Çinarlar diyarı
Zəngilan
rayonunun işğalından 18 il ötür
Oktyabrın 29-da Azərbaycanın Zəngilan rayonunun Ermənistan
tərəfindən işğal edilməsinin 18 ili tamam olur.
Erməni silahlı qüvvələrinin
1993-cü il oktyabrın 24-25-də başlanan genişmiqyaslı
hücumu Zəngilan rayonunun, habelə Cəbrayıl və
Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrinin
işğalı ilə başa çatıb. Zəngilan ermənilərin
Dağlıq Qarabağ ətrafında işğal etdiyi
sonuncu, sayca 7-ci rayon oldu. Rayonun 707 kv km-lik ərazisi (rayon mərkəzi
və 90-dək yaşayış məntəqəsi) erməni
qüvvələrinin əlinə keçib, 35 min insan didərgin
düşüb. Erməni təcavüzü zamanı rayonun
200-dək sakini həlak olub.
Rayonda 9 məktəbəqədər
müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb,
1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət
evi, 23 klub və 22 kinoqurğu, habelə dəmiryolu deposu
işğal zamanı məhv edilib.
Zəngilandakı tarixi yerlər,
qalalar, arxeoloji qazıntılar zamanı aşkar edilmiş
maddi-mədəniyyət abidələri və nümunələri
bölgənin qədim keçmişindən xəbər
verir. Bu tarixi-mədəni sərvət erməni
işğalçıları tərəfindən talan edilib.
Zəngilan çinarlar diyarı
kimi də tanınırdı. Rayonun ərazisində, Bəsitçayın
dərəsində Bəsitçay Dövlət Təbiət
Qoruğu ərazisinin landşaft kompleksini, xüsusilə nadir
təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil
edilmişdi (1974). Dünyada çinarın 7 növü var.
Azərbaycanda onun bir növü - Şərq çinarı
yayılıb. Şərq çinarının çoxsahəli
əhəmiyyətini, dünyada az yayılmasını, nadir
bitki olmasını və son əsrlərdə xeyli azalmasını
nəzərə alaraq, onun adı Azərbaycanın
«Qırmızı Kitabı»na yazılıb.
Bəsitçay Dövlət Təbiət
Qoruğunun 100 hektarını çinar meşələri
tutur. Hazırda Zəngilanda ermənilər tərəfindən
ekoloji terror siyasəti yürüdülür, bölgənin
zəngin çinar meşələri məhv edilir, təbii
ehtiyatları mənimsənilir.
Mədəniyyət.-
2011.- 28 oktyabr.- S. 14.