərin məna
çalarlığı ilə böyük mədəni sərvətimizdir.
Folklorumuz bu zənginliyi sayəsində tarixən qonşu
xalqların şifahi və yazılı ədəbiyyatına
da təsir edib. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin “Tətbiqi
kulturologiya” kafedrasının müdiri, professor İlqar
Hüseynovla söhbətimiz də bu barədədir.
- İlqar müəllim, zənginliyi
ilə seçilən folklorumuz qonşu xalqların folklor və
ədəbiyyatına necə təsir edib. Bu,
reallıqların tarixi qaynaqları barədə nə deyərdiniz?
- Azərbaycan folklorunun tarixi
çox qədimdir. Epik folklor janrlarından nağıl və
dastanlar, xalq müdrikliyinin ifadəsi olan hikmətli atalar
sözləri tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına
güclü təsir göstərib. Daha doğrusu,
gürcülər, ermənilər, farslar və digər etnik
xalqlar folklorumuzdan daim bəhrələniblər. Xüsusilə
də aşıq sənətimiz qonşu xalqların ədəbiyyatlarına
daha çox təsir edib. Bir sıra gürcü, erməni və
ləzgi aşıq-şairləri türk-Azərbaycan dilində
yazıb-yaradıblar. XVIII əsrdə erməni
aşıq-şairi Sayat Nova və XX əsrdə ləzgi
aşıq-şairi Süleyman Stalski şeirlərinin əksəriyyətini
bizim dildə qələmə alıb.
- Folklorumuzun xalq arasında daha
geniş yayılmış növləri və onları
bir-birindən ayıran keyfiyyət fərqləri nə ilə
bağlıdır?!
- Azərbaycan folklorunun dramatik janrları
əsasən xalq oyunları və meydan tamaşaları ilə
təmsil olunub. Novruz günlərində oynanılan xalq oyun və
tamaşaları xüsusilə populyardır.
Geniş yayılmış lirik
folklor janrlarından birini də xalq mahnıları təşkil
edir. Bunlar konkret musiqi motivinə bağlı olan müxtəlif
formalı poetik mətnlərdir. “Aman nənə”, “Ay lolo”,
“Süsən sünbül” və s. xalq mahnıları indi də
müğənnilərin repertuarından düşmür.
Epik folklor janrlarından ilk diqqət çəkəni əfsanələrdir.
Əfsanələri başqa epik janrlardan fərqləndirən
başlıca əlamət, onda fantastik element və hadisələrin
iştirak etməsidir. Eyni əlamətin
daşıyıcısı olan sehrli nağıllardan fərqli
olaraq, əfsanələrdə süjet bitkin xarakter
daşımayıb. Yalnız bir fraqment şəklində
olub. Təsvir etdiyi obyekt və hadisənin məzmununa görə
Azərbaycan folklorunda əfsanələr kosmoqonik, zoonimik,
toponimik, etnoqrafik, dini, tarixi, qəhrəmanlıq və s.
xarakteri daşıyır. Əfsanə və rəvayətlərdən
sonra epik növün geniş yayılmış
növünü nağıllar təşkil edir.
Atalar sözü də Azərbaycan
folklorunun epik janrları arasında geniş yayılıb.
Xalqın əsrlər boyu əldə etdiyi təcrübəsinin
ümumiləşmiş yekunu, nəticəsi olan atalar
sözü və məsəllər türk xalqları
arasında geniş yayılıb. Bir çox hallarda cəmiyyətdə
əxlaq kodeksini əvəz edib. Bu janrın ilk nümunələri
"Kitabi-Dədə Qorqud", Mahmud Kaşqarinin
"Türk dilinin divanı" ("Divani lüğət-it-türk)
kimi klassik yazılı abidələrdə özünə
yer tapıb.
- Şifahi və klassik ədəbiyyatımızda
mifoloji-bədii dünyagörüşümüzün izləri
hələ də özünü göstərməkdədir.
Azərbaycan mifologiyasının sistemliliyi və
bütövlüyü barədə nə deyərdiniz?
- Klassik ədəbiyyatda
xalqımızın mifoloji-bədii
dünyagörüşü geniş yer alıb. Ancaq Azərbaycan
mifologiyası qədim hind, qədim yunan mifologiyası qədər
sistemli şəkildə deyildir. Folklorumuzda isə Azərbaycan
mifologiyasının izlərini aşkar etmək
mümkündür. Qeyd edək ki, Azərbaycan mifoloji mətnlərinin
əksəriyyətində qədim türk mifoloji
düşüncəsi aparıcı motiv kimi
çıxış edib. Söz, hərəkət və oyun
vasitəsilə təbiət qüvvələrinə təsir
göstərmək arzusu ibtidai insanda mifoloji mətnləri
yaratmaq və ifa etmək ehtiyacı doğurub. Buna misal olaraq
"Kosa-Kosa", "Qodu-Qodu", "Xıdır Nəbi"
mərasim nəğmələrini və bunları
müşayiət edən rəqsləri misal göstərmək
olar.
Folklorumuzun özəlliklərindən
birini də onun başqa türk xalqlarının folkloru ilə
ortaq cəhətlərə malik olmasıdır. Ortaq türk
folkloruna aid olan dastanlar arasında "Oğuznamə"lər
xüsusi bir silsilə təşkil edir.
"Köç", "Şu",
"Qayıdış" kimi dastanlarda isə bütöv
şəkildə qədim türklərin həyatı bədii-mifoloji
əksini tapıb. Həmin dastanların çoxu xülasə
şəklində XI yüzillikdə
yaşayıb-yaratmış türk alimi Mahmud
Kaşğarinin "Türk dilinin divanı" əsərində
öz əksini tapıb.
- Bəs folklor janrlarının
bölgüsü və onların məna çalarları necə
xarakterizə olunur?
- Azərbaycan folklor nümunələrinin
böyük bir qrupu isə, xüsusi olaraq uşaqlar
üçün yaradılıb. Bunlar lirik, epik, həm də
dramatik növlərə aid nümunələrdir. Lirik növə:
layla, oxşama, nazlama, uşaq mahnıları; epik növə:
tapmaca, yanıltmac, qaravəlli, uşaq nağılları;
dramatik növə isə uşaq oyunları və tamaşalar
daxildir.
Onu da deyək ki, Azərbaycan
folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin
ayrıca yeri var. XVI-XVIII yüzilliklərdə dastan janrı
xüsusilə geniş inkişaf edib. Nəticə olaraq Dirili
Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə
Qasım kimi qüdrətli sənətkarlar ərsəyə
gəlib. Əsasən orta əsr məhəbbət
dastanları -"Qurbani", "Aşıq Qərib və
Şahsənəm", "Abbas və Gülgəz",
"Tahir və Zöhrə", "Alıxan və Pəri",
qəhrəmanlıq dastanı olan "Koroğlu" məhz
bu dövrün məhsuludur. Məhəbbət
dastanlarından fərqli olaraq, "Koroğlu" müxtəlif
qolların toplusu olmaqla "Dədə Qorqud"
dastanlarının ənənəsini davam etdirib və buna
görə də epos adlanıb.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 28 oktyabr.- S. 15.