“Azərbaycan xalçaları: Qarabağ qrupu

 

   Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan nəşr altı dildə çap olunub

  

   “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan xalça ənənələri və tarixi ilə bağlı tədqiqat işlərini uğurla davam etdirir.

 

   Ötən ilin dekabrında Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Azərbaycan xalçaları bütün məktəbləri ilə” adlı layihəsinin növbəti nəşri - “Azərbaycan xalçaları: Qarabağ qrupu” işıq üzü görmüşdü. Bu günlərdə “Azərbaycan xalçaları: Qarabağ qrupu” broşürü altı dildə - Azərbaycan, rus, ingilis, ərəb, fransız və alman dillərində nəşr olunub.

   Xalçaçılıq tarixində ilk dəfədir ki, fundamental elmi tədqiqatlar nəticəsində ərsəyə gələn bu broşürdə Qarabağ xalçalarının özünəməxsus cəhətləri, toxunma texnologiyası, kompozisiyalar hərtərəfli tədqiq edilib. Materialların əsas hissəsini “Azər-İlmə” MMC-nin “Sehrli ilmələr” qalereyasının qədim Qarabağ xalçaları təşkil edir. Kitabda beynəlxalq standartlara uyğun bütün xalçaların texniki göstəriciləri də verilmişdir. Nəşrdə 20-dək əntiq xalça nümunələri və onların bədii təsviri, Qarabağın bütün rayon və şəhərlərinin xalçaçılıq ənənələri haqqında ətraflı məlumatlar verilib.

   Xalçaların özünəməxsus çeşniləri, rəngləri və ornamentlərindən bəhs edən “Azərbaycan xalçaları: Qarabağ qrupu” broşürü Qarabağ xalçalarının həqiqətlərini bütün dünyaya çatdırmağa imkan verir. Broşürün beynəlxalq tədbirlərdə paylanması, dünya sənətşünasları, tarixçilər arasında yayılması nəzərdə tutulub.

   Bu broşürdə yer alan əntiq və müasir Qarabağ xalçaları “Azər-İlmə”nin kolleksiyasında qorunur.

   Layihənin rəhbəri “Azər-İlmə”nin direktoru, dosent Vidadi Muradovdur. Həmçinin bu layihə üzərində tarix elmləri doktoru Kərim Şükürov və sənətşünas Asiya Şirəliyeva da çalışıblar.

   Heydər Əliyev Fondunun dəstəyi ilə bu layihənin növbəti kitabı üzərində də iş aparılır. Növbəti kitab “İrəvan xalçaları”na həsr olunacaq.

 

 

   Mədəniyyət.- 2011.- 2 sentyabr.- S. 3.