Bəstəkar
ömrünün əfsanəsi...
Ötən
əsrdə Azərbaycan bəstəkarlıq məktəbinin
çox qüdrətli nümayəndələri
yaşayıb-yaradıb. Onların haqqında fikirləşəndə
heyrətə gəlirsən: Üzeyir Hacıbəyli,
Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Əfrasiyab
Bədəlbəyli, Soltan Hacıbəyov, Cövdət
Hacıyev və bu parlaq sıradan bizə qənimət və
yadigar qalan, müasirimiz olan, dünyanı dolaşan
şöhrətində qürur duyduğumuz Arif Məlikov.
Bu günlərdə 78 yaşı
tamam olacaq Arif Məlikov dünya simfonistlərinin nəhənglərindən
sayılır. Məşhur musiqiçilərin Arif Məlikov
yaradıcılığı ilə bağlı fikirlərini
oxuduqca onun sənətinə marağın, pərəstişin,
sözün əsl mənasında, vurğunluğun səbəblərini
anlayırsan. Arif Məlikovun musiqisində fikir dərinliyi,
gözəllik, qeyri-adilik, coşqunluq, müasirlik və
bunların vəhdətində orkestri ustalıqla cazibəyə
salaraq təbii ahəngdə idarə etmək qabiliyyəti
çox güclüdür. Əslində heç kimə qismət
olmayan, məhz Arif Məlikovun taleyinə yazılmış
bir ömrün əfsanəsi yarım əsrdən
çoxdur ki, dünyanın sənətsevərlərini
öz cazibəsində saxlayır.
Arif Cahangir oğlu Məlikov 1933-cü il
sentyabrın 13-də Bakıda anadan olub. Uşaq
vaxtı valideynləri ilə birlikdə ən çox getdiyi
ünvan Opera və Balet Teatrı olub. «Leyli
və Məcnun»a, «Əsli və Kərəm»ə,
«Koroğlu»ya baxıb. Verdinin,
Çaykovskinin operaları onu xüsusilə valeh edib. Uşaqlıqdan kitaba elə güclü meyil
göstərib ki, çoxu onun gələcəkdə mütləq
ədəbiyyatçı olacağını
sanırmış. 14 yaşında ikən
bəlli olub ki, Arifin musiqiyə güclü məhəbbəti
var. Valideynləri ona tar alıblar. Əvvəllər
musiqi duyumunun gücünə tanış
melodiyalar səsləndirən Arif sonralar onlara şəxsi
improvizasiyalarını əlavə edərmiş.
Arif müəllim həm
də maraqlı müsahibdir. Sinəsi
xatirələrlə doludur. Söhbət
zamanı ötənlərə boylandıqca nələr
danışmır?
A.Zeynallı adına
musiqi məktəbində oxuyarkən bir gün küçədə
təsadüfən Üzeyir Hacıbəylini görüb. On beş yaşlı Arif bəstəkarın
arxasınca qarabaqara gedərək bir neçə məhəllə
keçib. Gözlərini Üzeyir Hacıbəyliyə dikərək
yol getdiyindən qəflətən kiməsə toxunub: «Korsan»
sualını eşidib. İndi o günləri yada salan bəstəkar
şərafətlə söyləyir: «Mən kor deyildim. Mən görürdüm, canlı Hacıbəylini
görürdüm». Üzeyir bəylə
bağlı xatirə ona dünyanın ən dərin kədər
və sarsıntısını bağışlayıb.
Arif Məlikov 1948-ci ilin payızında dahi bəstəkarın
ölümündən çox təsirlənib. O
ağır günlər gənc musiqiçinin qəlbində
dərin iz salıb.
1953-cü ildə Üzeyir
Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasına daxil olan Arif Məlikov Qara
Qarayevin sinfində dərs alıb. Böyük
bəstəkarın dərslərini, sinif saatlarını,
söhbətlərini, tapşırıqlarını
bütün təfərrüatı ilə yaddaşında
saxlayan və onun tövsiyələrinə həmişə əməl
edən Arif Məlikov hələ birinci kursda oxuyarkən
çoxlu musiqi əsəri bəstələmişdir.
Tələbə ikən
Bakıda Azərbaycan bəstəkarlarının birinci
qurultayı keçirilib. O zaman konservatoriya tələbəsi
Arif Məlikov qurultay iştirakçılarına skripka və
fortepiano üçün bəstələdiyi süitanı
ifa edib. XX əsrin böyük bəstəkarı
Dmitri Şostakoviç Arif Məlikov haqqında mətbuatda
xoş sözlər deyib. Əslində,
bu, gələcək böyük bəstəkar barəsində
ilk xeyir-dua, ilk lisenziya olub. Tələbəlik
illəri onun bioqrafiyasına zəngin əsərlərlə
həkk olunub. 1957-ci ildə bəstələdiyi
«Nağıl» simfonik poeması böyük rezonans doğurdu.
Bu əsər onun musiqi
yaradıcılığının əsas göstəricisi
oldu. «Nağıl» əsl teatr səviyyəsinə
məxsus xüsusiyyətlərini, məqsəd
aydınlığını, konkretliyi ifa edərək Azərbaycan
musiqi mədəniyyətinə yeni istedadlı bir simanın gəldiyini
təsdiqlədi. O zaman bu, nadir hadisə idi ki, tələbənin
əsəri konservatoriya səhnəsində səsləndirilsin.
Arif Məlikovun süitaları, simfonik poemaları görkəmli
dirijorların iştirakı ilə nəinki Bakıda, az sonra Moskvada səsləndirildi. Bu da faktdır ki, Arif Məlikov Azərbaycan
simfonizmində yeni parlaq səhifələrin
yaradıcılarından biridir. Konservatoriyanı
bitirdikdən sonra bəstəkarın ikinci simfonik poeması -
«Füzuli» də müəllifə növbəti şöhrətini
gətirdi. Arif Məlikov 26 yaşında
respublika Dövlət mükafatına layiq görüldü.
Bəstəkarın
şöhrəti dünyanı dolaşanda o hələ
çox gənc idi. 1961-ci ilin yazında Leninqrad Dövlət
Opera və Balet Teatrında bəstəkarın «Məhəbbət
əfsanəsi» baleti tamaşaya qoyulanda müəllifin 28
yaşı vardı. Arif Məlikovun
böyük türk şairi və dramaturqu Nazim Hikmətin «Məhəbbət
əfsanəsi» pyesi əsasında bəstələdiyi
eyniadlı baletdə ilk dirijor maestro Niyazi oldu. Bu baletə böyük həyəcanla baxan Nazim Hikmət
övladı qədər sevdiyi və dostluq etdiyi Arif Məlikovun
uğurlu yaradıcılığından çox fərəhlənib.
Nazim Hikmət onu oğlu Mehmet qədər sevərmiş.
Bakıda şairin çoxlu dostları
vardı. Nazim Hikmətin Bakıya yola
düşəndə hamı onu öz evinə dəvət
edirdi. Nazim isə «öncə oğluma dəyməliyəm»
- deyərmiş.
Arif Məlikov da
böyük şairə sevgisini əzəmətli əsərlə
ifadə etdi. «Məhəbbət əfsanəsi»
pyesi fəlsəfi bir əsərdir. Bütün
bəşəriyyətə məxsus olan bu abidəyə səhnə
həyatı vermək və misilsiz uğur qazanmaq özü
bir əfsanəyə bənzəyir.
Arif Məlikovun istedadı «Məhəbbət
əfsanəsi»nin taleyinə xoş sabahlar
yazdı. Əlli ildən artıqdır ki, bu
balet dünya teatrlarının səhnəsində
nümayiş olunur. Rusiyanın möhtəşəm sənət
məbədi sayılan Böyük Teatr 45 ildir ki, müntəzəm
surətdə öz repertuarında «Məhəbbət əfsanəsi»nə
xüsusi yer ayırıb. Arif Məlikov yeganə azərbaycanlı
bəstəkardır ki, onun əsəri bu teatrda hər il tamaşaya qoyulur. Dünyanın 100-dən
artıq teatrının məmnuniyyətlə təqdim etdiyi
«Məhəbbət əfsanəsi»nin müəllifdə 60-dan
artıq variantı köçürülmüş videolenti
var. Bu baletin səhnəyə
çıxarıldığı ölkələrin bəzilərinə
diqqət edək: Çexiya, Bolqarıstan, Türkiyə,
Polşa, Almaniya, Macarıstan, Finlandiya, Sloveniya, Amerika Birləşmiş
Ştatları, Yaponiya, Misir, eləcə də keçmiş
sovet respublikalarının əksəriyyəti.
Arif Məlikov
yaradıcılığı boyu Nazim Hikmətə müraciət
etməyi çox sevib. Böyük şairin
poeziyasındakı qeyri-adilik, daxili etiraflar, hiss
və duyğuların birbaşa vətən həsrəti ilə
qovuşması bəstəkarı həmişə riqqətə
gətirib. Bu səbəbdən də onun
şeirlərinə üç silsilə - 12 romans yazıb.
Arif Məlikov 1986-cı ildə ikinci silsilə romanslarına
görə Dövlət mükafatı laureatı adına layiq görülüb. Elə həmin
il SSRİ Xalq artisti fəxri adını
da alıb. Zəngin və çoxsahəli
yaradıcılığı ilə nəinki azərbaycanlı
həmkarlarından, hətta dünya bəstəkarlarından
fərqlənən bəstəkar bir-birinin ardınca
yaratdığı iri musiqi əsərləri - «Vətən»,
«Metamorfozalar», «Axırıncı aşırım» simfonik
poemaları, 8 simfoniyası, eləcə də digərləri
Azərbaycan simfoniyasını irəli aparan gəminin
sükanını dəyişərək ona yeni istiqamət,
inkişaf və şöhrət də gətirdi. Müxtəlif ölkələrin konsert
salonlarında və festivallarda ifa olunan bu simfoniyalar müəllifinə
ardı kəsilməyən təşəkkür, təbrik,
məktub və dəvətlər gətirdi.
Arif Məlikov paralel
şəkildə müxtəlif janrda musiqi əsərləri
üzərində işləməkdə çox mahir bəstəkardır.
Təsəvvürə gətirin ki, Beşinci
simfoniya hələ tamamlanmamış o, iki maraqlı kamera əsəri
- fortepiano üçün «Anilik» və skripka
üçün sonatanı başa çatdırdı.
Bəstəkarın 1969-cu ildə Leninqrad
Dövlət Opera və Balet Teatrında «İkilikdə» («Bu
torpaqda ikilikdə») adlı baleti tamaşaya qoyuldu. Az keçmədi «İki ürək» baletini
tamamladı. Böyük və möhtəşəm əsərlərlə
yanaşı, Arif Məlikov «Torpağın səsi»
kantatasını, «Dalğalar» operettasını, fleyta və
orkestr üçün konsertini, bir sıra kamera instrumental əsərlərini,
bədii filmlərə («Sehrli xalat», «26 Bakı komissarı»,
«Axırıncı aşırım» və s.), eləcə də
dram teatrında səhnəyə qoyulmuş tamaşalara
(«Torpağa sancılan qılınc», «Atabəylər», «Natəvan»
və b.) musiqilər yazdı. Dəyərli
musiqi əsərləri yaradan və bununla da təkcə Azərbaycana
deyil, bütövlükdə bəşər mədəniyyətinə
fədakarcasına xidmət edən Arif Məlikov 50-yə
yaxın mahnının müəllifidir. Onun
qanad verdiyi nəğmələri xalq artistləri - Rəşid
Behbudov, Şövkət Ələkbərova, Zeynəb
Xanlarova və başqa məşhurlar ifa ediblər.
Ümummilli lider Heydər
Əliyev Arif Məlikov yaradıcılığını
çox sevirdi. Arif müəllim danışır ki, hər
dəfə Moskvada əsərləri tamaşaya qoyulanda salonda
tanış simanın təbəssümlü
baxışlarını görəndə
qürurlanırmış. Heydər Əliyevin
diqqətindən həmişə ilham aldığını
söyləyən Arif Məlikovu 1994-cü ildə ulu öndər
özü ilə birlikdə Məkkə ziyarətinə
aparıb. O günləri xatırlayan Arif Məlikov riqqətlə
söyləyir ki, mənim üçün təəccüblü
və maraqlı fakt idi. Ziyarət zamanı unudulmaz Heydər Əliyev
qəfildən dedi: «Arif, bilirsən səni bura niyə gətirmişəm?
İstəyirəm ki, sən bu müqəddəs
yerləri görəsən və bunun təsiri altında bir
simfonik əsər yazasan». Heydər Əliyevin
bu sözləri bəstəkarı heyrətə gətirib.
Ulu öndərin qüdrətli duyumu, dərin hissiyyatı
qarşısında heyrətini gizlədə bilməyən
Arif Məlikovun sözləridir: «İnanmıram ki, adi adam Məkkədə simfonik musiqi haqqında
fikirləşə bilsin. Simfonik əsər
yazan mənəmsə, orada mən belə şeylər fikirləşmirdim.
Çünki Məkkə, Mədinə hara, Quran hara, simfonik əsər
hara?! Amma böyük şəxsiyyət uzaqgörənliklə
hiss edirdi ki, məhz orada nəyisə mənimsəyib dəyərli
simfonik əsər yazmaq mümkündür».
Nəhayət, Arif Məlikov ulu
öndərin arzusunu yerinə yetirdi. 2004-cü ildə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında bəstəkarın Heydər Əliyev ithaf
etdiyi Səkkizinci simfoniyasının - «Əbədiyyət»in
ilk ifası tamaşaçıları sehrlədi. Xalq artisti
Rauf Abdullayevin dirijorluq etdiyi Azərbaycan Dövlət Simfonik
Orkestrinin və solist Rəşidə Behbudovanın ifası
ilə səsləndirilən bu möhtəşəm musiqinin
təsiri zalda qəribə bir sakitlik yaratdı.
Yadımdadır, bir neçə saniyə sürən fasilədən
sonra salonu bürüyən sürəkli alqışlar sanki
bir daha «Əbədiyyət»in sonsuzluğunu təsdiq edirdi. Bu
hadisədən illər keçsə də, o qeyri-adi musiqinin
varlığımıza hopmuş sədaları bizi yenə də
həmin aləmə çəkir. Arif Məlikovun qüdrətli
musiqisi elə bir zirvədə qərar tutmuşdu ki, burada həyat
bütün tərəfləri - tufanları, sakitliyi,
rahatlığı olum və ölümü ilə tərənnüm
edilirdi. Yarım saatdan artıq davam edən «Əbədiyyət»
simfoniyası Azərbaycan musiqi mədəniyyətinin növbəti
bir sənət zirvəsi sayıldı.
Arif Məlikov
yaradıcılığı dövlətimiz tərəfindən
həmişə yüksək qiymətləndirilib. Sovet
dövründə də belə idi, müstəqilliyimizi
qazandıqdan sonra da. Dövlət mükafatı laureatı,
Xalq artisti, «İstiqlal» ordenli, Prezident təqaüdçüsü
Arif Məlikovun 2008-ci ilin payızında 75 illik yubileyi
dövlət səviyyəsində qeyd olundu. 2009-cu ildə isə
Heydər Əliyev Mükafatı laureatı oldu. İlk dəfə
təqdim olunan bu yüksək mükafata layiq görülən
üç nəfərdən biri - musiqi mədəniyyətinin
inkişafında xüsusi xidməti ilə seçilən bəstəkar
Arif Məlikovun olması böyük bəstəkara göstərilən
diqqət və qayğının təcəssümüdür.
Mükafatın təqdimetmə mərasimində bunu yüksək
dəyərləndirən Arif Məlikov fərəhlə
söyləmişdi: «Azərbaycan Prezidentinə, onun
xanımına öz dərin təşəkkürümü
bildirir və bu gün xatirəsini böyük ehtiramla yad
etdiyimiz dahi şəxsiyyətin qarşısında baş əyirəm
və onun surəti həkk olunan bu nişanı həmişə
fərəhli günlərdə fəxrlə
döşümdə aparacağam».
Dahi Üzeyir Hacıbəylidən
mənəvi, Qara Qarayevdən isə həqiqi dərs alan Arif
Məlikov yeganə korifeydir ki, bizim aramızdadır. Gələcək
bəstəkarların yetişməsində böyük əməyi
olan Arif Məlikov 1965-ci ildən konservatoriyanın - indiki
Bakı Musiqi Akademiyasının professorudur. 2001-ci ildən Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvüdür.
Arif Məlikov yaradıcılığı Azərbaycan mədəniyyəti
tarixində bütöv bir mərhələdir. Əlli ildən
artıqdır ki, «Məhəbbət əfsanəsi» baleti ilə
dünyanın möhtəşəm səhnələrini lərzəyə
gətirən Azərbaycan bəstəkarının öz həyatı
da, yaradıcılığı da bir əfsanədir! Nə
yaxşı ki biz bu canlı əfsanə ilə bir əsrdə
yaşayırıq, onu duyuruq, eşidirik və sevirik!
Flora
Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-
2011.- 7 sentyabr.- S. 13.