Azərbaycanda palçıq vulkanları

 

   Dünyanın təbii möcüzələrindən sayılan bu ərazilərə turizm marşrutları salınacaq

  

   Azərbaycan özünün zəngin təbii sərvətləri, karbohidrogen ehtiyatları ilə yanaşı, palçıq vulkanlarının geniş yayıldığı ölkə kimi də dünyada tanınır. Hazırda Yer kürəsindəki 800-dək palçıq vulkanından 320-dən çoxu ölkəmizin ərazisində, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda qeydə alınıb. Əsasən Bakı və Abşeron yarımadasında, eləcə də Qobustan və Şamaxı rayonları ərazisində yayılmış palçıq vulkanlarının bəziləri təbiət abidəsi kimi formalaşıb. Həmin təbiət abidələrinin turizm obyekti kimi tanıdılması ölkəmizdə turizmin çoxşaxəli inkişafının maraqlı bir istiqaməti kimi nəzərdən keçirilir. Bu məsələ Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında da əksini tapıb.

     

   Ölkə prezidentinin 20 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 30-cu bəndində “Azərbaycanda palçıq vulkanları” marşrutlarının hazırlanması və təqdimatının keçirilməsi nəzərdə tutulur. Sənədə əsasən, bu işlər Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həyata keçiriləcək.

   Dünya təcrübəsində palçıq vulkanları yerləşən və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərdə müalicə müəssisələri, kurortlar inşa edilir. Bəs dünyada palçıq vulkanlarının diyarı kimi tanınan Azərbaycan necə, təbiətin ona bəxş etdiyi bu imkandan yetərincə yararlana bilirmi?

   Qeyd edək ki, ölkə prezidentinin 2007-ci il 15 avqust tarixli sərəncamı ilə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun yaradılması bu istiqamətdə işlərə mühüm zəmin yaradıb. Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirir ki, ölkəmizdə dünyada yayılmış bütün növ vulkanlara - aktiv fəaliyyətdə olan, sönmüş, gömülmüş, neytral, ada, sualtı və s. növlərə rast gəlmək mümkündür: “Planetimizdə mövcud olan 800-dək palçıq vulkanından 320-nin Azərbaycan ərazisində qeydə alınması ölkəmizin böyük təbii sərvətidir. Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına olan antropogen təsirlərin artması onların mühafizə olunması zərurətini yaradıb və ölkə prezidentinin sərəncamı ilə Bakı və Abşeron yarımadasının palçıq vulkanlar qrupu Dövlət Təbiət Qoruğunun yaradılması bu zərurətdən irəli gəlib. Nazirlər Kabinetinin 22 fevral 2008-ci il tarixli 53 saylı qərarı ilə Bakı və Abşeron yarımadasının palçıq vulkanlar qrupu Dövlət Təbiət Qoruğunun əsasnaməsi təsdiq edilib. Ərazidəki palçıq vulkanlarının xəritələri, müvafiq torpaq ayırma sənədləri hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib”.

  

   Qoruq statusuna malik vulkan ərazilərinə turistlərin girişi mümkündürmü?

  

   «Azərbaycanda palçıq vulkanları» turizm marşrutunun hazırlanmasına gəlincə, C.Paşayev bununla bağlı bir sıra nüansların olduğunu nəzərə çatdırdı. Onun sözlərinə görə, dövlət təbiət qoruqları səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərini və hadisələrin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət təbiət qoruqları respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir, insanların burada fəaliyyəti məhdudlaşdırılır. Bu baxımdan dövlət qoruğu statusuna malik olan palçıq vulkanları ərazilərinə turizm marşrutlarının tərtib edilməsi üçün müəyyən məsələlər həllini tapmalıdır: “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, qoruq ərazilərində vətəndaşların bir çox fəaliyyəti, o cümlədən turizm fəaliyyəti qadağan edilir. Bu səbəbdən Bakı və Abşeron yarımadasındakı palçıq vulkanlar qrupu Dövlət Təbiət Qoruğuna Milli Park statusu verilərsə, o zaman həmin palçıq vulkanlarının marşrutları üzrə turistlərin fəaliyyətinə icazə verilə bilər. Palçıq vulkanları ərazilərinin böyük turizm potensialı var. Ərazidə 52 palçıq vulkanına qoruq statusu şamil edilib və biz də onların mühafizəsini həyata keçiririk. Çünki bu mühafizə olmasa, ərazi insanlar tərəfindən çirklənməyə məruz qala bilər. Ən çox antropogen təsirə məruz qalmış, görünüşcə daha çox əhəmiyyət kəsb edən palçıq vulkanlarında AMEA-nın Geologiya İnstitutunun mütəxəssisləri və bir sıra müvafiq dövlət qurumların əməkdaşları ilə birlikdə seçim aparılıb. Spesifik xüsusiyyətlərə malik olan vulkanlar seçilərək onlara qoruq statusu verilib.

   Turizm marşrutlarına gəlincə, hər bir palçıq vulkanına marşrut ilin sonuna qədər hazırlanacaq. Amma yenə deyirəm, istər yerli, istərsə də əcnəbilər üçün bu tip turlar çox maraqlı olsa da, hazırda qoruq statuslu vulkanlarda turistlərin fəaliyyəti qanunla mümkün deyil. Hazırkı vəziyyətdə turistlər qoruq olan palçıq vulkanına qoruq rejimini pozmadan, yəni onların toxunulmaz hissəsinə xələl gətirmədən bizim vulkanın ətrafında müəyyən etdiyimiz hər hansı yollarla ərazini müşahidə edə bilirlər. Gələcəkdə isə o statusu dəyişərsə, yəni qoruq milli parka çevrilərsə, turistlər də həmin marşruta daxil olub müşahidə edə bilərlər. Hətta belə olan halda vulkanların ətrafında hər hansı istirahət obyektləri də tikilə bilər».

  

   Palçıq vulkanlarını turistlər üçün necə cəlbedici etmək olar?

  

   AMEA-nın Geologiya İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin müdiri Adil Əliyev palçıq vulkanlarından turizm məqsədilə istifadə edilməsi üçün «Bələdçi» kitabını hazırlayıb. Kitabda 25 vulkan barəsində məlumat verilib. Mütəxəssis həmin ərazilərə turist marşrutlarının salınmasını təklif edir. Onun fikrincə, Xəzər-Zirə və Qarasu vulkan adlarından da turizm məqsədilə istifadə olunması məqsədəuyğundur: «Ölkəmizdə turizmin inkişafının dövlət siyasətinin prioritet məqsədlərindən biri elan edildiyi indiki mərhələdə Azərbaycanda palçıq vulkanlarını turistlər üçün cəlbedici yerlərə çevirmək olar. Məsələn, turistlər üçün ən çox maraq kəsb edən fəal vulkanlar qrupu Bakı-Ələt avtomobil yolunda - Qobustan qəsəbəsindən cənubda, Daşgil ərazisində yerləşir. Qobustana gedən hər bir turist həmin palçıq vulkanını görmək arzusunda olur. Deməli, palçıq vulkanlarının reklamına ehtiyac var».

   Mütəxəssisin sözlərinə görə, palçıq vulkanlarını əsasən iki qrupa bölmək olar: fəaliyyət göstərən və sönmüş vulkanlar. Ölkəmizdə qeydə alınmış 300-dən çox palçıq vulkanının 70 faizi fəaliyyətdədir: «Təbiətdə hündür və alçaq, sualtı və yeraltı vulkanlar mövcuddur. Bunların hər biri özünəməxsus xassələrə və kimyəvi tərkibə malikdir. Palçıq vulkanları kimya və tikinti sənayesi, həmçinin farmakologiya üçün xammal mənbəyi rolunu oynayır. Vulkanların gili, palçığı əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur».

   Qeyd edək ki, artıq Geologiya İnstitutu tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə 6 istiqamətdə marşrut işlənərək təqdim edilib. Alimlərin qənaətinə əsasən, palçıq vulkanlarının ekoturizmdən əlavə, müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti ola bilər. Bu baxımdan palçıq vulkanlarının yaxınlığında müalicə obyektlərinin yaradılması vacibdir.

  

   «Palçıq vulkanı» turizm marşrutu

  

   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən isə bildirdilər ki, Azərbaycan Respublikasında «Palçıq vulkanı» ekoturizm marşrutunun yaradılması, pasportlaşdırılması və təqdimatı layihəsi çərçivəsində turizm şirkətləri üçün sentyabr və ya oktyabr ayında palçıq vulkanları ilə birgünlük tanış olma turu keçiriləcək. Turun təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun «Palçıq vulkanizmi» şöbəsi və «GEO-travel» turizm şirkəti olacaq. Turun məqsədi Azərbaycan Respublikasında 2011-ci il «Turizm ili» elan edilməsi ilə bağlı Tədbirlər Planının 30-cu bəndinin icrasını təmin etmək üçün «Palçıq vulkanı» turizm marşrutunun hazırlanmasıdır. Dünyanın təbii möcüzələrindən biri hesab olunan palçıq vulkanlarının turizm nümayiş obyekti kimi tanıdılması, ölkəmizə gələn turistlər üçün hazırlanmış turist proqramlarına daxil edilməsi üçün bu tur ilk addım olacaq. Bundan başqa, tur palçıq vulkanlarının ekoturizm mənbəyi və cəlbedici prioritet turizm məhsulu kimi təşviqat işini gücləndirməyə də töhfə olacaq. Palçıq vulkanlarına ekoturizm marşrutlarından biri Bakıdan cənuba Ələt qəsəbəsi istiqamətində - Lökbatan, Daşgil və Qoturdağ vulkanları nəzərdə tutulur. Bunlar üç müxtəlif fəaliyyətdə olan vulkanlardır. Yolüstü qonaqlar Qaradağ Pilpiləsi, Otmanbozdağ və Böyük Kənizgədağ vulkanlarını da görəcəklər.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 2 sentyabr.- S. 8.