Keşikçidağ: tariximizin
keşiyində
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət
Qoruğu Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə,
Böyük-Kəsik kəndindən 28 kilometr aralıda yerləşir.
Qoruq Gürcüstanla sərhəd boyunca 25 kilometrədək
uzanır. Mağaralar kompleksi ucsuz-bucaqsız
Ceyrançölündə, Qatardağ silsiləsində,
Candar gölündən 15 km şimali-şərq istiqamətində,
dəniz səviyyəsindən 750-950 metr hündürlükdə
dağların cənub və cənubi-şərq tərəfindəki
sıldırım qayalıqlarda yerləşir. Qoruğun ərazisində
70-dək mağara, ilkin orta əsrlərə aid bir qala, bir məbəd
və bir inanc yeri var.
Mağaralar kompleksinin ətrafında
ilk insanların yaşayışı daş dövrünə
aid edilir. Keşikçidağın yerləşdiyi silsilənin
ətrafında aşkarlanan yaşayış mədəniyyəti
izləri isə eramızdan əvvəl 3-4 min il əvvələ
aiddir. Mağaralar kompleksindən 3 km cənubda yaşı son
tunc-erkən dəmir dövrünə, eramızdan əvvəl
II minilliyin əvvəllərinə aid 300-ə yaxın kurqan
aşkarlanmışdır.
Yerli əhali bütpərəstlər
- aya, günəşə tapınanlar dini baxışlarını
hifz etmək, hücumlardan qorunmaq üçün bu
dağlara çəkilib həyat sürmüşlər. Daha
sonra atəşpərəstlər dini etiqadlarını davam
etdirməkdən ötrü tərki-dünya olub, qayalarda
çapıb düzəltdikləri
mağara-sığınacaqlarda yaşamışlar.
Buradakı təbii mağaraların 2 min il yaşı var. Bu ərazilərdə
yerləşən süni mağaraların yaranması isə
VIII-XV əsrlərə təsadüf edir. Onların əksəriyyəti
sıldırım qumsal qayaları yarıb çapma və
yaxud yonma üsulu ilə yaradılıb. Bu yerlərin təbii
şəraiti asketik həyat tərzi üçün
yararlı olduğundan eramızın ilk əsrlərində
Yaxın Şərqdən Qafqaz Albaniyasına gəlmiş
rahiblər bu mağaralarda məskunlaşmışlar. Qafqaz
Albaniyasında IV əsrdə xristianlıq rəsmi dövlət
dini kimi qəbul olunduqdan sonra digər bölgələrdə
olduğu kimi, burada da həyat canlanıb, arxitektura məziyyətləri
ilə diqqəti cəlb edən dini məbədlərin
inşasına təkan verilib.
Yerli əhali yaşayış və
dini ayinlərin keçirilməsi üçün məhz həmin
mağaraları seçib, onları genişləndirib,
qayalarda yenilərini çapıblar. Qayaların tərkibini
daşlaşmış qumsal süxurlar təşkil edir.
Mağaraların möhkəmliyini artırmaq məqsədilə
tikilinin tavanı hisə verilir, daşlaşan süxurlar
çapılırdı. Mağaraların bəzisi kvadrat
formalıdır. Tavanları isə günbəzşəkillidir.
Kiçik ölçüləri ilə fərqlənən
yaşayış üçün oyulmuş çox da
hündür olmayan mağaralar bir və bir neçə
otaqdan ibarət olub, bir nəfərlik yatağa və ibadətgaha
malikdir. Hər mağaranın girişi və mazğal tipli pəncərələri
var. Hücrələrin bəziləri ümumi
çıxışla təchiz olunub. Bir-birinin üzərində
oyulmuş ayrı-ayrı hücrələrin iç-içə
əlaqəsi var. Ceyrançölün füsunkar mənzərəsinin
seyrini mümkün edən oyuqlardakı yataq, taxçalar və
ocaq yeri vaxtı ilə burada yaşayan zahidlərin məişətindən,
onların həyat tərzindən xəbər verir.
Mağaralar qismən dağılsa da, min ildən çoxdur,
yaşayır və bizdən sonra neçə nəsil
bunları görəcək.
Dəniz səviyyəsindən 850
metr hündürlükdə dağın zirvəsində nəzarət
və müdafiə məqsədilə tikilən üçmərtəbəli
Keşikçiqalanın hündürlüyü 11 metr, sahəsi
26,25 kv m (5 x 5,25), divarların qalınlığı bir metrə
bərabərdir. Qalanın bütün mərtəbələrində
dörd tərəfə baxan müşahidə gözlükləri
onun müdafiə məqsədilə tikildiyini təsdiqləyir.
Qafqaz Albaniyasında eyni məqsədlə tikilmiş
qalaların mərtəbələrarası tağ forması
Keşikçiqalada da mövcuddur. Kərpicdən və yerli
daşdan inşa edilmiş tağlar memarlıqda praktik əhəmiyyət
daşıyan möhkəmliyi təmin edirdi.
Sərt iqlim şəraiti, hökm
sürən quraqlıq səbəbindən yağış
suyundan qənaətcil istifadə zərurətini hiss edən
rahiblər qayalarda su quyuları üçün oyuqlar
çapıblarmış. Yağış suyunu
ötürücü novlar vasitəsilə öncə
durulduculara yığan insanlar daha sonra onu daim sərin saxlaya
bilən dərin quyulara yığırlarmış. Ərazidə
yaşayan sakinlərin həqiqətən suya möhtac
olmaları antik dövr tarixçiləri tərəfindən
də təsdiqlənir. Plutarx yazır ki, e.ə. 65-ci ildə
Roma sərkərdəsi Pompey Qafqaz Albaniyasında albanların
üsyan qaldırmaları xəbərindən bərk qəzəblənir
və qiyamı yatırmaq üçün
qoşunlarını buraya göndərir. Kür
çayını adlayıb ucsuz-bucaqsız susuz çöl
üzərindən keçərək uzun məsafəni qət
etməyə - Kambisenanı ram etməyə
hazırlaşır və bu məqsədlə 10 min su
tuluğu tədarük etmək əmrini verir.
VII-VIII əsrlərdə Qafqaz
Albaniyasında İslam dininin yayılması ilə əlaqədar
albanlar dinlərini və özlərini qorumaq
üçün sıldırım qayalıqlarda yerləşən
bu dağlara sığınmışdır.
Mağaralar kompleksində
keçilməz qayalar üzərində qala tipli tikilinin
inşası ərazinin zaman-zaman basqınlara məruz
qalması ilə izah olunur. XI əsrdə Səlcuqlar
buraları viran edib, XIII əsrdə monqollar
dağıntılara məruz qoyub. Teymurləng də bu ərazilərə
basqın edib. Amma məbədlərə ən ağır zərbəni
I Şah Abbas vurub və 1615-ci ildə dinlərindən
dönməkdən imtina etmiş 5 min alban rahibi qətlə
yetirib.
Keşikçiqaladan şimal-şərqə
doğru coğrafi ərazinin ən hündür yüksəkliyində,
dəniz səviyyəsindən 950 m hündürlükdə
üzü cənub istiqamətinə baxan və yerli daş
materiallardan inşa olunan iki məbəd yerləşir.
Bir-birindən 1500 m aralıda yüksələn bu tikililər
Qafqaz Albaniyası dövrünün xristian məbədləridir.
Hər iki məbədin ön və yan hissələrdən
qoyulmuş mazğal formalı pəncərələri
tikilinin interyerini qismən işıqlandırır. Bu məbədlər
tikilmə və memarlıq üslubuna görə Qafqaz
Albaniyası dövründə inşa edilmiş digər məbədlərlə
eynilik təşkil edir. Məbədlərin inşa edildiyi,
Keşikçiqalanın ucaldığı sıldırım
qayalarda da mağara tipli hücrələr, dini ayinlərin
keçirildiyi ibadətgahlar, su quyuları və ərzaq
anbarları az deyil.
XVIII-XIX əsrlərin sonu
mağara-məbədlərə maraq bir qədər
azalır, onlar xarabalığa çevrilməyə
başlayır. Bu onunla əlaqədar olmuşdur ki, 1836-cı
ildə Qafqaz Albaniyasında mövcud olan Alban katolikosluğu məqsədli
olaraq Rusiya çarlığı tərəfindən ləğv
edilərək erməni Qriqorian kilsəsinin tabeliyinə
verilmişdir. Mağaraların əksəriyyətində
xristianlıq mövzusu ilə bağlı çoxlu sayda
freska işlənilib. Maraqlısı budur ki, bu freskalar sistemli
şəkildə deyil, pərakəndə haldadır. Diqqəti
cəlb edən freskaların əksəriyyəti dini ayinlərin
keçirildiyi, memarlıq üslubuna, forma və quruluşuna
görə Azərbaycan ərazisində yerləşən
alban məbədləri ilə eynilik təşkil edən
mağara-məbədlərin divarlarını bəzəyir.
Qonşu Gədəbəy və Şəmkirdə, Şəki-Qax
zonasında da bu tipli məbədlər az deyil.
“Keşikçidağ” mağaralar
kompleksində yerləşən Qüdrət bulağı
yerli əhalinin qədim tarixə malik olan mənşəyini,
mədəniyyətini, dini-etik xüsusiyyətlərini
özündə əks etdirir. Həmin ərazidə lap qədimdən
bu günə qədər yerli əhali təbiət hadisələrinə
- müxtəlif dağlara, ağaclara, suya, oda və s. müqəddəsləşdirilmiş
yerlərə inam göstərmişlər. Qüdrət
bulağı da hələ qədim vaxtlardan insanların ziyarətgah,
inanc yeri kimi qəbul edilmişdir. Buranı müqəddəs
yer hesab edən, həmin yerə inanıb, niyyət tutub gələn
və niyyəti hasil olan insanlar bulağa bu adı (Qüdrət)
vermişlər.
Bununla yanaşı, ərazidə
bitən əncir və dağdağan ağacları insanlar tərəfindən
müqəddəs ağac kimi qəbul edilmişdir. Yerli əhali
arasında həmin bulağa və ağaclara qədim
dövrlərdən mövcud olmuş inam indiki dövrdə də
qorunub saxlanılmışdır. Bu günümüzdə həmin
bulaq üstündə qurbanlar kəsilir və bura etiqad edirlər.
Freskaların çəkildiyi
mağara divarlarının dağıntıları nə təbiətin,
nə də zamanın müdaxiləsi nəticəsində
baş verib. Sovetlər dönəmində, daha dəqiq desək
1948-ci ildən başlayaraq 90-cı ilədək
mağaraların çapıldığı qayaların
yaxınlığında hərbi poliqon yerləşib. Uzun
illər burada artilleriya təlimləri keçirilib. Zaman-zaman
buralar baxımsız, yiyəsiz qalıb. Hərbi obyektdə nəinki
elmi araşdırmalar aparmaq, adi gəzintiyə çıxmaq
da yasaq idi.
Dövlət müstəqilliyimizi
bərpa etdikdən sonra hər şey dəyişdi. Prezident
İlham Əliyev 2005-ci il oktyabr ayının 12-də Azərbaycan-Gürcüstan
dövlət sərhədlərinin mühafizəsi ilə
şəxsən tanış olarkən bu əraziyə
baş çəkmişdi. Dövlət
başçısının 19 dekabr 2007-ci ildə 2563
saylı sərəncamı ilə mağaralar kompleksindəki
zəngin tarixi-etnoqrafik, mədəniyyət abidələrinin
daha da dərindən öyrənilməsi, qorunması və təbliği
məqsədilə ərazi “Keşikçidağ” Dövlət
Tarix-Mədəniyyət Qoruğu elan edildi. Həmin vaxtdan
qoruğun ərazisindəki strateji cəhətdən ən
hündür yüksəkliklərin biri ölkə
prezidentinin şərəfinə “İlham Əliyev zirvəsi”
adlandırılmışdır.
Keşikçidağ qoruq elan
edildikdən sonra bu qədim yurdun daş kitabəsi ilə, əcdadlarımızın
bizə miras qoyduğu abidələrlə maraqlanan insanlar
üçün tariximizə açılan yolun təməli
qoyuldu.
Musa Mursaquliyev,
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət
Qoruğunun
direktoru
Mədəniyyət.-
2011.- 28 oktyabr.- S. 8.