Sənədli
filmlər - dünyaya açılan pəncərə
Kino tariximizdən
Dünya kinosu, o cümlədən Azərbaycan kinosu
yarananda ilk dəfə xronikal kinosüjetlər çəkilmiş,
ötən illər ərzində kino sənətinin sənədli
kino növü xeyli inkişaf etmiş, tamaşaçılar
arasında həmişə populyar olmuşdur. Təsadüfi
deyil ki, sənədli filmləri dünyaya açılan pəncərə
və yaxud həyatın güzgüsü adlandırırlar.
Azərbaycan sovetləşəndən
sonra da kinomuzun əsasını sənədli xronika təşkil
etmişdir. Bəs sovet Azərbaycanında ilk xronikal lentləri
çəkənlər kimlər idi? Yerli operatorlarımız
olmadığı üçün onların hamısı gəlmələr
idi: Kosiçkin, Yermolov, Jelyabujski və başqaları.
Sovetləşmənin ilk
vaxtlarından başlayaraq kino işçiləri
respublikanın həyatı ilə bağlı, bolşeviklərin
təbliğat işində əhəmiyyət kəsb edə
biləcək hadisələri lentə
köçürürdülər. Bu məsələ ilə
bağlı sovet dövlətinin başçısı
V.Leninin verdiyi sərəncamdakı fikirlərə diqqət
yetirin: “Kəndlərdə və Şərqdə
kinoteatrların təşkilinə xüsusi diqqət yetirmək
lazımdır. Bu yerlərdə kino yenilikdir, ona görə də
bizim təbliğatımız oralarda xüsusilə uğurlu
olacaqdır”.
Təbliğat həqiqətən
öz işini görürdü. Azərbaycanda da I Dövlət
Kinofabriki fəaliyyətini sahmana salandan sonra sənədli
filmlərin istehsalı xeyli artdı. 20-30-cu illərdə Azərbaycan
sənədli kinosunda əsasən informasiya, reportaj
xronikası geniş yayılmışdı.
Bərəkətli Azərbaycan
torpağında hər zaman yadelli qüvvələrin
gözü olub. Onlar əlləri sərvətlərimizə
çatmayanda işğal yolu ilə onu ələ keçirməyə
çalışmışlar. 1920-ci il aprelin 28-də də
xalqımızın taleyinə belə acı gün
yazıldı. Azərbaycan bolşevik Rusiyasının XI
ordusu tərəfindən işğal olundu. Operatorlardan
Rostomyan, Kosiçkin və Jelyabuyski həmin günü və
işğalçıları lentə alıb bizim
üçün “yadigar”qoydular. Onların adlarını və
sifətlərini yaddan çıxartmayın: Mikoyan,
Orconikidze, Kirov. Sonralar bu “rəhbərlər” onlara mane
olduğu üçün Nəriman Nərimanovu zəhərləyib
öldürəcək, torpaqlarımızın bir hissəsini
zorla əlimizdən alıb Ermənistana verəcək,
Bakını Azərbaycandan ayırıb SSRİ-nin müstəqil
beynəlmiləl şəhərinə çevirmək,
Böyük Vətən müharibəsi illərində
xalqımızı kütləvi şəkildə
Qazaxıstanın çöllərinə köçürmək
istəyəcəklər.
Bakı neftinin qoxusu sovet
imperiyasının digər rəhbərlərini də çəkib
bu yerlərə gətirirdi. “Kalininin Bakıya səfəri”,
“Trotskinin Bakıya səfəri”, “Bakıda Frunze tərəfindən
Qırmızı Ordu hissələrinin yoxlanılması”, “Rəhbərlərin
Bakıya səfəri”, “İnqilab tribunu”, “Klim Voroşilov
Bakıda”, “Yüksək mükafat”, “S.M.Kirova abidə
özülünün qoyulması” protokol-informasiya filmlərində
bu məsələ qabarıq şəkildə öz əksini
tapmışdır.
Rejissor-operator Vladimir Yeremeyevin
çəkdiyi “S.M.Kirova abidə özülünün
qoyulması” xronikal-sənədli filmi sovet dövründə
ekranlarda tez-tez nümayiş etdirilirdi. Dağüstü
parkda, indiki Şəhidlər xiyabanında “alovlu tribun”a
ucaldılacaq abidənin özülü qoyularkən bu təntənəli
hadisə kommunist partiyasına, Kirovun şəxsində
böyük “qardaş” olan rus xalqına Azərbaycan
xalqının məhəbbətinin ifadəsi kimi qələmə
verilirdi. Halbuki milyonlarla insan Dağüstü parkda Kirovun yox,
Koroğlunun və ya Babəkin abidəsini görməyi daha
çox istərdi.
Atalar yaxşı deyib: özgə
atına minən tez düşər. Az qala Bakının
embleminə çevrilmiş bu heykəl 60 ildən sonra
uçurulub yerə salındı. Kinematoqrafçılarımız
bu hadisəyə “Sürüşmə” adlı bir sənədli
film də həsr etdilər.
Qayıdaq 20-ci illərə. 1925-ci
ildə kinofabrikin bazası bir qədər möhkəmləndirildikdən
sonra respublikada müxtəlif növ və janrda filmlərin
istehsalı genişləndirildi. Həmin ildən informasiya
filmlərinin sayı get-gedə artmağa başladı. O
dövrdə neft mədənlərində təhlükəsizlik
texnikası qaydalarına lazımi səviyyədə riayət
olunmadığına görə tez-tez yanğınlar baş
verirdi. Bununla əlaqədar studiyada reportaj janrında “Bibiheybətdə
qaz fontanı yanğını” və “Suraxanıda qaz
fontanı” filmləri çəkildi.
Həmin illərdə hadisəli -
reportaj manerasında da xronikal-sənədli filmlər istehsal
olunurdu. Bakıda idmançıların, gənclərin
paradından danışan “IX Beynəlxalq gənclər
gününün bayram edilməsi”, “Bakıda tramvay yolunun
salınması və yolun açılışı”, “Culfa -
Bakı yolu”, “Dənizdə neft yanğını”, “Nəriman
Nərimanovun dəfni”, “Cəfər Cabbarlının dəfni”
bu qəbildən olan filmlərdir. 1926-cı ildə ilk dəfə
Azərbaycanda I türkoloji qurultayın keçirilməsindən,
türk xalqlarının yeni latın əlifbasını qəbul
etmələrindən, qurultayın türk xalqları ədəbiyyatı
və dil problemləri barədə qərarlarından söhbət
açan “I türkoloji qurultay” adlı sənədli film
çəkilmişdir.
Sonrakı illərdə Azərbaycan
filmlərində mövzu rəngarəngliyinə daha çox
diqqət yetirilmişdir. Məsələn, “Azərbaycanda
kinopavilyonun açılışı”, “Uşaq
baxımsızlığı ilə mübarizə”, “Bakı
Soveti”, “Bizim əsas yolumuz”, “Balıqçılıq sənayesi”,
“Mürsəlli daşqını”, ”Yaz səpini”, “Neft
beşilliyinin bolşevikləri”, “Şərqə doğru”
xronikal-sənədli filmləri bu baxımdan diqqəti cəlb
edir.
1923-cü ildə
açılmış I Dövlət Kinofabrikində
aparılan yenidənqurma işləri 1928-ci ildə başa
çatdı. Həmin il aprelin 28-də kinopavilyonun
açılışı oldu. Kino işçiləri
üçün bu əlamətdar hadisədən sonra
kinofabrikdə işlər bir qədər də genişləndi.
Nəinki bədii, həm də sənədli filmlərin
istehsalı üçün şərait
yaxşılaşdı. Bundan sonra kinostudiyada filmlərin səsləndirilməsi
üçün hazırlıq işləri aparılmağa
başlandı. Səs kinoya yeni bədii-estetik keyfiyyət gətirdi.
1931-ci ildə “Forum” kinoteatrında
Cənubi Qafqazda ilk səsli kinoteatr açıldı.
Leninqraddan dəvət olunmuş səs operatoru M.Murovun rəhbərliyi
altında ilk sənədli səsli filmlərin istehsalına
başlandı.
“Raport veririk” və “Neft
simfoniyası” sənədli filmlərində diktor mətnindən
deyil, səs üçün musiqidən istifadə
olunmuşdur. Filmlərə musiqini S.Paniyev
yazmışdır. Ona görə də belə filmlərə
səsli film demək doğru deyil. “Neft simfoniyası”nda neft
mövzusu poetik aspektdə öz həllini
tapmışdır. Musiqinin təntənəli sədaları
altında neft fontan vurur, fəhlələr buruq qurur, neft ram
edilir. Sonrakı kadrlar neftçilərin istirahətinə,
onların bayramına həsr olunmuşdur.
30-cu illərin əvvəllərində
kinoya səsin gəlməsinə Sovet İttifaqının
bütün kinostudiyalarında, o cümlədən Azərbaycanda
xüsusi əhəmiyyət verilirdi. 1931-ci il yanvarın 1-dən
səsli filmlər kinofabrikinin tikintisinə başlamaq qərara
alınmışdı. Bu fabrik Sovet İttifaqında ən
iri və ən güclü studiyalardan biri olmalı idi. Maliyyə
çətinlikləri “Azərkino”ya planı
bütünlüklə yerinə yetirməyə imkan vermədi.
Ona görə də səsli filmlərin istehsalı bir
neçə il gecikdirildi. İlk bədii səsli film - “Mavi dənizin
sahilində” 1935-ci ildə yaradıldı.
Hələlik isə 30-cu illərdə
istehsal olunmuş sənədli filmlər haqqında söhbətimizə
qayıdaq. Bu dövrdə çəkilən filmlər öz
mövzusuna və qaldırılan problemlərin müasirliyinə
görə diqqəti cəlb edir.
“Qurban bayramı” kinooçerki
İslam dininin ən əziz mərasimlərindən birinə
- Qurban bayramına həsr olunmuşdur. Çox təəssüf
ki, sonralar sovet hökuməti dinlərə qarşı
mübarizə apardığına görə bu film məhv
edildi.
“Şərqə doğru”
tammetrajlı sənədli filmi əslində Azərbaycan
haqqında poemadır. Filmdə sovet hakimiyyəti illərində
respublikada gedən dəyişikliklərdən, Azərbaycanda
yaşayan xalqların məişətindən, onların adət-ənənələrindən,
milli xüsusiyyətlərindən söhbət
açılır. Bundan fərqli olaraq “Azərbaycan”
kinooçerki respublikanın tarixindən, keçmişindən
və bu günündən, onun təbii gözəlliklərindən,
müxtəlif sahələrdə çalışan əmək
adamlarından danışır.
Gənc rejissor S.Mərdanov hələ
tələbə ikən “Köçərilər” adlı
tammetrajlı sənədli film yaratmışdır. Lirik
planda çəkilmiş bu filmdə köçərilərin
oturaq həyat keçirmələri üçün
görülən tədbirlərdən
danışılır. Filmdə respublikamızda yeni kəndlərin,
şəhərlərin salınması, köhnəliklə
yeniliyin müqayisəsi konkret misallarla poetik tərzdə təsvir
olunmuşdur.
20-30-cu illərdə, hətta
40-50-ci illərdə Bakıda traxoma xəstəliyi
yayılmışdı. Bərk külək qalxanda toz-torpaq
adamın sifətinə, gözlərinə dolurdu. Bu xəstəliklə
bağlı rejissor M.Mikayılov “Traxoma” və “Gözlərinizi
qoruyun” elmi-kütləvi filmlərini yaratmışdır.
Sanitar-maarifçilik filmində traxomanın törətdiyi fəsadlardan,
onunla mübarizə üsullarından bəhs edilir. Rejissor
M.Mikayılovun lentə aldığı sonrakı xronikal-sənədli
film “Cəfər Cabbarlının dəfni” adlanır. Film
böyük Azərbaycan dramaturqu Cəfər
Cabbarlının dəfn mərasiminə və ümumxalq matəminə
həsr edilmişdir.
Azərbaycan sənədli kinosunda
ilk dəfə olaraq “Şöhrətli Azərbaycan” filmində
diktordan istifadə edilmişdir. 1935-ci ildə çəkilmiş
bu sənədli film kinoalmanaxdır. Burada iki mövzu - neft və
kənd təsərrüfatı öz əksini
tapmışdır. Filmdə süjetlər novella
formasında həll edilmişdir. Qocaman neftçi Piri Nuriyevin
və məşhur pambıq ustası Qüdrət Səmədovun
fədakar əməyi göstərilmiş, sinxron söhbətləri
verilmişdir.
“Türk qadınının
baharı” adlı başqa bir filmi isə rejissor Seyfulla Bədəlov
çəkmişdir. Film Azərbaycan qadınına həsr
olunmuşdur. Kinolent bəstəkar Niyazinin sənədli kinoda
ilk işi kimi də maraq doğurur.
Aydın Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.- 2011.- 7
sentyabr.- S. 10.