İpək dostluq yolu: yeddi gün Azərbaycanda

 

   Çelyabinskdə keçiriləcək fotosərgi Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub

  

   Sentyabrın 3-də Rusiyanın Çelyabinsk şəhərində vilayət diyarşünaslıq muzeyinin sərgi salonunda “İpək dostluq yolu. Yeddi gün Azərbaycanda” adlı fotosərgi açılacaq. Fotosərgi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə və Cənubi Uralın paytaxtının 275 illiyinə həsr olunub.

  

   Sərgidə nümayiş etdiriləcək işlərin müəllifi Çelyabinskin məşhur foto sənətkarı, Rusiya Foto Sənətkarları İttifaqının Çelyabinsk regional şöbəsinin sədri, diyarşünaslıq muzeyinin direktoru Vladimir Boqdanovskidir.

   Qədim məbədlər və qalalar, Şəki karvansarayı və Qafqazda əsası I əsrdə qoyulmuş ilk xristian kilsəsi, Bakının lap mərkəzində qala divarı ilə dövrəyə alınmış, qarmaqarışıq dar küçələri, döngələri və dalanları olan, məşhur “Brilyant əl”, “Amfibiya adam”, “Aybolit-66”, “Tehran-43”, “Qorxma, mən səninləyəm” filmlərinin çəkildiyi İçərişəhər... Bu zəngin torpağın hər bir addımlığında, hər bir kvadrat metrində tarixlə qarşılaşırsan. Ətrafda isə son dərəcə gözəl təbiət - dərin dərələr və çay vadiləri ilə bir-birindən aralanmış, qədim meşələri və çəmənləri olan Qafqaz dağları.

   Ekspozisiyaya müxtəlif janrlarda - peyzaj, portret, zarisovka, reportaj janrlarında hazırlanmış təqribən 90 - fotoşəkil təqdim olunub. Fotokolleksiyanı “Ozan” Azərbaycan mədəniyyət mərkəzi tərəfindən təqdim olunmuş eksponatlar - əlvan milli geyimlər, məişət əşyaları, dekorativ tətbiqi sənət əsərləri, məşhur Azərbaycan ipəkləri və xalçaları tamamlayacaq. Sərginin videoproqramında Azərbaycanın tarixindən və mədəniyyətindən bəhs edən bir neçə film var.

   “İpək dostluq yolu” sərgi layihəsi Çelyabinsk vilayətinin mədəniyyət və turizm naziri Aleksey Betextinlə Bakı Şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tərəfindən imzalanmış saziş çərçivəsində həyata keçirilir. 2010-cu ilin noyabrında “Çelyabinsk vilayəti və Azərbaycanın xalqlar dostluğu ongünlüyü” zamanı Azərbaycanın nümayəndə heyəti Çelyabinskdə olmuşdu. 2011-ci ilin iyulunda isə diyarşünaslıq muzeyinin direktoru Vladimir Boqdanovski və Çelyabinsk vilayətindəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi ictimai təşkilatının sədri Rəfail Quliyev Bakıya çəkilişə gəlmişdilər.

   İndi Çelyabinskdə “Yeddi gün Azərbaycanda” sərgisini səbirsizliklə gözləyirlər.

   Bu gözəl dostluq layihəsi iki ölkənin anlaşmasına və yaxınlaşmasına, iki mədəniyyətin qarşılıqlı surətdə zənginləşməsinə doğru atılan daha bir addım olacaq.

 

 

   Mədəniyyət.- 2011.- 2 sentyabr.- S. 4.