Sənətin
gözəlliyi onun sevilməsindədir
“Düşünmürəm ki, əsərlərimi
satıb pul qazanım“
Ağac oyma tarixən maraqlı sənət növlərindən
sayılıb. Lakin ağır zəhmət tələb edən
bu sənətdə tanınmaq çətin olub.
Müsahibimiz sənətini qəlbən sevən və bu sahədə
tanınan sənətkar Ələkbər Məmmədovdur.
- Ələkbər müəllim,
sənət yolunuz haqqında nə deyərdiniz?
- 1985-1987-ci illərdə Rəssamlıq
Məktəbində oxumuşam. Təhsilimi başa vurduqdan
sonra “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri rəssamı
kimi işə düzəldim. Bir il sonra kinostudiyanın nəzdində
multiplikasiya kursu açıldı. İlyarım da orada
oxudum. Sonra orada səkkiz il multiplikasiya rəssamı kimi fəaliyyət
göstərdim. Daha sonra karikatura ilə məşğul
oldum.
- Sizdə bu sənətə maraq
necə yaranıb?
- Ailəmizdə incəsənətə
maraq böyük olub. Atam Rafiq Məmmədov
tanınmış muğam ifaçısı idi. Xeyli vaxt
Muğam Teatrında çalışıb. Məndən
kiçik iki qardaşım da rəssamdır. Mənim
ağac oyma sənətinə marağım isə təsadüfən
yaranıb. Bir gün rəsm alətlərinin satıldığı
mağazada idim. Oyma sənəti üçün lazım olan
alətləri gördüm. Deyim ki, ağac oymağa
marağım bu alətlərdən başladı. Alətlər
çox baha idi. Buna baxmayaraq lazım olacaq alətləri
aldım. Evimizdə fil fiquru vardı. Onu dayım Vyetnamdan gətirmişdi.
Həmişə ona baxar və əksini yaratmaq həvəsi
fikrimdən keçərdi. Elə ilk işim də həmin
fil fiqurunun əksini yaratmaq oldu. Bu zaman təcrübəsizlikdən
əlimi möhkəm yaraladım. Gərək bu işə
birinci dəfə yumşaq ağacdan başlayasan. Mən isə
əksinə etdim. Çünki ağacları tanımırdım.
Sonradan ağacların möhkəm və yumşaq xüsusiyyətlərini
öyrəndim. İndi daha çox qoz və cökə
ağacı üzərində işləyirəm. Bu yolda nə
bir müəllim yanında oldum, nə də bir kitab oxudum. Hər
şeyə böyük həvəs, intəhasız maraq və
bacarığımla nail oldum.
- Sizə bu işdə mane olmaq, həvəsdən
salmaq istəyən olubmu?
- Yaxşı mənada olub. Mənə
maraqsız görünən bu sənətdən
ayrılmağımı və gərəkli bir işin
qulpundan yapışmağımı məsləhət
görüblər. Ancaq sonradan işlərim
çoxaldıqca bir ağac parçası üzərində
müəyyən bir obrazı görməyin nə qədər
maraqlı olduğunu anladılar və məni başa
düşdülər.
- Zəhmətlə, çətinliklə
bu əsərləri yaradarkən nə
düşünürsünüz, fikrinizdən nələr
keçir?
- Hər bir əsərimi yaradarkən
onunla yaşayıram. Ancaq düşünmürəm ki, onu
satım pul qazanım. Bunlar mənim maddi yox, mənəvi
qidamdır. Onlardan aldığım mənəvi zövqü
heç nə əvəz edə bilməz. Bu mənə
çox rahatlıq gətirir. Çətinliyim olanda bu əsərlərin
əhatəsində otururam. Sıxıntılarım bir
anın içində yox olur.
- Mövzu seçiminiz haqda nə deyərdiniz?
- Mövzuların əksəriyyəti
öz fantaziyamın məhsuludur. Yeni mövzular haqda
düşünərkən şəhəri gəzməyə
çıxıram. Tarixi abidələrin məndə
doğurduğu təəssürat yeni bir əsərin ərsəyə
gəlməsinə səbəb olur. Qədim Bakı və
milli geyimlər diqqətimi daha çox çəkir.
İşlərimdə çeşidliliyə və rəngarəngliyə
üstünlük verirəm. Bir dəfə işlədiyim əsərin
təkrarını yarada bilmirəm. Daha çox süjetli
işlər qurmağı və hərəkətli personajlar
yaratmağı xoşlayıram. “O olmasın, bu olsun”un
personajlarının - Məşədi İbad, Sərvər və
Gülnazın təsviri olan əsərlər ən çox
sevilən oymalardır.
- Respublikada və xaricdə sərgiləriniz
olubmu?
- 2003-2004-cü illərdə əvvəl
Azərbaycanın Londondakı səfirliyində, sonra
Şotlandiyanın Aberdin şəhərində sərgim oldu.
“Dədə Qorqud” adlı əsərimi bir ingilis lordu
aldı. Orada bu işimə “Ən yaxşı əsər”
sertifikatı verildi. 2009-cu ildə isə “Azərbaycan-Qazaxıstan“
Dostluq Cəmiyyətinin dəvəti ilə Qazaxıstanın
müstəqillik günü münasibəti ilə
keçirilən sərgidə on bir əsərimlə
iştirak etdim. Orada dünyanın bir çox ölkələrindən
gəlmiş sənətkarların əl işləri sərgilənirdi.
“Şah sarayda” adlı əl işim ən yaxşı əsər
kimi sertifikat aldı. Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərində
keçirilən xalq tətbiqi sənəti nümunələrinin
sərgilərində yaxından iştirak etmişəm.
- Əl işlərinizə kimlər
çox maraq göstərir. Onlar daha çox nələrə
diqqət yetirirlər?
- Əsərlərimə xarici vətəndaşlar
daha çox maraq göstərir. Onların diqqətini at və
başqa heyvan fiqurları, bir də tarixi mövzularda yaratdığım
işlər çəkir. Bir dəfə emalatxanama Almaniyadan
bir turist gəlmişdi. Taxta üzərində ruzi duası
yazılmış əsərimi gördü. Çox bəyəndiyini
bildirdi. Sonra həmin əsəri ona satmağımı
xahiş etdi. Amma orada yazılanı başa
düşmürdü. Elə naxışlardan çox
xoşu gəldiyini deyirdi. O naxışların nə
olduğunu ona izah etdim. Marağı daha da artdı. Pulunu
ikiqat ödəyərək, ruzi duası həkk olunan əsəri
aldı.
- Hazırda hansı əsər
üzərində işləyirsiniz?
- Bir neçə
tamamlanmamış işim
var. Onların çoxu
tarixi mövzudadır.
Üzərində işlədiyim
əsər isə “Bulaq başında“ adlanır.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 7 sentyabr.- S. 15.