“Səhnə mənim üçün məbədgahdır”

 

  Sentyabrın 5-də Xalq artisti Səyavuş Aslanın 76 yaşı tamam olur

  

   Teatrda və kinoda yaratdığı bənzərsiz rolları ilə milyonların qəlbinə yol tapan Səyavuş Aslan nə az - nə çox, ömrünün 56 ilini səhnədə keçirib. Buna qətiyyən peşman deyil. Deyir ki, neçə ömrüm olsaydı yenə bu sənəti seçərdim. Son üç ildə səhhətində olan problemlər onu səhnədən uzaqlaşdırsa da, özü belə deyir: “Səhnəni o qədər çox istəyirəm ki, baxmağın özü ləzzət eləyir”.

   56 il əvvəl sənətə qədəm qoyan Səyavuş Aslan, görəsən, arzularını gerçəkləşdirə bildimi?

   - Hardasa hə, hardasa yox. Sənət aləmində əsl sənətkar olmaq üçün kəşməkəşli yollardan keçməlisən. O yollarda çətinliklər də, dözülməz vəziyyətlər də olur, xoşagəlimli hallar da. Əlbəttə, uzun bir yoldur. Kim bütün çətinliklərə dözürsə, sənətkar olur, mən buna nail olmuşam. İstedadımın, Allah tərəfindən verilən verginin hesabına. Yolum həmişə açıq olub, çox asanlıqla istədiyimə nail olmuşam. Əlbəttə, ailə sevincindən başqa.

   Yarım əsrdən çox sənədə olandan sonra Səyavuş Aslanın səhnə barədə fikri:

   - Necə ki, məscidə səcdə etməyə gedərsən, teatr da eləcə məbəddir. Orada başqalarının taleyini oynamaq, başqalarının taleyini yaratmaq əsl sənətkarlara nəsib olub. Mənim üçün səhnə həmişə ən əziz bir yer olub, olur və olacaq da. Həmişə. Çünki mən gənc vaxtımdan rəhmətlik Ağadadaş Qurbanovun - biz ona “Mirzə qədeş” deyərdik - tələbəsi olmuşam, onun əlindən su içmişəm və bu sənətə uşaqlıqdan bağlı olmuşam. Sənət həmişə mənim üçün böyük məbədgah olub. Gərək bu sənətin, səhnənin dəlisi olasan. Həmişə də istəmişəm ki, sənətlə bağlı xalqıma, tamaşaçılarıma yeni bir söz deyim.

   Maraqlıdır, Səyavuş Aslan hansı rolunu dəfələrlə oynasa, yenə yorulmaz?

   - Vallah, mən çox rollar oynamışam, bütün rolları sevirəm, hamısı ləzzət verir, amma bu ləzzətin içində tam bir ləzzətlisi var. Elçinin “Mənim ağıllı dəlim” əsərində oynadığım idarə rəhbəri rolumdur. O əsəri çox sevirəm və o rolu da nə qədər oynasam da, doymaram.

    “Hicran” tamaşası səhv etmirəmsə üç böyük sənətkarın - Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Səyavuş Aslanın son birgə işi oldu.

   - O yaxşı bir xatirədir. Necə ki, yaşlı nəsillərdən bizə yaxşı xatirə qalıb, “Hicran” tamaşası da biz nəsildən qalan yadigardır.

   Səyavuş Aslan deyir ki, ürəyimdə elə rollar olub ki, istəmişəm, mənə qismət olmayıb, amma yoldaşıma qismət olub, mən də baxıb sevinmişəm.

   Səyavuş Aslan özünə nə tövsiyə edir?

   - Dözümlü, səbirli olmağı.

   Yaş üstə yaş gəldikcə Səyavuş Aslan nə fikirləşir?

   - İnsan yaşa dolduqca uzaq bir səfərə hazırlaşır. İllər keçdikcə o səfərin yolu yaxınlaşır.

   Əslində insan doğulan gündən yoldadır. Səyavuş Aslanın ömür yolu səhnədən keçdi, zirvələrə qalxdı, bu yolda gül-çiçəklə qarşılandı, insanların məhəbbətini qazandı. Bu yol hamar olmasa da, Səyavuş Aslan tale yolunu mərdliklə, uğurla qət etdi.

   Ömrünün 76-cı payızında Səyavuş Aslana cansağlığı, könül rahatlığı, səhnəyə qayıdacağı günü arzulayırıq. Sevgilərimiz dualarımız da öz yerində.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 2 sentyabr.- S. 6.