Muzey qurucularımız:
Ağakərim
Şərifov
Məlumdur
ki, muzey xalqın milli sərvətini - maddi və mənəvi
abidələrini toplayır, qoruyur, onların öyrənilməsini,
nümayişini və təbliğini təmin edir. Beləliklə,
muzeylərin meydana gəlməsi həm də elmi biliklərin
təbliği və cəmiyyət üzvlərinin estetik tələbatının
ödənilməsi zərurəti ilə bağlıdır.
Eyni zamanda, o da məlumdur ki, muzey əşyaları muzeylərdən
çox-çox əvvəl meydana gəlmişdir. Ən qədim
dövrlərdən başlayaraq zaman-zaman insanların bu və
ya digər tələbatının ödənilməsi məqsədilə
yaradılan bu nümunələr sonradan «mədəniyyət
sərvəti», «muzey əşyası» adlarını
almışdır.
Bu sərvəti müəyyən
bir məkanda toplayan və gələcək nəsillərə
çatdırmaq istəyənlər öz xalqına, onun
tarixinə və mədəniyyətinə qəlbən
bağlı olan şəxslərdir. Azərbaycanda 1919-cu ildə
yaradılmış ilk rəsmi dövlət muzeyinin -
İstiqlal muzeyinin qurucuları görkəmli sənətşünaslar
- Hüseyn bəy Mirzəcamalov və Məhəmməd
Ağayev olmuşdur.
1924-cü ildə Naxçıvan
və Gəncə, daha sonra Şəki və Lənkəran
şəhərlərində tarix-diyarşünaslıq muzeyləri
yaradıldı, Qubada isə muzeyin əsası qoyuldu. Bu muzeylərin
yaradılmasında yerli həvəskarlar fəal iştirak
edirdilər. Gəncə tarix-diyarşünaslıq muzeyinin təşkili
Gəncə Pedaqoji Seminariyasının müəllim və tələbələrinin
adı ilə bağlıdır.
Naxçıvanda yerli ziyalı
Mirbağır ağa burada tarix muzeyinin əsasını
qoyanlardan biridir. İndi Naxçıvan Muxtar Respublikası
Dövlət Tarix Muzeyi kimi fəaliyyət göstərən
həmin muzeyin ilk direktoru da Mirbağır ağa olmuşdur.
Qubada muzeyin əsasını
görkəmli din xadimi və ziyalı Əhməd Əfəndi
Çələbizadə qoymuşdur. O, 1924-cü ildə
«Cümə məscidi» yanında dərs dediyi mədrəsədə
tarix muzeyi yaratmış, burada Azərbaycan tarixinə aid
materialları toplamışdır. Eksponatların əksəriyyəti
Əhməd Əfəndinin özünə məxsus
olmuşdur.
Şəki
tarix-diyarşünaslıq muzeyinin yaradılmasında
dövrünün qabaqcıl maarif xadimi, yazıçı və
dramaturq Rəşid bəy Əfəndiyevin müstəsna əməyi
vardır. Lənkəranda muzeyin bünövrəsini yerli
ziyalı Mirzə Ağaəli Əliyev qoymuş, Masallıda
isə ilk muzeyin yaradıcısı orta məktəb müəllimi
Rəhim Tağıyev olmuşdur. Bu gün öz
yaradıcılarının xatirəsinə hörmət əlaməti
olaraq Şəki muzeyi Rəşid bəy Əfəndiyevin, Lənkəran
muzeyi Mirzə Ağaəli Əliyevin, Masallı muzeyi isə
Rəhim Tağıyevin adını daşıyır.
Muzey direktorlarından Solmaz Məhərrəmova
(Laçın) və Xalis Məmmədov (Qəbələ) da
boya-başa çatdıqları rayonun
tarix-diyarşünaslıq muzeyinin qurucularıdır.
Onların hər ikisi bu gün “Əməkdar mədəniyyət
işçisi” fəxri adını şərəflə
daşıyırlar.
Muzey rəhbərlərinin bir
neçəsi ilə «Mədəniyyət»in oxucularını
az-çox dərəcədə tanış etmişik. Bu
yazıda Cəfər Cabbarlı adına Azərbaycan Dövlət
Teatr Muzeyinin yaradıcısı və ilk direktoru Ağakərim
Şərifov haqqında söz açmaq istəyirik.
O, 1899-cu ildə doğulmuş,
1942-ci ildə dünyasını dəyişmişdir.
Kiçik yaşlarından özü də, qardaşları
- Ağasəlim, Hacıbaba və Niyaz da səhnə ilə
bağlı olmuşlar. Niyaz Şərifov sonradan
tanınmış rejissor, Ağakərim isə teatr
tarixçisi, tədqiqatçı və pedaqoq kimi fəaliyyət
göstərmişdir.
Ağakərim Şərifov 1920-ci
illərin əvvəllərində Bakı Türk
İşçi Teatrında, eyni zamanda, Bakı Teatr
Texnikumunda işləyirdi. Məhz həmin illərdə o,
teatr tarixinə aid muzey yaratmaq fikrinə düşmüş
və bu yöndə iş aparmağa
başlamışdır. Müxtəlif teatr tamaşalarının
proqram və afişalarını, teatr xadimlərinin şəxsi
əşya və sənədlərini, rol dəftərlərini,
teatr geyimlərini, fotoşəkillərini və digər
materialları toplamaqla gələcək muzeyin əsasını
qoymuş, eyni zamanda, rəsmi qaydada teatr muzeyi
yaradılması barədə məsələ
qaldırmışdır. Dövrünün görkəmli
ziyalıları, sənət adamları, o cümlədən
Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy
Haqverdiyev, Cəfər Cabbarlı, Əzim Əzimzadə, Sidqi
Ruhulla onu dəstəkləmiş, kömək göstərmişlər.
1927-ci ildə teatr işçilərinin
respublika müşavirəsində məhz Ağakərim
Şərifovun təşəbbüsü ilə teatr tariximizə
aid muzeyin yaradılması barədə məsələ
qaldırılmış və elə həmin ildə Azərbaycan
Dövlət Dram Teatrının binasının foyesində
belə bir muzey təşkil olunmuşdur. Muzeyin
açılışında rəsmi şəxslər, görkəmli
ziyalılar və sənət adamları - böyük
yazıçı Əbdürrəhim bəy Haqverdiyev, dahi bəstəkar
Üzeyir Hacıbəyli, aktyorlardan Mirzəli Abbasov, Mirseyfəddin
Kirmanşahlı, Kazım Ziya, Yusif Yulduz, Alma xanım, Əsəd
Tahir və başqaları iştirak etmişlər. Əslində
bu, teatr tarixinə aid sərgi və gələcək muzeyin təməli
idi.
Məhz həmin gündən bu
muzey teatr tarixinə və teatr xadimlərinə aid
yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm
əsərlərini, müxtəlif sənədləri toplayan
və qoruyan məbəd kimi formalaşmağa başlayır.
Sərgi tez bir zamanda Azərbaycan
Dövlət Muzeyinin teatr şöbəsi kimi rəsmiləşdirilir.
Bu zaman əşyaların əsas hissəsi Azərbaycan
Dövlət Muzeyinə verilir, bəzi əşyalar isə
teatrda saxlanılaraq sərgilərdə istifadə olunur. Nəhayət,
1934-cü ildə Azərbaycan Dövlət Muzeyinin müvafiq
şöbəsinin bazasında Azərbaycan Dövlət Teatr
Muzeyi yaradılır və Ağakərim Şərifov muzeyin
direktoru təyin edilir.
1934-cü il noyabrın 24-də
muzeyin təntənəli açılışı
keçirilir. Mərasimdə o dövrün görkəmli sənət
xadimləri - Bülbül, Şövkət Məmmədova,
Hüseynqulu Sarabski, Aleksandr Tuqanov, Ülvi Rəcəb,
İsmayıl Hidayətzadə və başqaları
iştirak edirlər. Bu hadisə barədə "Pravda" qəzetinin
21 dekabr 1934-cü il tarixli sayında məlumat verilir.
Bütün bunlar Ağakərim
Şərifovun inadkar fəaliyyətinin və gərgin əməyinin
nəticəsi idi. O, sözün həqiqi mənasında
muzey vurğunu, muzey işinin fədaisi idi. Teatr tariximizlə
bağlı hər bir əşya onun üçün əziz
idi, doğma idi, hər şeydən əvvəl, əvəzsiz
sərvət idi. Məhz buna görə də həmin əşyaları
qayğı ilə (bəzi hallarda böyük əmək sərf
etməklə) toplayır və qoruyurdu.
Əlbəttə, Ağakərim
Şərifov bu işə söz sənəti, xüsusən
teatr sənəti ilə məşğul olanları da cəlb
edir, muzeyə qayğı göstərməyi bir vəzifə
kimi onların qarşısında qoyurdu. Muzeyin inkişafına,
bir mədəniyyət ocağı kimi zənginləşməsinə
qayğı göstərənlərdən biri də professor Əziz
Şərif olmuşdur.
Professor Əziz Şərifin
«Keçmiş günlərdən» kitabından: «Ağakərim
Şərifov mənim yaxın və səmimi dostlarımdan
idi, o zaman (1928-ci il nəzərdə tutulur - A.B. ) təzəcə
təşkil etdiyi teatr muzeyini idarə edir,
teatrımızın tarixinə dair müxtəlif
materialları toplayır, muzeyi zənginləşdirməyə,
onu teatr tariximizi işıqlandıra bilən mədəni-elmi
mərkəzə çevirməyə
çalışırdı. Teatr muzeyi yalnız Ağakərimin
yorulmaq bilmədən, gecə-gündüz
çalışıb-vuruşması sayəsində
yaşayırdı».
Əziz Şərif, eyni zamanda,
muzeyin yaradıcısına toplama işində kömək
edir, Tiflis Azərbaycan teatrına aid materialları muzeyə
verirdi.
Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, mərhum
teatrşünas İnqilab Kərimov belə
yazmışdır: «Ağakərim Şərifov sənət
vurğunu, fədaisi kimi, bu işi həvəslə,
şövqlə, cəfakeşliklə yerinə
yetirmişdir. O, muzeyi əziyyətlə, vərəq-vərəq
topladığı və həm də Azərbaycan Dövlət
Muzeyində olan müvafiq materiallardan istifadə edib
yaratmışdı: «heçdən bir şey» düzəltmişdi».
1935-ci ildə Ağakərim Şərifovun
təklifi ilə muzeyə böyük Azərbaycan dramaturqu Cəfər
Cabbarlının adı verilir.
Qeyd etdiyimiz kimi, Ağakərim
Şərifov, eyni zamanda, teatr tədqiqatçısı kimi
fəaliyyət göstərmişdir. Onun 30-cu ildə nəşr
olunmuş «Azərbaycanda türk teatrı tarixi materialları»
kitabı Azərbaycan teatrşünaslığında ilk tədqiqat
işlərindəndir. Kitabda milli teatr sənətimizin
yaranması və inkişaf tarixi, habelə səhnə xadimlərinin
fəaliyyəti barədə məlumat verilmiş, bu sahədə
mövcud problemlər öz əksini tapmışdır. Bu
kitab sonralar teatrımızın tarixi ilə bağlı tədqiqatların
aparılmasında dəyərli mənbə rolunu
oynamışdır.
1937-1938-ci illərin acı yelləri
teatr xadimlərinin, habelə Dövlət Teatr Muzeyinin
üstündən də əsib, milli teatrımızın
inkişafına ağır zərbə vurub. Həmin illərdə
bir sıra teatr xadimləri repressiyaya məruz qalırlar.
Bunların arasında Dövlət Teatr Muzeyinin direktoru
Ağakərim Şərifovun qohumları da vardı. Ağakərim
Şərifovun oğlu Azad Şərifov yazır: "...Bir qədər
sonra atamı işdən götürdülər və on ay
ailəmiz rahatlıq nə olduğunu bilmədi, gecələr
gözümüzə yuxu getmirdi, gözləyirdik ki, indi - bu
saat NKVD-nin "qara maşını" qapımızın
ağzında dayanacaq. Ancaq, gözlənilmədən hadisələr
başqa cür cərəyan etdi. Azərbaycanın görkəmli
mədəniyyət xadimlərinin təhriki ilə atamı
işə bərpa etdilər, hətta xəstəliyi ilə əlaqədar
müalicə olunmaq üçün sanatoriyaya putyovka da verdilər.
Lakin atamın son günləri idi. 1942-ci il fevralın 5-də,
şaxtalı bir gündə atam dünyasını dəyişdi".
Ağakərim Şərifovun əsasını
qoyduğu Cəfər Cabbarlı adına Azərbaycan Dövlət
Teatr Muzeyi bu gün ölkəmizin ən zəngin və
baxarlı muzeylərindən biridir. Burada fəal toplama işi
aparılır, rəngarəng tədbirlər keçirilir.
Muzeyin direktoru, Əməkdar mədəniyyət
işçisi Nuridə Nurullayeva yazır: «Xoş bir
haldır ki, istər sərgilərimizin hazırlanmasında,
istərsə də tədbirlərimizin yüksək səviyyədə
təşkilində muzeyimizin xəzinəsi öz dəyərli,
nadir sənədləri ilə əlimizdən tutur və biz
xüsusilə belə anlarda muzeyin banisi və ilk direktoru olan,
teatr işini mükəmməl bilən gözəl insan, zəhmətkeş
ziyalı Ağakərim Şərifovu dönə-dönə
yad edirik. Onun uzaqgörənliklə topladığı və
bu gün tarixilik baxımından əvəzsiz olan sənədlər
teatrımızın keçmişini öyrənən
neçə-neçə tədqiqatçı
üçün salnamə xidməti göstərmiş və
bu iş bu gün də layiqincə davam etdirilir».
Ağakərim Şərifov yəqin
ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət
Teatr Muzeyini belə görmək istəyirdi.
Adilxan
Bayramov,
filologiya elmləri doktoru
Mədəniyyət.-
2011.- 28 oktyabr.- S. 13.