“Sevinirəm
ki, mənə böyük
sənətkarlardan dərs almaq qismət olub”
Əyyub
Quliyev: “Xaricdə yaşayıb işləmək barədə
təkliflər olsa da, mənim dirijorluq fəaliyyətim hər
zaman Azərbaycanla bağlıdır”
Azərbaycanı
dünyada tanıdan istedadlı gənclərdən biri də
dirijor Əyyub Quliyevdir. Gənc olmasına baxmayaraq,
böyük nailiyyətlərə imza atıb. 2006-cı ildə
Azərbaycanın Milli Mədəniyyət Mərkəzi tərəfindən
«Uğur» mükafatına, 2008-ci ildə qazandığı
nailiyyətlərə görə Mədəniyyət və
Turizm Nazirliyinin «Zirvə» mükafatına layiq
görülüb. 2006-cı ildə Polşanın Belostok
şəhərində keçirilən dirijorların
V.Lyutoslavski adına IV beynəlxalq müsabiqəsində I
yeri qazanıb. 2009-cu ildə Rumıniyada keçirilən
«Krayova» beynəlxalq müsabiqəsində I yerə,
Sankt-Peterburqda keçirilən «Musiqi Olimpi» XIV beynəlxalq
musiqi festivalında isə «Dinləyici simpatiyası» beynəlxalq
mükafatına layiq görülüb. 2010-cu ildə Arturo
Toskanini adına dirijorların IX beynəlxalq müsabiqəsində
Qran-Pri və «Sinopoli» mükafatı ilə təltif olunub.
Ümumilikdə gənc dirijor
müxtəlif illərdə ABŞ, İtaliya, Yunanıstan,
Polşa, Xorvatiya və başqa ölkələrdə
keçirilən konsertlərdə orkestrlərə dirijorluq
edib.
Polşada ilk dəfə «Leyli və Məcnun»
- Sənət yolunuzda qısa vaxt ərzində
bir sıra nailiyyətlər qazanmısınız. Bu
uğurların əldə olunmasında, istedadla
yanaşı, başqa daha hansı amillər rol oynayır?
- İlk növbədə
doğulduğum ailədəki mühit və valideynlərimin
mənə verdiyi tərbiyəni qeyd etmək istəyirəm.
Bunlar çox vacib amildir. Sənətkarın ailəsində
doğulmaq artıq yaradıcılıq yolunun bir
başlanğıcıdır. Professor Ramiz Quliyevin ünsiyyətdə
və yaradıcılıq əlaqələrində olduğu
Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov,
Müslüm Maqomayev və başqa görkəmli
musiqiçilərlə olan görüşləri, xatirələri
mənim üçün böyük məktəb rolunu
oynayıb. Bu hər musiqiçiyə qismət olmur. Çox
sevinirəm ki, böyük sənətkar ailəsində
dünyaya gəlmişəm, ilk sənət dərslərimi
də atamdan, onun sənətindən almışam. Belə
xoşbəxtlik hər musiqiçiyə qismət olmur.
Uğura aparan yolda digər
mühüm amillər sırasında
formalaşdığım və yetişdiyim təhsil
ocağı, mənə dərs deyən müəllimlərin
qayğıkeş münasibəti, tanınmış və təcrübəli
musiqiçilərlə ünsiyyətdə olmaq kimi vacib məqamları
da qeyd etmək gərəkdir. Bu baxımdan çox sevinirəm
ki, mənə Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyası, Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət
Konservatoriyası və Vyana Dövlət Musiqi Universitetində
böyük sənətkarlardan dərs almaq qismət olub.
Bütün müəllimlərimi həmişə
böyük ehtiram hissi ilə yad edirəm. Mənə vaxtilə
dərs demiş professorların bir çoxu ilə indi də
sıx əlaqə saxlayıram. Vyana Simfonik Orkestrinin baş
dirijoru, professor Mixail Yurovski, Vyana Musiqi Universitetinin professoru
Mark Strinqer, Roberto Benzi və digərlərinin adlarını
qeyd edə bilərəm. Həmçinin Azərbaycanda mənə
dərs demiş müəllimlərimlə də tez-tez
görüşüb, onlardan məsləhət alıram.
- Dünyanın bir neçə
ölkəsində konsertləriniz olub. Dirijorluq etdiyiniz bəzi
orkestrlərdə ilk dəfə Azərbaycan bəstəkarlarının
əsərləri səsləndirilib. Bu konsertlər
musiqiçi olaraq sizə nə verib?
- Hər bir konsert mənim
üçün bir yeni səhifə və eyni zamanda, növbəti
konsertə keçid rolunu oynayır. Buna görə konsertlərə
həmişə çox ciddi hazırlaşıram.
Xüsusilə Azərbaycan musiqisini dünya ölkələrinin
tanınmış simfonik orkestrləri ilə ifa etmək
böyük məsuliyyət tələb edir. Çünki
çox zaman həmin əsərlər ilk dəfə olaraq
başqa ölkələrdə səslənir. Bu yaxınlarda
Podlaziya Filarmonik Orkestri ilə görkəmli bəstəkarımız
Qara Qarayevin «Leyli və Məcnun» simfonik poemasını ifa
etdik. Bu, Polşada həmin əsərin ilk ifası idi. Əsər
artıq ilk ifadan sonra yerli KİV-də mədəni hadisə
kimi qeyd olunmuşdu. Həmçinin Üzeyir Hacıbəylinin
əsərlərinin Vyana Dövlət Kamera Orkestri ilə
ifası, Fikrət Əmirovun «Azərbaycan kapriççiosu»nun
Rusiya, Moldova, Belarus və Ukraynada səsləndirilməsi həyatımın
ən yaddaqalan anlarından biridir. Belə konsertlər Azərbaycan
bəstəkarlarının dünya musiqisinə necə
böyük töhfələr verdiyini bir daha sübut edir. Ona
görə də bu dəyərlərin qorunması hər bir
azərbaycanlı musiqiçinin vacib vəzifələrindən
biridir.
- İlk vaxtlar
tamaşaçılar sizi görkəmli tarzən, Xalq artisti
Ramiz Quliyevlə birgə tar ifa edərkən gördü.
Maraqlıdır, niyə sonda tarzənliyi deyil, dirijorluğu
seçdiniz?
- Hər dövrün və zamanın
öz tələbi var. Zamanla ayaqlaşmaq çətin olsa
belə, hər bir insan qarşısına bir vəzifə
qoyaraq, həyatda addımlayır. Mənim qarşıma
qoyduğum vəzifə məni dirijorluq sənətinə gətirib
çıxartdı. Deməliyəm ki, bu seçimimə
görə peşman da deyiləm. Bu, mədəniyyət aləmində,
dünyada böyük nüfuza malik olan bir sənətdir.
Çətinliklərə baxmayaraq, bu sənətdə
ölkənin mədəniyyətinin təbliği
üçün dünya səviyyəsində işlər
görmək olar.
Quliyevlərin sənət layihələri
- Professor Ramiz Quliyevlə birgə
Azərbaycanda və xaricdə maraqlı konsert layihələriniz
olub. Ata-oğul olaraq bu layihələrə necə
hazırlaşırsınız və gözlədiyiniz nəticəni
əldə edə bilirsinizmi?
- Adətən biz hazırlıq
prosesini əvvəlcədən planlaşdırırıq.
Sinif məşqləri-templər, nüanslar, ştrixlər və
s. Buna müəyyən vaxt tələb olunur. Misal
üçün, biz artıq 2012-ci ilin iyununda Rumıniyada
keçiriləcək konsertin proqramını
hazırlayırıq. Nəzərə alsaq ki, həmin aya qədər
digər konsertlərin də texniki və yaradıcılıq
problemləri olur, onda təxmin edə bilərsiniz ki, bu necə
mürəkkəb və uzun bir prosesdir. Amma ən əsas bu
konsertlərin bizim mədəniyyətimiz üçün
uğurlu olmasıdır. Qürur hissi ilə qeyd etməliyəm
ki, indiyədək çıxışlarımız biz
arzuladığımız şəkildə baş tutub və
ümid edirəm gələcəkdə də belə olacaq.
- Azərbaycan Akademik Opera və Balet Teatrında «Sevil» operasına dirijorluq etdiniz. Bu teatrla çalışmalarınız
davam edəcək?
- Opera və Balet Teatrı ölkəmizin ən dəyərli sənət
ocaqlarından biridir. Bu teatr böyük
ənənələrə malik və güclü
sənət məktəbi
keçmiş sənətkarları
yetişdirən sənət
məbədidir. Hər zaman
bu teatrda mövcud olan yaradıcılıq proseslərində
bilavasitə iştirak
etmək arzusunda olmuşam və çox sevinirəm ki, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin
dəstəyi ilə bu arzuma çatmışam.
Teatrda debütüm bu ilin fevralın 2-nə - Gənclər gününə
təsadüf etmişdi.
Ümumiyyətlə, son illərdə ölkə rəhbərliyi
Azərbaycan gəncliyi
üçün müxtəlif
sahələrdə inkişaf
və yaradıcı baxımdan gözəl şərait yaradıb.
Gənc dirijorun Dövlət Opera və Balet Teatrının
pult arxasına çıxaraq dirijorluq etməsi bunun bariz nümunəsidir.
- Yəqin xaricdəki konsertlər zamanı sizə həmin ölkələrdə
qalıb işləmək
təklifləri olur?
- Belə təkliflər, əlbəttə,
olub. Xüsusilə beynəlxalq müsabiqələrdən
sonra həmin ölkələrdə qalıb,
işləmək təklifləri
almışam. 2010-cu ilin
oktyabrında İtaliyada
keçirilən Arturo Toskanini
adına IX Beynəlxalq müsabiqədə
qalibiyyətdən sonra
hətta mənə vətəndaşlıq təklif
olunmuşdu. Bundan başqa, bu
yaxınlarda Sankt-Peterburq
«Beynəlxalq musiqi evi» mənə çox maraqlı və uzunmüddətli müqavilə təklif edib. Hətta Belarus Dövlət Akademik Musiqi Teatrı baş dirijor vəzifəsini təklif edəndə, düzü bu barədə bir az düşündüm. Ancaq həmişə
olduğu kimi, mən dirijorluq fəaliyyətimi Azərbaycanla
bağlayıram.
Dirijorla orkestrin vizual əlaqəsi
- Orkestrdə hər musiqi alətinin öz dili, öz yeri
var. Konsert zamanı bu alətlərin hər biri sizin
gözünüzdə necə
canlanır?
- Orkestrə daxil olan hər
bir alətlər qrupunun mənim üçün xüsusi
əhəmiyyəti var. İfa
zamanı onlarla birgə nəfəs almaq və ifa
etməyə çalışıram.
Hətta
məcazi olsa belə, skripkaçıların
ifasında özümü
onların yanında oturmuş kimi hiss etməyə çalışıram.
Bu da mənə
onların ifa texnikasını daha da yaxşı anlamağa kömək edir. Bunu nəfəs və
zərb alətlərinə
də aid edirəm.
Mənim
fikrimcə, bu xəyali transformasiya tək dirijorun işini deyil, həm də ifaçıların dirijorla
vizual və daxili əlaqəsini rahatlaşdırır.
- Orkestrin sizin üçün mənəvi döyüş
olduğunu bildirmisiniz.
Bu döyüş komandasına rəhbərlik
etmək, onu istiqamətləndirmək gənc
dirijor üçün
çətin deyil?
- Çətinliklər
həmişə olub.
Bu ilk növbədə ünsiyyətdə olduğumuz
kollektivlə bilavasitə
bağlıdır. Burada daha
çox psixoloji məqamlar üstünlük
təşkil edir.
Çıxış etdiyimiz
orkestr üzvlərinin
dirijora qarşı olan etik və
professional münasibəti, dirijorun orkestrlə iş üslubu, onun baxışlarının
musiqiçilər tərəfindən
qavranılması və
ifada gerçəkləşməsi
hər zaman asan olmur. Bunun üçün
şəraiti və qarşıdakı perspektivləri
düzgün qiymətləndirmək
lazımdır.
- İdealınız
olan, ondan öyrəndiyiniz dirijor var?
- Hər bir yaş dövründə
musiqiçilərin ideal seçdikləri
insanlar dəyişir.
Ancaq mənim üçün istənilən yaş dövründə daim olaraq bir sənətkar
və şəxsiyyət
kimi hörmət bəslədiyim dirijor
maestro Niyazi olub.
Hansı
ölkədə çıxış
etmişəmsə, həmişə
orada musiqiçilər
Niyazini böyük hörmət və ehtiramla yad ediblər.
Dirijor çubuğum sehrli olsaydı...
- Dirijor çubuğunun bir sehri olduğunu deyənlər var. Bir anlıq onun sehrli çubuq olduğuna inansanız, onunla nə edərdiniz?
- Çox istərdim ki, çubuğum sehrli olsun. Məşhur «Harri Potter» filmində
olduğu kimi. Ancaq öz çubuğumu heç zaman sehrli hesab etməmişəm.
Son zamanlar, ümumiyyətlə,
çubuqsuz dirijorluq etməyə üstünlük
verirəm. Amma sehrli çubuğum olsaydı, ilk növbədə
orkestr musiqiçilərinin
musiqiyə olan sevgisini bir az da artırmağa
çalışardım. Mənim fikrimcə,
yaradıcılıq sevgi
olmadan yaşaya bilməz.
- Qarşıda
hansı layihələr,
səfərlər gözlənilir?
- Sentyabrın
10-da Qırğızıstanın paytaxtı Bişkekdə Dövlət Filarmonik Orkestrinin iştirakı ilə dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin
yaradıcılığına həsr olunmuş möhtəşəm qala-konsert
keçiriləcək. Bununla bərabər,
Macarıstanın paytaxtı
Budapeştdə sentyabrın
18-də dahi bəstəkarın
ad gününə həsr
olunmuş konsertə dirijorluq etmək üçün Macarıstandakı
səfirliyimizdən dəvət
almışam. Sentyabrın 20-21-də isə Bakıda Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalında Vyana Dövlət Kamera Orkestri ilə bərabər iki maraqlı konsert proqramı ilə çıxış edəcəyik.
Həmin
konsert proqramlarında
Azərbaycanda heç
vaxt səslənməyən
əsərlər yer alacaq. Solistlərimiz Koreyadan skripkaçı
Je Xay Li, istedadlı pianoçularımız Yeganə
Axundova və Murad Hüseynov olacaq.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 7 sentyabr.- S. 12.