“Uzaq
sahillərdə” “Qızmar günəş altında”
yaşayan sənətkar
Kino rəssamı Cəbrayıl Əzimovun 85 illiyi
münasibətilə
“Bizim janrın rəssamlarının sənəti
növbəti respublika və ya ümumittifaq sərgilərinin
təntənəli açılışını gözləmir.
Kino tamaşaçıların görüşünə
hər gün, hər axşam gəlir, qaranlıq kinozallarda
onların qarşısında işıq saçır. Biz,
Azərbaycan kinosunun rəssamları bunu yaxşı başa
düşür və öz işimizdə, dekorasiyaların tərtibində
lakonikliyə, ciddiliyə, sadəliyə, ən vacibi yeniliyə
can atırıq”.
Bu sözlər Azərbaycanın Əməkdar rəssamı, ilk milli peşəkar kino rəssamlarından biri Cəbrayıl Əzimova məxsusdur. Həyatını Azərbaycan kinematoqrafiyasının inkişafına həsr edən, milli kinomuzda öz dəst-xətti ilə seçilən Cəbrayıl Əlimuxtar oğlu Əzimov 1926-cı ildə Bakıda neftçi ailəsində dünyaya göz açıb. 1941-ci ildə 7-ci sinfi bitirdikdən sonra, 15 yaşında Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. Burada oxuduğu vaxt kitablara illüstrasiyalar çəkir. Məktəbi uğurla başa vurur, “Od gəlini” rəsmi diplom işi kimi “əla” qiymətə layiq görülür.
Lakin gənc rəssamın uşaqlıqdan həvəs göstərdiyi, çox sevdiyi daha bir incəsənət sahəsi var idi. Bu, kino idi. 1947-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun filmin təsvir-dekorasiya tərtibatı fakültəsinə daxil olur. Burada sovet kinosunun görkəmli rəssamları F.Boqorodski, Y.Pimenov və T.Şeqaldan peşənin incəliklərini öyrənir. İnstitutu bitirərkən görkəmli yazıçı M.S.Ordubadinin eyniadlı əsəri əsasında çəkdiyi “Döyüşən şəhər” tablosunu diplom işi kimi komissiyaya təqdim edir və burada da “əla” qiymət alır.
1953-cü ildə institutu bitirən Cəbrayıl Əzimov Bakı kinostudiyasında fəaliyyətə başlayır. Kinostudiyada müxtəlif rejissorlarla, o cümlədən H.Seyidzadə, T.Tağızadə, L.Səfərov, Ə.Atakişiyev, K.Rüstəmbəyov, A.Babayev, M.Dadaşovla işləyir, 10-dan artıq bədii filmin quruluşçu rəssamı olur. Onun kinostudiyada ilk yaradıcılıq işi “Doğma xalqımıza” rəngli bədii-sənədli filmidir. Bu film üzərində dostu E.Rzaquliyevlə birgə çalışmışdır. Sonrakı illərdə quruluşçu rəssam “Görüş”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Uzaq sahillərdə”, “Qəribə əhvalat”, “Leyli və Məcnun”, “Sehrli xalat”, “Zəncirlənmiş adam”, “İnsan məskən salır”, “Qanun naminə” filmlərinə bədii tərtibat vermişdir. Bundan başqa o, Türkmənistanda “Şahsənəm və Qərib” filminin (rejissor T.Sabirov) də quruluşçu rəssamı olmuşdur.
Kino rəssamlığı teatr tərtibatı, dekorativ tətbiqi, dəzgah boyakarlığı, qrafika, memarlıq və heykəltəraşlıq sənətləri ilə qarşılıqlı əlaqədə yaranmış və kino istehsalı prosesində formalaşmışdır. Ona görə də kino rəssamı hərtərəfli biliyə - inşaat layihəsinə, tikinti texnikasına, memarlığın tarixinə və üslub müxtəlifliyinə yaxşı bələd olmalıdır.
C.Əzimov məhz belə görkəmli sənətkarlardan idi. Onun müxtəlif filmlərə çəkdiyi eskizlərə, bu eskizlər əsasında filmlərdə qurulan dekorasiyalara baxarkən C.Əzimovun peşəkar kino rəssamı olduğunu bir daha yəqin edirik.
Rejissorlardan H.Seyidzadə və Y.Fridin çəkdikləri “Doğma xalqımıza” bədii-sənədli filmi (1954) janrına görə film-konsertdir. Bu, incəsənət ustalarının Azərbaycan zəhmətkeşlərinə yaradıcılıq hesabatıdır. Film gözəl rəqslərlə və mahnı melodiyaları ilə yadda qalır. Filmə “Koroğlu” və “Nərgiz” operalarından, “Yeddi gözəl”, “Qız qalası” və “Gülşən” baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri daxil edilmişdir. İncəsənət ustalarının çıxış etdikləri səhnələr bədii tərtibat baxımından diqqəti cəlb edir.
Azərbaycan Xalq rəssamı E.Rzaquliyevin sənət dostu haqqında dediklərindən: “Cəbrayıl Əzimovla Moskvada Kinematoqrafiya İnstitutunda bir yerdə oxuyurduq. Oxuduğumuz müddətdə möhkəm dostlaşmışdıq, həmişə də bir yerdə olardıq. Hətta kirayə ev də tutmuşduq, yeyib-içməyimiz də bir yerdə olardı. Cəbrayıl gözəl sənətkar olmaqla bərabər, həm də şəxsiyyət idi. “Doğma xalqımıza” və “Bəxtiyar” filmləri üzərində bir yerdə işləmişdik. O, rəssamlar arasında öz dəst-xətti, səliqə-sahmanı ilə seçilirdi..."
1955-ci ildə istehsal olunmuş “Görüş” kinokomediyası (rejissor T.Tağızadə) kənd həyatına, Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr olunmuşdur. Filmdə əsasən natura çəkilişlərindən istifadə olunsa da, pavilyonda hazırlanmış dekorasiyalar - otaqları, otaqlardakı əşyalar, mebellərin necə yerləşdirilməsi, işıq effektləri ab-hava yaradır, qəhrəmanların əhval-ruhiyyəsini ifadə edir. Kolxoz sədri Münəvvərin kabineti, kolxoz çayxanası, Şıxəlinin mənzili və s. epizodlar yüksək professionallığı ilə seçilir. Bu filmin də bədii tərtibatı üzərində C.Əzimov E.Rzaquliyevlə birgə işləmişdir.
Kinonun birinci xüsusiyyəti həyatı olduğu kimi, dürüst göstərməkdir. Bu, kinonun qanunudur. Tamaşaçı pisi yaxşıdan ayırmağı bacarır. O, filmə baxanda səhvi o dəqiqə görür, hiss edir. Teatr rəssamını heç kəs şərtilikdə ittiham etmir. Çünki teatr səhnə çərçivəsi ilə məhdudlaşır. Kinoda isə bunun əksinədir. Burada şərtsizlik hökm sürür. Ekranın xüsusiyyəti belədir.
“Bəxtiyar” musiqili filmində (1955) rəssamlar qəhrəmanın fəaliyyəti ilə bağlı məkan quruluşu əsasında “Neft Daşları”, “Polad estakadalar”, “Konsert salonları”, “Konservatoriyanın interyeri” eskizlərini hazırlamışlar. Film çəkilərkən rejissor L.Səfərov və operator A.Nərimanbəyov eskizlərin ekran variantında rəssamın nəzərdə tutduğu bədiiliyi bütünlüklə saxlamışlar. Burada işıqlandırma qanunları, ətraf mühitin rəng çalarları gözlənilmişdir.
Kino rəssamı iş prosesində bir çox gözlənilməz məsələlərlə qarşılaşmalı olur. Rejissor L.Səfərovun yaratdığı “Qızmar günəş altında” filmində də (1957) əksər səhnələr naturada lentə alınmışdır. İnteryerlər isə pavilyonda hazırlanmışdır.
İlk baxışda elə görünə bilər ki, kino rəssamının işi heç də mürəkkəb deyil. Natura seçiminə rejissor, operator və rəssam birgə gedirlər. Çünki rəssam daha yaxşı, daha münasib yer seçə bilir. Təsadüfi deyil ki, filmin çəkilişi üçün çay və limon bol olan Astara rayonunu rəssam təklif etmişdi. Ancaq kinoobyektiv hər şeyi əks etdirə bilmir. Ona görə ki, natura ilə pavilyonu birləşdirmək lazım gəlir. “Qızmar günəş altında” filmində olduğu kimi.
Onun “O olmasın, bu olsun” kinokomediyası ilə “Uzaq sahillərdə” qəhrəmanlıq - macəra filminin dekorasiyalarının eskizləri xüsusilə uğurludur. Bu bədii filmlər kino rəssamlarının təsvir olunan epoxaları dərindən bilmələrinə dəlalət edir.
Rejissor H.Seyidzadənin “O olmasın, bu olsun” filmi 1910-cu ildə Bakıda baş verən hadisələri, iki sevən gəncin ülvi məhəbbət tarixçəsini ekranda canlandırır. Filmin bədii tərtibatı üzərində rəssam C.Əzimov gənc həmkarı N.Zeynalovla birgə işləmişdir.
Rəssamlar dövrlə bağlı obrazların, hadisələrin dolğun və təbii çıxması, keçmişi hərtərəfli öyrənmək üçün tədqiqatçı kimi axtarışlar aparmalı oldular. Filmdə bazar səhnəsinin eskizləri xüsusilə sənətkarlıqla işlənmişdir. Əsl Şərq bazarını xatırladan səhnə kimi Azərbaycan filmlərində təsvir olunan ən gözəl, təbii, canlı və yaddaqalan bazardır. Bu məşhur bazar səhnəsi köhnə kinostudiyanın həyətində tikilmişdi. Natura çəkilişləri filmin doxsan faizini təşkil edir. Bu görüntülər dövrün ab-havası, insanların həyat tərzi barədə tamaşaçıda tam təsəvvür yaradır. Rəssamların filmdəki işləri - “Məşədinin dükanı”, “Rüstəm bəyin həyəti”, “Qonaqlıq səhnəsi”, “Liman”, “Hamam”, “Toy səhnəsi” və s. bu gün də maraqla baxılır.
“Uzaq sahillərdə” filminin iki quruluşçu rəssamı var: C.Əzimov və K.Nəcəfzadə. Onlar bu filmin uğurlu alınması üçün çox iş görüblər. Dekorasiyaların yerləşdirilməsində və kostyumların hazırlanmasında yerli şərait və milli kolorit nəzərə alınmışdır.
C.Əzimov heç vaxt Triyestdə olmayıb, onun küçələrini gəzməyib. Amma Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi Mehdinin adı ilə bağlı hadisələr məhz burada baş vermişdir. Triyesti ekranda canlandırmaq asan məsələ deyildi. Ekranda bir neçə dəqiqə epizodları yaratmaq üçün həftələrlə, aylarla axtarışlar aparmaq lazım gəlmişdir.
Mixaylo kinoteatrın qarşısında dayanıb. Bu yeri seçmək üçün məhz Triyestdəki arxitekturaya bənzər yer seçilməli idi. Rəssamlar belə bir küçəni və meydanı Riqada axtarıb tapdılar.
Triyestdə mənzərəli vadi vardır. Dünyanın hər yerindən buraya gəzməyə gəlirlər. Bura daha çox Yaltaya oxşayır. Orada da dağlar və dəniz var. Rəssam bütün bunları götür-qoy edəndən sonra qərarını verdi: filmin bəzi epizodlarını Yaltada çəkmək lazımdır!
Filmə baxarkən
partizanların mahnı oxuya-oxuya dağlara çəkildiyini
görürük. Adam
inana bilmir ki, bu kadrlar Triyestdə yox, Yaltada çəkilib.
Filmin rejissoru T.Tağızadənin
dediklərindən: “Cəbrayılla mən tələbəlik
illərindən tanış idim. İnstitutu bitirib Bakı
kinostudiyasında fəaliyyətə başlayanda filmlər
üzərində birgə işləməyə
başladıq. “Uzaq sahillərdə” filminin çəkilişləri
zamanı onun üzərinə ağır bir iş
düşmüşdü. Bütün hadisələr xaricdə,
konkret olaraq İtaliyada baş verir. Bunun üçün rəssamlar
həmin ölkəyə xas olan nə varsa hamısını
öyrənməli olmuşlar. Nəticə də göz
qabağındadır. Hər şey real, təbii və
inandırıcı alınmışdır”.
Rejissor L.Səfərovun lentə
aldığı “Leyli və Məcnun” film-dastanına rəssam
C.Əzimov müstəqil bədii tərtibat vermişdir.
“Leyli və Məcnun” çox mürəkkəb çəkilişləri
ilə bir çox filmlərdən fərqlənir.
Şeyx Həşiminin çadırı.
Çadırın ortasında yerə iri xalça sərilmişdir.
Leyli üçün elçiliyə gəlmiş şeyx Əmirə
yox cavabı verilir. Xalça öz rənginə görə
sanki iki şeyx arasında uçuruma çevrilir. Bundan fərqli
olaraq ailənin otaqlarını toxuma pərdələr
ayırır. Leylinin guşəsi ağ rəngdədir. Beləliklə,
rəssam nəinki mühit yaradır, həm də hadisələrin
ab-havasını canlandırır.
“Leyli və Məcnun”da
quraşdırma dekorasiyalar da vardır. Misal üçün,
karvansaranın yuxarı hissəsi maketdir. Yaxud bazarın
yuxarı hissəsində görünən şəhər də
maketdir. Lakin rəssamlar maketləri natura ilə elə
uyğunlaşdırıblar ki, tamaşaçı bunları
bütöv bir obyekt kimi qəbul edir.
C.Əzimovun rəssam kimi
quruluş verdiyi “Şahsənəm və Qərib”
film-dastanı türkmən kinematoqrafçıları tərəfindən
yaradılmışdır. Burada rəssam C.Əzimovun eskizləri
əsasında qurulmuş irihəcmli, mürəkkəb
dekorasiyalar ona görə maraqlıdır ki, film bizi Türkmənistan
ərazisində möhtəşəm memarlıq abidələrinin
(Əbu Səidin mavzoleyi, məscid və s.) tikildiyi epoxaya
qaytarır.
C.Əzimovun M.Hüseynovla birgə
bədii tərtibat verdikləri “Sehrli xalat” fantastik-macəra
filmi (1964) uşaqlar üçün çəkilmiş ən
baxımlı kino əsəridir. Kino mütəxəssisləri
və tamaşaçılar rejissor Ə.Atakişiyevin bu
filmində rəssamların yaradıcılığına
yüksək qiymət vermişlər. Onlar burada üç
dövrün - keçmişin, bu günün və gələcəyin
mühitini yaratmalı olmuşlar. Filmdə təsvir olunan “Ay
səthi” dekorasiyası xüsusilə maraqlıdır.
Rejissor M.Dadaşovun 1968-ci ildə
ekranlaşdırdığı “Qanun naminə” kinopovesti rəssam
C.Əzimovun çalışdığı son filmdir.
O, vəfat edərkən cəmi 43
yaşı vardı. C.Əzimovun xoşbəxt ailəsi
vardı. Musiqi müəlliməsi, “Qızmar günəş
altında” və “Əhməd haradadır?” filmlərində Nərminə
və Leyla rollarının gözəl ifaçısı
Töhfə Ələsgərova-Əzimova ilə ailə
qurmuşdu. Lakin faciəli ölüm C.Əzimovu həyatdan
erkən apardı. Ondan bizə yadigar qalan isə bu gün kino
lentlərində yaşayan bir-birindən maraqlı
yaradıcılıq işləri, təsviri sənət
nümunələridir.
Aydın Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2011.- 28 oktyabr.- S. 10.