Gənc
Tamaşaçılar Teatrında “Məhv olmuş
gündəliklər”: doqquz il sonra yeni
quruluşda
Vaqif Əsədov: “Teatrın vəzifəsi hər
hansı problemi həll etmək deyil, onu sadəcə göstərməkdir”
Növbəti
teatr mövsümünün açılışına az
vaxt qalıb. Hər il olduğu kimi, bu dəfə də
teatrlarımız sənətsevərlərlə
görüşə yeni tamaşalarla gələcək.
Dövlət Gənc Tamaşaçılar Teatrı da
84-cü mövsümündə
tamaşaçılarını yeni səhnə əsərləri
ilə sevindirəcək. Teatrın yeni mövsümdə təqdim
edəcəyi ilk əsər isə görkəmli
yazıçı-dramaturq İlyas Əfəndiyevin “Məhv
olmuş gündəliklər” pyesi əsasında hazırlanan
tamaşa olacaq. Tamaşanın quruluşçu rejissoru Xalq
artisti Vaqif Əsədovdur.
Vaqif Əsədov 1989-cu ilədək
Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor,
sonra isə rejissor kimi çalışıb. 1989-cu ildən
Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor
kimi fəaliyyət göstərir. Teatrın səhnəsində
“Açıl bənövşəm, açıl”,
“Mağara”, “Oxu, bülbül”, “Oliver Tvistin macəraları” və
s. tamaşalara quruluş verib. “Məhv olmuş gündəliklər”
əsəri isə hələ 2002-ci ildə V.Əsədov tərəfindən
teatrın rus bölməsində tamaşaya qoyulub. Rejissordan
yenidən bu əsərə müraciət etməsinin səbəbini
soruşduqda bunları dedi:
- Tamaşanı 2002-ci ildə Gənc
Tamaşaçılar Teatrının rus bölməsində
hazırladıq və o, uzun müddət oynanıldı, bir
neçə festivalda uğurla nümayiş olundu. Bu il
teatrın rəhbərliyi əsərin Azərbaycan bölməsində
tamaşaya qoyulmasını təklif etdi. Təxminən 2-3 ay
ərzində tamaşanı hazırladıq. Səhnə əsəri
artıq hazırdır və son baxış keçiriləcək.
- 2002-ci ildə
hazırladığınız tamaşa ilə bu il
hazırladığınız tamaşa arasında fərq
varmı?
- Ötən zaman çərçivəsində
insanların nə psixologiyasında, nə də həyata
münasibətində o qədər də böyük fərq,
dəyişiklik görmədiyimə görə tamaşada məqsəd
kimi qarşıya qoyulmuş fikri daha da dərinləşdirməyə
çalışmışam. Yozum və ya fikir nöqteyi-nəzərindən
heç nəyə toxunmadım. Tamaşa oyun üstündə,
daha çox teatrın iç dünyası üzərində
qurulduğundan cüzi dəyişiklik var. Əsaslı
heç nə dəyişməyib.
- “Məhv olmuş gündəliklər”
daha çox hansı cəhətləri ilə sizi cəlb
edir? Bu əsərdə hansı obraz sizə daha
yaxındır?
- İlyas Əfəndiyev
dramaturgiyası ilə ilk tanışlığım bu əsərlə
olub. Hələ Naxçıvan Dövlət Musiqili Dram
Teatrında aktyor kimi çalışdığım zaman bu
tamaşada Qənimət rolunu oynamışam. Əsərdə
bir sıra xarakterik obrazlar var. Haqsızlıqla, ədalətsizliklə
barışa bilməyən Savalan obrazı, həmçinin
Anjel surəti bu qəbildəndir. O da barışmır, təslim
olmur. Hər iki obrazı özümə yaxın hesab edirəm.
Bu iki obraz alt qatda, gizli qalan nə varsa üzə
çıxarır və nəticədə bütün bunlar
ətrafdakıların gözünü açır. Burada tək
məhəbbət xəttində deyil, həmçinin sosial ədalətsizliklə
mübarizədə, vətənpərvərlikdə bu iki
obrazın xüsusi yeri var. Bu mübarizlik onlar
üçün şüar deyil, yaşam tərzidir. Daha canlı,
təbii, səmimi və realdır. Bu da əsərin təsir
gücünü artırır. Təbii ki, səhnə əsərinin
necə alınmasına qiyməti tamaşaçı verəcək.
- Deməli, son sözü
tamaşaçının öhdəsinə
buraxırsınız?
- Bu həmişə belə olub, yəni
teatrın vəzifəsi hər hansı problemi həll etmək
deyil, onu sadəcə göstərməkdir. Həll etmək
mümkün olsaydı, ədəbiyyat bunu çoxdan həll
edərdi.
- Tamaşada əsas rollara aktyor
seçimində çətinliklər olmadı ki?
- Təbii ki, çətin oldu. Hər
iki obraz üçün seçilmiş aktyorlar əvvəlcə
bu təklifdən çəkindilər. Anjeli oynayan aktrisa
obrazla öz arasında böyük fərq olduğunu, Savalan
obrazını təklif etdiyimiz aktyor isə bu obrazın
özünün yaradıcılıq prosesində
ötmüş bir mərhələ olduğunu bildirdi. Buna
baxmayaraq həmin aktyorlar sonradan hər iki rola
razılaşdılar və hətta etiraf etdilər ki, nə
yaxşı roldan imtina etmədilər. Savalan obrazını
Şövqi Hüseynov, Anjeli isə Günel Məmmədova
ifa edir. Bundan əlavə, tamaşada Rasim Cəfərov (Qənimət),
Şəbnəm Hüseynova (Fəridə), Şəfiqə Əliyeva,
Nəsibə Eldarova (Ana), Sərvər Əliyev, Rəşad
Səfərov (Ədalət) və digər aktyorlar rol
alıb.
- Tamaşanın quruluşu nə
ilə fərqlənir?
- Bu, “ev teatrı”
formasında bir quruluşdur. Səhnədə mübhəm bir
atmosfer var. 2002-ci ildə
rusca səhnəyə
qoyulan tamaşa böyük təsir doğurmuşdu. Hətta o zaman
telekanallardan biri tamaşanı efirdə yayımlamışdı. Tamaşanın Azərbaycan variantının
necə qəbul ediləcəyi mənə
çox maraqlıdır.
- Aktyor seçimindəki çətinlikdən
danışdınız. Siz də
yaradıcılığa aktyor
kimi başlamısınız.
Bəs indi necə, hansısa tamaşada oynamaq istərdiniz?
- Bu tamaşada
sonda mən də səhnəyə gəlirəm. Burada tamaşa içində
bir tamaşa oynanılır və rejissor həmin məşqə gəlmir.
Aktyorlar gözləyə-gözləyə özləri məşqə
başlayırlar və
nəticədə tam fərqli
bir tamaşa hasil olur. Sonda rejissor gəlir. Bu rolu özüm
ifa edirəm. Əlbəttə, bir çox
aktyorlar rejissorluq, rejissorlar da aktyorluq etmək istəyir. Bu iki peşə ayrılmazdır. Mehdi
Məmmədov, Adil İsgəndərov, Hüseynağa
Atakişiyev, Vaqif İbrahimoğlu və böyük digər sənətkarlar bir çox rollar ifa ediblər. Mən də bir çox
televiziya tamaşalarında
oynamışam. İndi yaşım
elədir ki, təklif olunan obraz mənə yaxın olmalıdır.
Təklif olsa, oynayaram.
- Uzun illər teatrda çalışan sənətkar
kimi teatrın bugünkü vəziyyətini
necə qiymətləndirirsiniz?
- Həyatın
yazılmamış qanunları,
eniş və yüksəlişləri olur.
Ölkənin həyatında ümumi
inkişaf incəsənətə
də öz təsirini göstərir.
Mən inanıram ki, zaman gələcək bugünkü və ya sabahkı yaradıcı gəncliyin
dünyanı görmə
bucağı tamamilə
dəyişəcək və
o özünün duyduğu,
anladığı teatrı
yaradacaq. Bu gün istedadlı gənc teatr rejissorları var. Onlara işləmək üçün
şərait yaradılır.
Gəncləri bölgə teatrlarına
göndərirlər. Həmçinin onlar paytaxt teatrlarında tamaşalar qoyurlar. Gəncliyin özünü sınaması,
təsdiqi üçün
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən geniş
imkanlar yaradılır.
İnanıram ki, bu gənclər özlərini
təsdiq etdikdən sonra Azərbaycan teatrı daha da inkişaf edəcək.
Reyhan İsayeva
Mədəniyyət.-
2011.- 2 sentyabr.- S. 7.