Sankt-Peterburqda
Xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən
ibarət sərgi açılıb
Sankt-Peterburqda Dövlət Rus
Muzeyinin Stroqanov
sarayında Azərbaycanın Xalq rəssamı
Hüseyn Əliyevin (1911-1991) əsərlərindən
ibarət sərginin təntənəli açılış
mərasimi olub. Görkəmli
fırça ustasının anadan
olmasının 100 illiyinə həsr edilmiş
ekspozisiyada Hüseyn Əliyevin
1960-1980-ci illərdə özünəməxsus və qeyri-adi monotipiya
texnikasında yaratdığı 60 əsəri nümayiş etdirilir.
Sərginin açılışında çıxış edən Sankt-Peterburq hökumətinin üzvü Aleksandr Proxorenko Rusiya və Azərbaycan arasında mehriban qonşuluq və dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq deyib ki, Azərbaycanın Xalq rəssamı Hüseyn Əliyevin əsərlərinin sərgisinin iki ölkə və xalq arasında zəngin mədəni əlaqələrin inkişafında son dərəcə böyük əhəmiyyəti var.
Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, rəssam Hüseyn Əliyev öz nadir əsərlərində təbiətin, insanın əhvalını və ruhunu dəqiq əks etdirməyi bacarırdı. Rəssamın əsərləri müxtəliflik və təbiilik hissi yaradır: “Azərbaycan mədəniyyəti haqlı olaraq Hüseyn Əliyevlə fəxr edir, çünki onun adı ölkənin hüdudlarından kənarda da məşhurdur. Onun əsərləri dünyanın bir çox ölkələrinin möhtəşəm salonlarını bəzəyir”.
Nazir müavini həmçinin rəssamın irsinə qayğıkeş və həssas münasibətə görə sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburqda Xalq rəssamı Hüseyn Əliyevin əsərlərinin sərgisinin açılmasını Rusiyanın və Azərbaycanın həyatında böyük mədəni hadisə adlandırıb. Səfir Azərbaycanda mədəniyyət xadimlərinin irsinə çox qayğı ilə yanaşıldığını vurğulayaraq deyib: “Sevindirici haldır ki, bu sərgi ilə Sankt-Peterburq və Bakı arasındakı çoxillik zəngin mədəni əlaqələr ənənəsi davam etdirilir. Bu baxımdan, sərgi ölkələrimiz və xalqlarımız arasında mədəniyyətlərarası əlaqələrin zənginləşməsinə xüsusi töhfə verir”. P.Bülbüloğlu fırça ustasının yaradıcılığının hifz olunmasına və təbliğinə görə sərginin təşkilatçılarına və rəssamın ailəsinə minnətdarlığını bildirib.
Rəssamın sərgi üçün seçilmiş əsərlərinə valeh olduğunu bildirən Sankt-Peterburq hökumətinin Mədəniyyət komitəsi sədrinin vəzifəsini icra edən Anna Kuçerova öz əsərlərində təbiət və insan fəlsəfəsini vəhdət halına gətirən Hüseyn Əliyevin yaradıcılıq dəst-xəttinin və peşəkarlığının qeyri-adiliyini, mürəkkəbliyini vurğulayıb. O, sərginin təşkilatçılarına və rəssamın ailə üzvlərinə müraciət edərək deyib: “Qardaş xalqın incəsənətində doğma və dəyərli nə isə kəşf etmək, təbiətə və dünyamıza yeni baxış görmək imkanına görə sağ olun”.
Azərbaycan və rus rəssamlıq mədəniyyətinin zəngin ənənələrindən, təsviri sənətin inkişafında Hüseyn Əliyevin rolundan və xidmətlərindən ətraflı söz açan Azərbaycanın Xalq rəssamı Fuad Salayev, həmçinin Azərbaycana və dünyaya çox məşhur akademiklər, alimlər, siyasətçilər, mədəniyyət və incəsənət xadimləri bəxş etmiş Əliyevlər ailəsindən danışıb.
Belçikanın Sankt-Peteburqdakı baş konsulu Joan Rokkas isə Rusiyanın şimal paytaxtındakı konsul korpusu adından sərginin təşkilatçılarına və rəssamın ailəsinə minnətdarlığını bildirib.
İ.Y.Repin adına Sankt-Peterburq Dövlət Akademik Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun rektoru Semyon Mixaylovski bu tədbirin Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıb, mədəni mübadilə və birgə təhsil proqramlarının reallaşdırılması sahəsində iki ölkənin əməkdaşlığının indiki vəziyyətindən razılığını ifadə edib.
“Sankt-Peterburqun Azərbaycan diasporu” regional ictimai təşkilatı sədrinin birinci müavini Məzahir Həsənov da minnətdarlıq dolu sözlərlə sərginin təşkilatçılarına və rəssamın ailə üzvlərinə müraciət edib.
Sonda “Lider” Media-Holdinqin prezidenti, rəssamın nəvəsi Ədalət Əliyev sərginin bütün təşkilatçılarına dərin minnətdarlığını bildirərək, Sankt-Peterburqda, Rus Muzeyində belə mədəni hadisənin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, sərgi Sankt-Peterburq Administrasiyasının, Heydər Əliyev Fondunun RF nümayəndəliyinin və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə keçirilir. Dövlət Rus Muzeyindəki sərgi üçün əsərlər şəxsi kolleksiyadan təqdim olunub.
Hüseyn
Əliyevin əsərlərinin sərgisi noyabrın 28-dək
davam edəcək.
Mədəniyyət.-
2011.- 28 oktyabr.- S. 2.