Hamlet Xanızadənin 70 illik yubileyi qeyd olundu

 

   Avqustun 26-da Dövlət Film Fondunda görkəmli aktyor, Əməkdar artisti, Dövlət mükafatı laureatı Hamlet Xanızadənin (1941-1990) 70 illik yubileyi münasibətilə tədbir keçirildi.

 

   Tədbiri Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq aktyorun canlandırdığı obrazlar haqqında danışdı, onun təvazökar və işgüzar sənətkar olduğunu bildirdi, Hamlet Xanızadə ilə bağlı xatirələrini bölüşdü. Sonra görkəmli aktyorun yaradıcılıq yolunu əks etdirən fotoşəkillərdən hazırlanmış xatirə çarxı tədbir iştirakçılarına təqdim edildi.

   Tədbiri aparmaq üçün söz Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadəyə verildi. O, aktyorun yaradıcılıq yolu haqqında ətraflı məlumat verdi, kinoda yaratdığı obrazlar qalereyasından söz açdı.

   Hamlet Xanızadənin sənət yoldaşlarından xalq artistləri Rafiq Əzimov, Ramiz Məlik, Fuad Poladov, əməkdər incəsənət xadimləri Ənvər Əbluc, Əbdül Mahmudov, aktyor, rejissor Elxan Qasımov çıxış edərək görkəmli aktyorun sənəti barədə fikirlərini, xatirələrini bölüşdülər.

   Tədbirdə Hamlet Xanızadənin sənət dostları ilə yanaşı, ailə üzvləri də iştirak edirdilər.

   Tədbirdə unudulmaz aktyorun çəkildiyi filmlərdən fraqmentlər də nümayiş olundu. Hamlet Xanızadə “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2011.- 2 sentyabr.- S. 6.