Şeirimizin
Şahmar mülkü
Yaradanın
görkəmli görkü, Turanın ərdəmli
türkü...
Sən
onun bütün yazdıqlarını oxumusan - qədir-qiymətcə
“köhnə”, xətir-hörmətcə vəfalı oxucu!
Şahmar Əkbərzadə o ədiblərdən deyildi ki,
oxunmayası yazı da yazaydı!
Siz
onun bütün söhbətlərini, xatirələrini
xatırlayırsınız - çevrəsindən getmişlərin
ruhları, “qalanlara salam olsun!” deyib getdiyi
dost-tanışları!
Bəs, o nəhəng boy-buxunu ilə
ipək yuxalığı, adındakı məlum
“çalanlıq” mənası ilə mərifət-mədəniyyət
ladındakı könülçalanlığı, gözəllikalanlığı,
qəlblərə odsalanlığı, dərdəqalanlığı
arasındakı fərqlərin farkına da
varmısızmı, əfəndilər?!.
Sözün bəlasına düşən...
Onu yaxşı
tanıdığımdan və bir az da yandığımdan
belə yazdım bu yarımcan yarımbaşlığı.
Neynim, o, bu canan bəlaya halalından da artıq diqqət
yetirir, bağrıbadaş misraları qaragöz-qaraqaş
balalarından bir bal yuxarı geyindirib-kecindirirdi!..
Necə ki “çün bəla istər”di
Füzulini, eləcə də söz azarı
sağaldırdı “müstər Şahmar”ı. Bütün
şairiyyətə məxsus “min gözəlin içindən
təkcə səni” “istehlakçılığına” rəğmən,
bu “söz arısı” dil gülçiçəkstanımızdan
köz-köz kəlmələr çəkirdi. O vaxtadək
axtarıb-arayırdı ki, tapdığından
“dodağıballı” yarı da yarıyırdı, ucqar bir kənddəki
“folklorabənzər qarı” da. Elə poetik dava-dərman
yaradırdı ki, olumun da işinə yarayırdı,
ölümün də:
Səndən zülümlər
görsəm -
Zülümdən gözəl nə
var?
Dizin üstə can versəm -
Ölümdən gözəl nə
var?!.
Ölümü də gözəlləşdirən
gözəl şairimiz, həmişə bizə “neynim-necə
eləyim” kimi problem “janrlarından” uzaq olmağı arzulayan əzəl
dostumuz! İndi mən Sən haqda bir kitablıq
sözümü-söhbətimi necə bəyan edim, onda
doqquz hissəsini vəfalı yarının - öz Mələyinin
müsahibəsinə ayırdığımız bir qəzet
səhifəsinin “bir qırnığına” necə
sığışdırım?
Amma neynək, vəfalı yar, ...sənsiz
cəfalı Mələk xanım ən vəfalı dostdan
belə yüz köynək irəlidir...
- Mələk xanım, 2000-ci ilin
bu günlərində gözəl şairimizdən necə
ağrılı, üzüntülü
ayrıldığınızdan az-çox xəbərdarıq...
Allah rəhmət eləsin... Hə, bu uzun sayğı
sükutumuzdan və sədaqət rəmzi olan göz
yaşlarınızdan sonra... indi... deyin görək, necə
tanışmışdınız?..
- Şahmar atamın uzaq qohumu olsa
da, münasibətlərimiz çox isti idi. Babam Əliş bəy
sovet vaxtı tutulub Orta Asiyanın Çimkənd vilayətinə
sürgün edildiyindən, atam Qarabağdan Gəncəyə
köçüb. Amma Qarabağdakı qohumlarımızla,
xüsusən, Şahmargillə get-gəlimiz qalırdı.
Atam Şahmarın xətrini həddən ziyadə istəyirdi.
Mənsə onu ali məktəbə daxil olduqdan sonra
tanıdım. Mən ADU-da (BDU), o isə Pedaqoji Dillər
İnstitutunda oxuyurduq.
O, tez-tez qardaşımla kirayə
yaşadığımız evə gəlib, maraqlı
söhbətlər etməkdə, şeirlər oxumaqda, mənsə,
yavaş-yavaş onun mənə olan duyğularını
anlamaqda... Amma, düzü, mənim ona qarşı ciddi bir hissim
yox idi. Hətta qohumluq “normalarından” artıq gəlib-getdiyini
və söz açmağa fürsət
axtardığını başa düşüb,
üzümü turşutduğum da olub. Mən
“Bir də bu universitetə gəlmə!” demiş, o da
“Yaxşı...” deyib getmişdi.
İnstitutu bitirib təyinat
aldığı doğma kəndində rus dili müəllimi
işlədiyi vaxtlar qəzet və jurnallardan onun şeirlərini
oxuyur, qohum kimi rəğbət bəsləyirdim. İki ildən - mən universiteti bitirəndən
sonra, atam ağır xəstəliyə tutuldu. Qarabağlı qohumlarımız bizi tək qoymur,
tez-tez atama baş çəkirdilər. Ələlxüsus
da Şahmar! Atam da ona o qədər öyrəşmişdi
ki, gəlməyəndə darıxırdı.
Atam 30 may 1967-ci ildə -
ölümündən bir neçə saat əvvəl
hamını otaqdan çıxarıb Şahmarla məni
saxladı. Əcəl üzüntüləri içərisində
ordan-burdan söhbət etdi, çox sevdiyi türk şairi
Tofiq Fikrətin bir şeirini oxudu və qəflətən mənə
müraciətlə: “- bu dünyada ən çox kimi istəyirsən?”
- dedi. Özümü itirdim və “- Sən kimi istəyirsən,
onu” - dedim. “- Mən Şahmarı istəyirəm!”
- deyib, bizim əllərimizi birləşdirdi
və gözlərini əbədi yumdu...
Çox ağır “atasız
günlər” yaşayır, nə edəcəyimi, nə qərar
verəcəyimi bilmirdim...
Şahmar hər həftə
Ağdamdan Gəncəyə - atamın məzarını
ziyarətə gəlir, hər gün zəng edirdi. Elə
“İrəm, mirəm” şeiri də o günlərin
yadigarıdır:
Haçandı ürəyim
dağlanır köz-köz,
Dəstəkdən üstümə
od ələnibdir.
Könlümün həsrətlə
gözlədiyi söz,
Telefon xəttində
çiliklənibdir.
Telefon telini bağrına basıb,
Çalıb-oxuduğu
“Yanıq Kərəm”di.
Neyləsin, “sev” - çatıb,
sözün arxası,
Bilmir ki, “irəm”di,
yoxsa “mirəm”di.
Həmin günlərin birində
yenə bizə gəlmişdi və mən ona çay süzəndə
nəlbəkidə “quş” formalı bir kağız
gördüm:
Durmusan “hə” ilə “yox”
arasında,
Birini deməyə cəsarət
eylə.
İqtisad elmini sevib-seçənim,
Verdiyin əzaba qənaət eylə...
Deyim ki, mənim “nəm-nüm”ümün,
“verdiyim əzaba qənaət etməməyimin” bir səbəbi
də evimizdə, atamdan başqa, heç kəsin bu izdivaca
razı olmaması idi...
Növbəti gəlişində mənə
yeni bir şeir verdi. İndiyə qədər
heç kəsə göstərmədiyim bu şeirdən bir
bəndi ilk dəfə sizə - onun öz milli məhəbbət
və zəhmətilə yaratdığı “Mədəniyyət”
qəzetinə oxuyuram:
Əkiz yaranıbdır olumla
ölüm,
Bu yasda bir az da
vuruldum, gülüm.
Bilmirəm, bu dərdə
ağlayım, gülüm...
Yasda eşqimizə gülsəm,
qan düşər -
Gülməsəm, ölərəm,
Allah amandır!..
Beləcə, 1969-cu il
noyabrın 1-də köhnə “İnturist”in böyük
zalında toyumuz oldu.
Çox dəbdəbəli
keçən o toyda kimlər yox idi... Xudu Məmmədov, Bəxtiyar
Vahabzadə, Zeynal Məmmədov, Süleyman Ələsgərov,
Ziyad Səmədzadə, Şahbaz Muradov...
- Bu qırov-qarovlu tapışma fəsillərindən
sonra... gəlir alovlu yaşam-yapışma illəri...
- Hə, 31 illik gözəl, mənalı
ailə həyatımızdan 4 övladımız oldu. O 31 ildə
də, dünyasını dəyişdiyi bu 11 ildə də
onun ər-ata tərbiyəsi, ailəsinə
bağlılıq mədəniyyəti, cəmiyyətdəki
mövqeyi ilə qürur duymuş və duymaqdayam. Bir söz
də demək istəyirəm... Belə ki,
fikirləşəndə, bəzən onun məndən əvvəl
dünyasını dəyişməyinə “sevinirəm”.
Çünki hər günü bir ilə bərabər olan
bu son, bu əbədi hicranın çalın-çarpaz
dağlarına mən idim ki, dözə bildim! Necə
deyərlər, “torpaq idim dayandım, daş olsam - əriyərdim!”
Razı ola bilməzdim ki, mən çəkən
əzabları o çəksin. Mən ölsəydim, onun
infarkt ürəyi buna dözməz, övladlarımız
tamam başsız qalardı...
- O vaxtların oxucuları
üçün - istedadından tutmuş görkəminədək
- çox orijinal, sevimli şair olan Ş.Əkbərzadə
sizin o vaxtlarınız üçün necə ər,
ömür-gün yoldaşı idi? Və təbii -
qadınlığın əbədi atributu:
qısqanclıq...
- Bəli, onun çox
yaraşıqlı, cazibəli və istedadlı gəncliyi
vardı. Təbii ki, belə bir kompleksə
laqeyd qalmayan bir çox institut yoldaşları,
dost-tanışları, şeirsevərlərlə
yanaşı, ayrıca “Şahmarsevərlər” də
vardı.
Onun istər
boy-buxununa, yar-yaraşığına, istərsə də
şeirlərinə heyran olan qızların
çoxluğundan mənim də xəbərim var idi.
Lakin mənim bu fikrimə onu yaxından tanıyanlar da
şahidlik edərlər ki, Şahmar dürüst adam, əxlaqlı ər idi. Onun
mənə dərin sevgisinə və sədaqətinə tam əmin
idim. Bununla yanaşı, “onu qısqanmırdım”
desəm, yalan olardı. Amma o heç vaxt
bu təbii və normal duyğularımın problemə
çevrilməsinə şərait yaratmırdı.
- Onun dostları çox idi. Bu
çoxun yüzdə biri neçə nəfər olar; ən
yaxşı “trio” kimlər və sizcə, birincisi kim idi?..
- Şahmar jurnalistika
sahəsinə keçdikdən sonra respublikamızın hər
guşəsində, dünyanın çox ölkələrində
ezamiyyətlərdə olur və dünya şöhrətli ədiblərlə,
incəsənət nəhənglərilə dostluqları da o
görüşlərdən başlanır, dərinləşirdi.
Və məndə, bayaq dediyiniz qısqanclığın bir
“növ”ü yaranmışdı ki, “deyəsən, o,
dostlarını bizdən çox istəyir...” Qaldı
“dostlarının yüzdə biri”, “trio”, “birincisi” məsələləri.
“Yüzdə biri”ni barmaqla saymaq olar: Xudu Məmmədov, Bəxtiyar
Vahabzadə, Nurəddin Rza, Qarabağda “Bala Marks” deyilən
Zeynal Məmmədov, Həsənağa Salayev, Səttar Bəhlulzadə,
Mikayıl Abdullayev, Çingiz Aytmatov, Cavad Heyət... “Trio”nu
bir qədər “virtual” görürəm: Xudu - Bəxtiyar -
Nurəddin, Xudu - Zeynal - Çingiz, Xudu - Nurəddin - Bəxtiyar...
Allah hamısına rəhmət eləsin.
- Bir dəfə Xudu müəllim
dedi: “Şahmar ki, poeziyadan bu qədər
yanıqlı-qanıqlı danışır, deyəsən
onun ilk məhəbbəti şeir olub...”
- Mən o qəni-qəni rəhmətliyin
fikrilə tam şərikəm. Əgər Şahmarın ilk
məhəbbəti şeir olmasaydı, yəqin ki, mən də
onu bu qədər sevə bilməz, son məhəbbəti ola bilməzdim...
- Məlum hadisələrə qədər
Qarabağı nə qədər sevib-sevdirdiyi, vəsf etdiyi
bizə də məlumdur. Ömrünün son on iki ilində
isə bizim üçün məchul məqamları da
olurdu...
- Şahmar evdə də
“çöl işləri”lə məşğul olurdu. Ümumittifaq, beynəlxalq mətbuata da məqalələr
yazırdı. Çingiz Aytmatovun SSRİ
Ali Sovetinə bağlı dönəmində elə həftə
olmazdı ki, onunla telefonla danışıb bu məsələlər
barədə fikir mübadiləsi etməsin. O,
İttifaq qəzetlərində çalışan dostları
ilə tez-tez telefon əlaqəsi saxlayırdı, bəzən
bir aylıq telefon borcumuz onun aylıq maaşını üstələyirdi.
- Şair idi - maddi baxımdan sizin
dar gününüzə nəsə qoyub gedəsi deyildi ki...
Bəs mənəvi baxımdan necə, ən
çətin anınızda hansı şeirlərini “xərcləyir”siniz?
-
Artıq 11-ci ildir ki, bu evin əri, atası, babası onun
şeirləridir! Bu kitablar, bu şəkillər
bizim canlı canımızdır. Hər
gün evimizə tanımadığımız adamlar telefon
açırlar. Bizdən onun
kitablarını istəyənlər olur, iştirak etdiyimiz məclislərdə
Şahmarın şeirlərini eşidirik. Dünyasını dəyişdikdən sonra - ailəmizin
dəstək-qatqısı olmadan - Türkiyədə və
İranda şeir kitabları çap olunub. Beləliklə, Şahmarın şeirləri
artıq tək elə bizim ailəyə, bizim xalqa yox,
bütün Türk, Turan ədəbiyyatına məxsuslaşıb.
Bu durum bizim üçün ən böyük
qürur və dolanışıq mənbəyidir. Mənə
gəldikdə isə - bir insan kimi, halal xanımı kimi
başımın tacı bildiyim Şahmarın bütün
şeirlərini özünü sevdiyim qədər sevirəm...
Ey
ulular ulusu!
Düzdür,
“Sözün də su kimi lətafəti var”, amma yer, həcm zərurətinə
görə “hər sözü az demək...” heç də həmişə
xoş olmur. Bir sinə sözüm qalsa da, bu
yazını Sənin “Şahmarın heç kimi yoxdur”
adlı (və “Bir nəfər...” imzalı) şeirinin iki bəndi
ilə bitirməyi daha məqbul saydım:
Məni tənha bilmə, yalnız
sayma sən,
Analar anamdır,
tacımdır mənim.
Dəli həsrətimi ovudub öpən
Yovşanlar, lalələr
bacımdır mənim.
Orxan - Yeniseyin, qədim Sibirin,
Sirli yazıları
sirdaşlarımdır.
Ölməz Füzulinin, bir də
Sabirin
Başdaşı
doğmaca qardaşlarımdır.
Tahir
Abbaslı
Mədəniyyət.-
2011.- 2 sentyabr.- S. 13.