Ədəbiyyatımızın böyük dayağı

 

   Mirzə İbrahimov - 100

  

   III yazı

  

   Oktyabrın 26-da AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, akademik Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi.

  

   Elmi sessiyada Mirzə İbrahimovun zəngin ədəbi irsi və ədəbiyyatşünaslığımızdakı danılmaz xidmətləri geniş təhlil edildi, böyük yazıçı və böyük şəxsiyyət barədə xoş xatirələr söylənildi.

   Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyevin çıxışından bəzi məqamları nəzərinizə çatdırırıq.

   - 1945-ci ildə ölkəmizdə Elmlər Akademiyası təsis olunarkən onun ilk həqiqi üzvləri - akademikləri arasında Mirzə İbrahimov da vardı. Mirzə İbrahimovu təkcə Azərbaycanda yox, bütün Sovetlər İttifaqında bir filoloq, bir nəzəriyyəçi kimi yaxşı tanıyır, onunla məsləhətləşir, vacib problemlərin həllində hesablaşırdılar. Hansı vəzifəni tutmasından asılı olmayaraq, Azərbaycanda ideoloji həyatın, o zamankı anlayışlar, münasibətlər baxımından hər hansı biruyğunsuzluğu” görən yuxarı instansiyalar ilk olaraq Mirzə müəllimə müraciət edir, ondan cavab istəyirdilər. Böyük ədib, ictimai xadim onların hamısına cavab verməli olurdu. Mən bu cür ideoloji basqılardan birinin tarixçəsinə müxtəsər də olsa aydınlıq gətirmək istəyirəm. Söhbət XI əsr İran ədəbiyyatının qiymətli nümunələrindən biri, dünyada məşhur olan “Qabusnamə” əsərinin Azərbaycan dilinə tərcüməsindən və bu münasibətlə erməni böhtançıların keçmiş SSRİ miqyasında qaldırdıqları bir hay-küydən gedir.

  

   Mirzə İbrahimovun qətiyyəti

  

   Mənim arxivimdə Mirzə müəllimin mübarək xətti ilə yazılmış bir məktub qorunub saxlanılır. Məktubda deyilir:

   “Bəkir müəllim!

   Burada, yanımda oturmuş ... yoldaş mənə bildirdi ki, ona deyiblər: guya “Qabusnamə”nin Azərbaycan tərcüməsinə başqa mətnlərdə olmayan “erməni” sözü əlavə edilib. Səndən xahiş edirəm, mümkün qədər bu məsələni aydınlaşdırasan. Həm orijinalda, həm başqa tərcümələrdə, o cümlədən rus və erməni mətnlərində bu məsələnin nə şəkildə əks olunduğunu, bizim tərcümə ilə fərqini aydınlaşdırasan.

   Görünür, bugünkü mübahisə ilə qurtarmayacaq.

   Mirzə İbrahimov 28 iyun, 1986.

   Böyük Kreml sarayı, SSRİ yazıçılarının VIII qurultayı”.

   Məlumat üçün deyim ki, mən də adıçəkilən qurultayın nümayəndəsi idim və məktubun yazıldığı gün Mirzə müəllim həmin qurultayın Rəyasət Heyətində öz yerini tutmuş, mən isə salonda ikinci sırada əyləşmişdim.

   Bəs, görəsən, Yazıçılar Qurultayının Rəyasət Heyətindəki həmin “yoldaşkim imişonu həyəcanlandıran nə imiş ki, o, Mirzə müəllimi narahat etmiş və indicə məzmunu açıqlanan məktub yazılmışdır.

   “Qabusnamə” Yaxın Şərqdə məşhur olan “Munisnamə”, “Siyasətnamə”, “Pəndnamə” və “Nəsiətnamələr” qəbilindən olan çox qiymətli bir əsərdir. Burada təsvir olunur ki, Gilan hökmdarı Keykavus gələcəkdə taxt-tac sahibi kimi görmək istədiyi oğluna bu əsər vasitəsi ilə nəsihətlər edir, onun əxlaq və vərdişlərini təkmilləşdirmək məqsədilə həyatın ən müxtəlif durumlarında düzgün qərarlar qəbul etməsi barədə məsləhətlər verir.

   Əsərin 23-cü fəslində müəllif oğluna qullara münasibətdə hansı mövqedə durmağı da öyrədir və bazarda qul alarkən ehtiyatlı olmağı, yaxşını pisdən ayırmağı tövsiyə edir. O, yunan, çin, hind, türk və sairələrlə bir sırada erməni mənşəli qullar haqqında da öz qənaətlərini bildirir. Ata oğluna məlumat verməyi lazım bilir ki, “ermənilər naqiseyibli məxluqdur. Onların eybi pis əməlli, oğru (başqalarını gözü götürməyən, yersiz hay-küy salan, riyakar, söyüşgən, ürəyi xıltlı, ağasına düşmən) olmalarıdır. Ümumiyyətlə, onlar (ermənilər) başdan-ayağa müsbətdən çox mənfiyə yaxındırlar”.

   ...Təbii ki, Bakıya qayıdan kimi mən “Qabusnamə”nin fars, Azərbaycan, rus, erməni mətnlərini topladım, bu klassik əsəri ana dilimizə çevirən görkəmli şərqşünas, tanınmış fars dili mütəxəssisi, professor Rəhim Sultanovla görüşüb söhbət etdim. Məlum oldu ki, Rəhim Sultanov məşhur İran alimi Səid Nəfisinin 1934-cü ildə çap etdirdiyi “Qabusnamə”ni öz tərcüməsi üçün əsas götürmüş, onu Rzaqulu xan Hidayətin əvvəllər buraxdığı digər bir nəşrlə tutuşdurub bir mütərcim kimi özü üçün daha da dəqiqləşdirmişdir. Alim farsca nəşrlərin hər ikisində yer almış “erməni məsələsini” mənə göstərib xatircəm etdi ki, o öz tərcüməsində mətnə tam sədaqət nümayiş etdirib, “Qabusnamə”nin azərbaycancasına nankor qonşularımız haqqında orijinalda olmayan yeni heç bir şey əlavə etməmişdir.

   Erməni dilinin, ədəbiyyatının və tarixinin əla bilicilərindən biri olan professor Mirəli Seyidov mənim xahişimlə arayış hazırladı və bildirdi ki, ən böyük xəta “Qabusnamə”nin erməni tərcüməsindədir. Yəni erməni qulların mənəvi eybəcərlikləri haqqında kitabda deyilənlər ermənicəyə tərcümədə yerli-köklü ixtisar edilmişdir.

   Mən böyük şərqşünas akademik Y.Bertelsin rus dilində buraxdığı iki “Qabusnamə”ni, yəni əsərin 1953 və 1958-ci il nəşrlərini də çox diqqətlə araşdırdım. Məlum oldu ki, lənətə gəlmiş mikoyançılar Moskvada görkəmli alim Bertelsə müxtəlif yollarla, yəqin ki, həm də siyasi hədə-qorxu ilə təzyiq göstərmiş, ermənilər haqqında sözügedən mülahizələrin rus mətnindən çıxarılmasına nail olmuşlar. Daha dəqiq desək, bu bədnam mətləb 1953-cü ilin Moskva nəşrində əsas mətndən çıxarılıb izahlar, şərhlər bölməsində petit deyilən lap xırda şriftlə yerləşdirilmişdir: “...Keykavusun müxtəlif xalqlara məxsus qullar haqqında sadaladığı qüsurlar (mənfiliklər) son dərəcə kobuddur və (buna görə də onlar) hazırkı nəşrə salınmamışdır”. Beş il sonrakı ikinci nəşrdə isə bu izahat oradan da çıxarılmışdır.

   Dediyim mənbələr əsasında, adıçəkilən məşhur mütəxəssislərin köməyi ilə hazırladığım müfəssəl arayışla tanış olan Mirzə müəllim dodaqaltı qımışdı: “Bunlara zor-xoş məskunlaşdığı heç bir ölkədə Azərbaycandakı qədər geniş imkanlar yaradılmayıb, amma yenə də öz idbar xislətlərindən əl çəkmirlər...”

   Bir neçə gün ərzində özünün də apardığı araşdırmaların nəticələrini materiala əlavə edib onu aidiyyəti üzrə Moskvanın o zamankı lap yuxarı idarəsinin ideoloji şöbəsinə göndərdi. Sənədin mahiyyəti bu idi ki, azərbaycanlılar klassik ədəbi abidəni tərcümə edərkən ona heç bir şey əlavə etməmiş, əsəri necə varsa, eləcə də Azərbaycan dilinə çevirib nəşr etmişlər. Ermənistanda və Rusiyada isə həmin kitab böyük ixtisar və təhriflərlə buraxılmışdır.

   Onu da deyim ki, Kreml sarayında Mirzə müəllimin yanında oturmuşyoldaşo zaman Ermənistan Yazıçılar İttifaqına rəhbərlik edən bədnam Vardges Petrosyan imiş...  

   Beləliklə də erməni böhtançılarının növbəti yalanı da bir balaca ayaq tutsa da yerimədi, Azərbaycan alimlərinin, akademik Mİrzə İbrahimovun qətiyyəti sayəsində puç oldu.

  

   “Mirzə İbrahimov XX əsr ədəbiyyatımızı yaradanlardandır”

  

   Elmi sessiyada filologiya elmləri doktoru Tehran Mustafayev “Görkəmli nasirdramaturqmövzusunda geniş məruzə etdi. Məruzədən bəzi məqamlar:

   - Mirzə İbrahimov bir yazıçı kimi: nasirdramaturq olaraq, 1930-cu illərdən 1990-cı illərəcən nəhəng bir dövrü ehtiva edən miqyaslı yaradıcılığı - üç epoxal romanı - “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə”, yeddi pyesi - “Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar”, “Bəşərin komediyası”, çoxsaylı hekayə və povestlərindən seçmələr bütövlükdə XX əsr ədəbiyyatımızın mərhələlərini, eniş-dönüş və yüksəlişini təcəssüm etdirir, bu ədəbiyyatın parametrlərini, səciyyə və keyfiyyətlərini yaxından duyub anlamağa, təhlil və dəyərləndirməyə vəsilə olur.

   Mirzə İbrahimov zəngin və son dərəcə konseptual yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatını nəyinki təmsil və simvolizə etdi, tipoloji mənada o, həmçinin XX əsr ədəbiyyatımızı yaradanlardandır.

  

   Mirzə İbrahimovun ədəbi-nəzəri irsi

  

   Filologiya üzrə fəlsəfə doktoru Şirindil Alışanlı “Mirzə İbrahimovun ədəbi-nəzəri görüşləri” barədə məruzə etdi:

   - Azərbaycan xalqının dövlətçilik və ədəbi-bədii fikir tarixində müstəsna xidmətləri olan Mirzə İbrahimovun çoxsahəli fəaliyyətində sənətin nəzəri məsələləri, milli ədəbi irs, dünya ədəbiyyatı, müasir ədəbi irsin problemləri xüsusi yer tutur. Mirzə İbrahimovun ədəbi-nəzəri irsi 30-cu illərdən əsrin sonuna qədərki böyük bir epoxanı əks etdirir, onun nəzəri-metodoloji nailiyyətlərini və ideoloji kontekstini özündə əks etdirir...

   ... Onun ilk tənqidi və nəzəri məqalələrindəki təhlil mədəniyyəti, elmi məntiq və mühakimə səviyyəsi, düşüncə tərzinin vüsəti dərhal seçilirdi. Hələ 1939-cu ildə nəşr edilmiş «Böyük demokrat» monoqrafiyası dediklərimizə parlaq sübutdur. Bu monoqrafiya təkcə Mirzə Cəlil yaradıcılığını əhatə etmir. Mirzə Cəlil sənətinin milli qaynaqları, rus, Avropa mədəni irsi bu tədqiqatın kontekstində dayanır. Azərbaycan ədəbiyyatı tarixində yeni dövrü şərtləndirən ictimai-fəlsəfi və ədəbi amillər Mirzə İbrahimov tərəfindən güclü elmi məntiqlə, tarixi inkişaf prosesində tədqiq edilir.

   Bu əsər çox gənc, iyirmi səkkiz yaşlı Mirzə İbrahimovun elmi-nəzəri hazırlığı, analitik təfəkkür tərzi, Azərbaycan ədəbiyyatı ilə yanaşı dünyanın qabaqcıl mədəniyyəti ilə tanışlığının əyani nümunəsidir. Digər tərəfdən, Azərbaycanda yeni dövr ədəbi-bədii təsisatlarını müəyyən edən amillər doğru müəyyən edilir, yığcam bir əsərdə yeni bir epoxanın ideya-estetik mahiyyəti haqqında dolğun təsəvvür yaranır...

   ...Ötən əsrdə xalqımızın taleyi, onun dili və mədəniyyəti ilə bağlı elə ciddi hadisə, elə elmi mübahisə, müzakirə olmamışdır ki, orada Mirzə İbrahimovun sərrast, müdrik sözü eşidilməsin. Mirzə İbrahimovun ədəbi-nəzəri irsi onun bədii yaradıcılığı ilə bərabər XX əsr Azərbaycanının mədəni tərəqqisində böyük rol oynamış və bu irsin əxlaq və sənət dərsləri tükənməz bir məktəbdir.

  

   * * *

 

   Elmi sessiyada filologiya elmləri doktoru Sabir Əmirov “Mirzə İbrahimov və Cənubi Azərbaycanda ədəbi prosesmövzusunda məruzə etdi. O, məruzəsində Mirzə İbrahimovun Cənub mövzusunda qələmə aldığı “Cənub hekayələri” və “Gələcək gün” romanından söz açdı, bu əsərləri dünya ədəbiyyatı xəzinəsinə daxil olan əsərlər kimi səciyyələndirdi.    

   Tədbirdə iştirak edən Mirzə İbrahimovun qızı - Xalq artisti, professor Sevda İbrahimova çıxış edərək çox maraqlı çıxışlara görə hər kəsə öz təşəkkürünü bildirdi və atası ilə bağlı xatirələrini dilə gətirdi.

 

  

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 28 oktyabr.- S. 12.