Gənc
rəssam Ədilə Fətəliyevanın fərdi sərgisi
açıldı
Oktyabrın 27-də Bakıdakı “Qalereya 1969” sərgi
salonunda gənc rəssam və fotoqraf Ədilə Fətəliyevanın
foto və rəsm əsərlərindən ibarət ilk fərdi
sərgisi açıldı.
Tədbiri giriş sözü ilə
açan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı
Ağaəli İbrahimov Ədilə Fətəliyevanın
yaradıcılığı barədə fikirlərini
bildirdi. Qeyd etdi ki, onun həm rəsmlərində, həm də
foto əsərlərində incəsənətin vurğunu
olduğu hiss olunur. “Mən sərgi başlamazdan əvvəl
müəllifin həm fotolarına, həm də akvarel rəsmlərinə
baxdım. Gənc rəssamın əsərlərində bir həssaslıq
duyulur. Ümid edirik ki, hansı yaradıcılıq yolu
seçəcəyindən asılı olmayaraq biz dəfələrlə
onun yeni-yeni yaradıcılıq uğurlarının
şahidi olacağıq”.
Ədilə Fətəliyevanın müəllimi Tatyana Ağababayeva səbəbkarı sərgi münasibətilə təbrik etdi: “Ədilə çox istedadlı gəncdir. Onun ilk işlərindən başlayaraq tədricən püxtələşməsini izləsək, bu gün 16 yaşlı rəssamın istər karandaşla, akvarellə ya pastellə, yağlı boyalar çəkilən işlər, yaxud ipək üzərində işləmələrdə rəngkarlığın sirlərini sərbəst şəkildə və inamla öyrəndiyini görərik. Bundan əlavə, onun fotopeyzajları da rəngarəng olduğu qədər cəlbedicidir”.
Tədbirdə çıxış edənlər gənc rəssama yaradıcılıq uğurları arzuladılar.
Daha sonra sərgiyə baxış keçirildi. Sərgidə Ədilə Fətəliyevanın 68 foto, 38 akvarel, 3 batika işi nümayiş olunur. Onun “Axşam...Sena..Ana...”, “Dişlənmiş ay”, “Sükuta şükranlıq edirəm”, “Gülən cırcırama”, “Nurlandırma” və digər fotoları izləyicilərin marağına səbəb oldu. Sərgi iki gün davam edəcək.
Ceyhun
Mədəniyyət.-
2011.-28 oktyabr.- S. 3.