Azərbaycan-Gürcüstan
mədəni əməkdaşlığı inkişaf
edir
İki ölkənin yazıçı və şairlərinin
əsərlərinin yeni nəşrləri nəzərdə
tutulur
Avqustun
29-da Gürcüstanın Batumi şəhərində Azərbaycanın
dövlət müstəqilliyinin bərpa edilməsinin 20
illiyinə həsr olunmuş tədbirlər çərçivəsində
“Gürcüstan azərbaycanlılarının cəmiyyətə
inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı
kontekstində” mövzusunda “dəyirmi masa” keçirilib.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov “dəyirmi
masa”da çıxış edərək deyib ki, xeyirxah niyyətlə
keçirilən bu cür tədbirlər iki ölkə
arasında qarşılıqlı əlaqələrin
inkişafı, mövcud problemlərin aradan
qaldırılması işində Azərbaycan və
Gürcüstan hökumətlərinə kömək etmək
məqsədi daşıyır. Qeyd olunub ki, Azərbaycan
prezidenti İlham Əliyevin və Gürcüstan dövlətinin
başçısı Mixeil Saakaşvilinin
yürütdüyü siyasət dünya standartlarına
müvafiq şəkildə reallaşdırılmaqla
yanaşı, yerli şərtləri, xalqların, milli və
dini azlıqların maraqlarının təmin
olunmasını da nəzərdə tutur.
“Dəyirmi masa”da
çıxış edən Gürcüstanın reinteqrasiya
məsələləri üzrə dövlət naziri
Yekaterina Txeşeloşvili vurğulayıb ki, rəsmi Tbilisi
ölkədə etnik azlıqların hüquqlarının fəal
şəkildə qorunmasında maraqlıdır.
Azərbaycanın
Gürcüstandakı səfirliyinin müşaviri
Şövqi Mehdizadə ölkələrimizin strateji tərəfdaşlığından
danışaraq bölgədə qlobal layihələrin məhz
bu tərəfdaşlığın sayəsində həyata
keçirildiyini bildirib. Diplomat mədəniyyət sahəsində
də əməkdaşlığın nəzərəçarpacaq
nəticələri olduğunu qeyd edib. O, Azərbaycanın
bir neçə teatrının Gürcüstanda tamaşalar
qoyduğunu, Gürcüstan və Azərbaycan
yazıçı və şairlərinin əsərlərinin
hər iki milli dildə nəşr edilməsi sahəsində
iş aparıldığını diqqətə
çatdırıb.
Gürcüstanda fəaliyyət
göstərən Azərbaycanlıların Mədəniyyət
Mərkəzinin sədri Fazil Həsənov Gürcüstan azərbaycanlılarının
cəmiyyətə inteqrasiyası istiqamətində
görülən işlərdən danışıb, təhsil
sahəsindəki islahatların, gürcü dili kurslarının
təşkilinin bu məqsədə çatmaq
üçün yaxşı zəmin
yaratdığını bildirib. “Tolerans” qeyri-hökumət təşkilatının
sədri Elbrus Məmmədov Gürcüstanın Marneuli və
Bolnisi rayonlarında müvafiq olaraq 18 və 38
yaşayış məntəqəsinin tarixi adlarının bərpa
olunmasını qeyd edib. O, ümidvar olduğunu bildirib ki,
Gürcüstan hökuməti Azərbaycan dini və tarixi abidələrinin
mühafizəsini öz üzərinə götürəcək
və onları Gürcüstanın mədəni irsi kimi
tanıyacaq.
Sonda “dəyirmi masa”
iştirakçıları adından Azərbaycan prezidenti
İlham Əliyevə və Gürcüstan prezidenti Mixeil
Saakaşviliyə müraciət, həmçinin tədbirin
yekunlarına dair Bəyanat qəbul edilib.
Mədəniyyət.-
2011.- 2 sentyabr.- S. 5.