İsmayıllıda
“Sənətkarlar bayramı”
Məlum
olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin
2010-2014-cü illəri əhatə edən “Xalq
yaradıcılıq paytaxtları” proqramına uyğun olaraq
İsmayıllı 2011-ci ildə “Sənətkarlıq
paytaxtı” elan olunub. Bununla əlaqədar rayonda silsilə tədbirlər
keçirilir. İsmayıllı həm təbiəti, həm
də qədim tarixi ilə Azərbaycanın seçilən
bölgələrindəndir. Bölgədə xalq sənətkarlığı
tarixi inkişaf yolu keçib, el ustaları tərəfindən
zəngin milli mədəni irs yaradılıb.
Sentyabrın 2-də
İsmayıllı şəhərinin Qala divarları
qarşısında “Sənətkarlar bayramı”
keçirildi. Çoxsaylı ictimaiyyət nümayəndələrinin,
o cümlədən paytaxt Bakıdan, Şamaxı, Ağsu,
Göyçay, Qəbələ, Oğuz, Şəki və
Mingəçevirdən qonaqların qatıldığı tədbirdə
mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev
də iştirak edirdi. Tədbirə həmçinin Belarusdan
qonaqlar, Belarusun Azərbaycandakı səfirliyinin nümayəndələri
də gəlmişdilər.
Tədbirin rəsmi hissəsindən
öncə mədəniyyət və turizm nazirinin birinci
müavini Vaqif Əliyev, İsmayıllı rayon İcra
Hakimiyyətinin başçısı Nizami Ələkbərov,
millət vəkili Novruz Aslan, digər tədbir
iştirakçıları əvvəlcə şəhərin
mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini
ziyarət edib, önünə tər çiçəklər
qoydular.
Daha sonra mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev Heydər Əliyev
Mərkəzini ziyarət etdi. Mərkəzin direktoru
Elçin Məmmədov böyük öndərin həyat
yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks
etdirən fotoşəkillərin, sənədlərin
nümayiş olunduğu ekspozisiya barədə məlumat
verdi. Burada Heydər Əliyev irsini araşdırma mərkəzi
də fəaliyyət göstərir. Üçmərtəbəli,
müasir avadanlıqla təchiz edilmiş mərkəzdə
uşaqlar üçün bacarıqlı əllər,
şahmat, aviamodelizm, rəssamlıq dərnəkləri, habelə
xarici dil kursları təşkil olunub. Mərkəzdə
elektron kitabxana, kompyuter otağı da var.
Sonra qonaqlar İsmayıllı
şəhərinin qala divarları qarşısında
keçirilən “Sənətkarlar bayramı”na yollandılar.
İsmayıllı aşıqları ifaları ilə
qonaqları salamladılar. Tədbir
iştirakçıları İsmayıllı sənətkarlarına
məxsus, eləcə də qonşu rayonlardan gətirilmiş
sənətkarlıq nümunələrindən ibarət sərgiyə
baxdılar. Burada İsmayıllının turizm
potensialını nümayiş etdirən nəşrlər,
bukletlər və s. də yer almışdı.
Bayram tədbirini
İsmayıllı rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Azər Abbasov açaraq
qonaqları salamladı, “Sənətkarlar bayramı”nın
keçirilməsinin hər bir İsmayıllı sakini
üçün sevindirici hal olduğunu vurğuladı.
“İsmayıllı - sənətkarlıq paytaxtı” çərçivəsində
görülən işlərdən söz açan
şöbə müdiri elmi-praktik konfranslar, “dəyirmi
masa”lar, müsabiqələr, festivallar, sərgilər,
yarmarkalar və s. tədbirlərin İsmayıllının qədim
tarixinin, maddi-mədəniyyət nümunələrinin
öyrənilməsi və təbliğ olunmasında
böyük əhəmiyyət kəsb etdiyini dedi. O, rayonun
Lahıc, Basqal kimi kəndlərin hələ qədimdən sənətkarlıq
mərkəzi kimi tanındığını bildirdi.
İsmayıllı rayon İcra
Hakimiyyətinin başçısı Nizami Ələkbərov
çıxışında rayonda son illərdə
görülən geniş quruculuq-abadlıq işlərindən,
o cümlədən xalq sənətkarlığının təşviqi,
turizmin inkişafı ilə bağlı həyata keçirilən
tədbirlərdən danışdı. Qeyd olundu ki, son illər
İsmayıllıya gələn turistlərin sayı
artır.
Mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev 2010-2014-cü illəri əhatə
edən “Xalq yaradıcılıq paytaxtları”
proqramının əhəmiyyətini qeyd edərək bu
proqram çərçivəsində ölkəmizin
ayrı-ayrı bölgələrinin mədəni irsinin təbliğ
olunduğunu vurğuladı. Azərbaycanın çoxəsrlik
mədəniyyətinin, qeyri-maddi mədəni irsinin, sənətkarlıq
nümunələrinin, tarixinin qorunub saxlanmasının,
dünyaya tanıdılmasının vacibliyini qeyd edən
Vaqif Əliyev bu istiqamətdə dövlət səviyyəsində
mühüm işlər görüldüyünü nəzərə
çatdırdı. Qeyd olundu ki, 2011-ci ildə
İsmayıllının Azərbaycanın “Sənətkarlıq
paytaxtı” elan edilməsi də bu rayonda tarixən mövcud
olmuş sənətkarlığın
qorunub-yaşadılmasına, inkişaf etdirilməsinə xidmət
edir.
Millət vəkili Novruz Aslan
ölkəmizdəki ümumi inkişafın bölgələrə
də öz təsirini göstərdiyini, bu inkişafın
İsmayıllı rayonunun timsalında bariz şəkildə
göründüyünü bildirdi.
Çıxışlardan sonra
bayram tədbiri iştirakçılarına rəngarəng
musiqi proqramı təqdim olundu. İsmayıllı rayon Mədəniyyət
evinin “Niyal” instrumental ansamblının, folklor qrupunun,
aşıqların, muğam ifaçılarının
çıxışları bayram tədbirinə rəng
qatdı, iştirakçılarda unudulmaz təəssürat
yaratdı.
Zəngin
sənətkarlıq nümunələri mədəni irsimizin
aynasıdır
Bayramda İsmayıllının
müxtəlif kəndlərindən sənətkarlar da əl
işlərini nümayiş etdirirdilər.
Lahıcdan sərrac Babil Məmmədov
bu sənəti “dədə-baba sənəti”
adlandırdı: “At üçün lazım olan hər
şey - yəhər, yüyən, noxta və s.
hazırlayırıq. Bu işlər yayda Lahıca gələn
turistlərə də maraqlı gəlir. Baxmayaraq ki, başqa
işdə çalışıram, bu xalq sənətini də
inkişaf etdirirəm. Kiçik yaşlarımdan bu sənətə
yiyələnmişəm. Övladlarıma da öyrətmişəm.
Onlar da mənə kömək edirlər”.
Lahıclı ustaların toxuculuq
nümunələri, quzu dərisindən papaqlar, pinəçiliyə,
dəmirçiliyə aid əşyalar, habelə misgərlik
nümunələri də diqqət çəkirdi. Misgər
İlqar İsmayılovun dolçalar, mis qablar, hamam tası,
səkkizguşəli çıraq, çaynik, samovar, məcməyilər
və s. əl işləri qonaqlara təqdim edilmişdi.
Onların üzərindəki nəfis şəkildə
işləmələr maraqla baxılırdı. Usta bildirdi
ki, ta qədimdən mis qabların üzərində buta
naxışı həkk olunardı. Bu ənənə indi də
saxlanılır.
İsmayıllı rayonunun
Müdirisə kəndindən Əlicavad Cavadov bayram sərgisində
nəfəsli musiqi alətlərini təqdim edirdi:
“Hazırladığım nəfəsli musiqi alətlərini
gətirmişəm. Bəzilərini isə bərpa etmişəm.
Zurna, balaban, qoşa zurna, otal zurnası, qamışdan
hazırlanmış balaban, tütəklər, sümsülər,
neyvari, tülək və s. var. Mis balaban, bir tərəfi
zurna, bir tərəfi balaban olan alət də xüsusən
maraqlıdır. Bu sənəti inkişaf etdirirəm, tələbələr
yetişdirirəm”.
Kəlağayıları
ilə məşhur olan Basqal kəndindən sənətkarlar
xam ipək, ipək parça, kəlağayıya
naxış vurmaq üçün xüsusi qəlibləri təqdim
edirdilər.
Mollaisaqlı kəndindən
cəhrə, nehrə, sac, çörəkbişirmə,
samovar çayı, toxunma əl işləri də sərgilənirdi.
Bayram tədbirində
İsmayıllı ilə yanaşı, qonşu rayonlar da
maraqlı sənətkarlıq nümunələri ilə təmsil
olunurdu. Şəki şəhər mədəniyyət
və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov
Şəkiyə xas sənətkarlıq nümunələrinin
- piti qablarından tutmuş dekorativ tətbiqi sənətə
qədər nümunələrin sərgiləndiyini dedi:
“Ötən il Şəki “Azərbaycanın sənətkarlıq
paytaxtı” idi, bu il isə estafeti İsmayıllı davam
etdirir. Bayram tədbirinə Şəki sənətkarlarının
əl işlərini gətirmişik. Rayonumuzda qədim
el sənətinin əksər nümunələri - şəbəkə,
təkəlduz, misgərlik, ağac üzərində oyma və
s. sənətlər qorunub inkişaf etdirilir. Çalışmışıq
ki, bayramda Şəkini layiqincə təmsil edək”.
Oğuz rayon Mədəniyyət və
Turizm şöbəsinin müdiri Ulduz Baxışova “Xalq
yaradıcılıq paytaxtları” proqramına uyğun olaraq
keçirilən belə tədbirlərin ənənəvi
hal almasını yüksək qiymətləndirdi: “Artıq
ikinci ildir ki, “Sənətkarlıq bayramı” keçirilir. Bu cür tədbirlər milli-mədəni dəyərlərimizin
yaşamasına, qorunmasına xidmət edir. Oğuzdan
üç sənətkarın əl işlərini gətirmişik:
İlqar Yusifov, Əlimirzə Alxasovun taxta üzərində
oyma əl işlərini, Afəridə Əmirovanın
toxuduğu xalçanı təqdim edirik”.
Göyçay
rayonundan gətirilmiş dekorativ tətbiqi-sənət
nümunələri də al-əlvanlığı ilə
seçilirdi. 10 ildir ki, dekorativ-tətbiqi sənətlə
məşğul olan Mətanət Xarxıyeva bu sənətin
vurğunu olduğunu bildirdi: “Kitabxanaçıyam, sənəti
də yaşadıram. Balıqqulağından
hazırlanmış suvenirlər, xovlu tikmələr,
toxumlardan ibarət əl işlərimi gətirmişəm.
Həmçinin müxtəlif dəmir qablardan
da dekorativ suvenirlər var. Şüşə üzərinə
daşlar və balıqqulağı ilə
yığılmış əl işi, rəngbərəng
kağızlardan hazırladığım müxtəlif
fiqurlar da diqqət çəkir”.
Göyçaydan Səkinə
Mürsəlova da dekorativ-tətbiqi sənət, əl tikmələri
nümayiş etdirirdi. Sap və muncuqla tikmələr,
Göyçayın simvolu olan nar işləmə,
Göyçayın xəritəsi olan işləmə
xüsusi marağa səbəb oldu. Səkinə
xanım həmin xəritədə nar dənəsi
formasında muncuqlarla Göyçayın kəndlərini qeyd
etmişdi.
Mingəçevirdən
folklor qrupları, müğənnilər, Şamaxıdan gətirilən
xalçalar, zurnaçıların ifaları da xoş əhval
yaradırdı. İsmayıllının
İvanovka kəndindən “Slavyaniçka” folklor qrupunun
çıxışı maraqla qarşılandı.
Kulinarlar
da öz məharətlərini göstərirdilər
Bayram tədbirində
zəngin milli mətbəximizin nümunələri də təqdim
olunurdu. Kulinar Nazim Aydınov İsmayıllı mətbəxinin
özəlliklərindən danışdı: “Ötən ay
respublika üzrə milli mətbəx festivalı
keçirildi. İsmayıllı rayonu da
sacüstü yeməklər, plov və manqalüstü yeməkləri
ilə təmsil olunurdu, 3-cü yeri qazandıq. Bugünkü bayramda da manqalüstü və
sacüstü yeməkləri təqdim edirik. Həmçinin Basqal və Lahıc
dolmalarını təqdim edirik. Qeyd edim
ki, Lahıc dolması həcminə görə bir qədər
iri olur. Basqal dolması isə
fıstıq ağacının yarpağından
hazırlanır və bir qədər kiçik olur. Buna “pip dolma” deyirik. Tərkibindəki
ədviyyatlar da fərqlidir. Bu növ dolma
yalnız bizə məxsusdur”.
“Turizm ili” bölgələrin inkişafına
mühüm töhfədir
“Sənətkarlar bayramı”nın gedişini maraqla izləyən mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev təəssüratını
tədbirə qatılmış jurnalistlərlə
bölüşdü. Artıq ikinci ildir ki, nazirlik tərəfindən
“Xalq yaradıcılıq paytaxtları” proqramının həyata
keçirildiyini vurğulayan Vaqif Əliyev bu proqramın
bölgələrin inkişafına da töhfə olduğunu
dedi: “Hər il üç rayon - əfsanələr
paytaxtı, folklor paytaxtı və sənətkarlıq
paytaxtı üzrə müəyyən edilir. 2011-ci il üzrə “Azərbaycanın sənətkarlıq
paytaxtı” elan edilən İsmayıllıda sənətkarlıq
ənənələri tarixən qorunub saxlanılıb,
inkişaf etdirilib. Bu il ərzində
çoxlu sayda tədbirlər həyata keçirilib. Bugünkü bayram tədbirində qonşu rayonlarla
yanaşı İsmayıllı kəndlərindən və qəsəbələrindən
bir çox sənətkarlar öz işlərini
nümayiş etdirirlər. Onlar sənətlərini
həm qoruyur, həm inkişaf etdirir, şagirdlər
yetişdirir, həmçinin bu sənətlə
dolanırlar. 2011-ci il ölkə
prezidenti tərəfindən Azərbaycanda “Turizm ili” elan
olunub. “Turizm ili” bölgələrin
inkişafına mühüm töhfədir. Bu baxımdan bölgələrimizin mədəni
irsinin geniş təbliği həm də turist cəlb
olunması üçün əhəmiyyət kəsb edir.
Bölgələrə gələn turistlər
gözəl təbiət, sənətkarlıq nümunələri,
ləziz mətbəx, qonaqpərvərlik görməlidirlər.
Hər il bu cür paytaxtların elan edilməsi
gələcəkdə mədəniyyətimizin
inkişafına, həmçinin bu sənətlərin
yaşamasına böyük təsir göstərir. Bununla biz mədəniyyətimizi daha da zənginləşdiririk”.
Tədbirdən sonra
Vaqif Əliyev yeni üslubda tikilmiş Heydər Əliyev
parkını ziyarət etdi. Parkda yerləşən
İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə
də tanış oldu. Muzeyin direktoru, rəssam
İkram İsmayılov muzeyin eksponatları haqda məlumat verdi. Burada
İsmayıllının ən maraqlı tarixi yerlərinin
fotoşəkillərindən ibarət zal da var. Muzeyin
ayrıca konfrans zalı da müxtəlif tədbirlərin,
seminarların keçirilməsi üçün əlverişlidir.
Basqal
kəndi yenidən qurulacaq
Mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev
İsmayıllının ən qədim kəndlərindən
olan Basqal kəndini də ziyarət etdi. Basqal kənd
tarix mədəniyyət qoruğunun direktoru Polad Nəzirov kəndin
tarixi yerləri barədə məlumat verdi.
Kənd əhalisi burada sosial infrastrukturun
yaradılması ilə bağlı xahişlərini bildirdilər.
Qeyd olundu ki, təxminən 30 il əvvəl
yanğından sonra fəaliyyətini dayandıran XVII əsr
məscidinin, kənddəki qədim hamamın bərpasına
ehtiyac var.
Vaqif Əliyev bildirdi
ki, İsmayıllıya olan turist axını nəzərə
alınaraq Basqal kəndinin yenidən qurulması, buranın cəlbedici
turist məkanına çevrilməsi üçün işlər
görüləcək. Qeyd olundu ki, Basqal
kəndi qoruq elan edilib və burada tarix-mədəniyyət
qoruğu yaradılıb. Prezident İlham Əliyevin
tapşırığı ilə Basqalın yenidən
qurulması üçün layihə hazırlanır. Basqal kəndində ekoturizm mərkəzi
yaradılacaq. Bu da turizmlə bağlı
nailiyyətləri təmin edən əsas amillərdəndir.
Basqalın küçələri, evləri
yenidən qurulacaq. Kənddə muzey, mədəniyyət
mərkəzi yaradılacaq.
Mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev Basqal kəndində
tarixi ənənələri olan kəlağayı
istehsalının inkişafı, qədim sənət növlərinin
bərpası istiqamətində işlərin də nəzərdə
tutulduğunu bildirdi.
İsmayıllıya
gələn turistlərin sayı artıb
2011-ci ilin “turizm ili”
elan edilməsi ilə bağlı respublika ərazisində bir
çox tədbirlər həyata keçirilir.
İsmayıllı Rayon Mədəniyyət və Turizm
şöbəsinin müdiri Azər Abbasov
İsmayıllıda 20-dən artıq istirahət mərkəzinin
(1150 nəfərlik) olduğunu bildirdi: “Bu il əvvəlki illərə
nisbətən İsmayıllıya turist axını
artıb. 2009-cu ildə rayona 15 min, 2010-cu ildə 25 min və
bu il 50 mindən çox turist gəlib. Bunun da təxminən
üçdə biri xarici turistlərdir. Respublika
ərazisində aparılan quruculuq işləri
İsmayıllıda da geniş şəkildə həyata
keçirilir. Bütün bu işlər,
habelə istirahət obyektlərində qiymətlərin
aşağı salınması turist axınına müsbət
təsir göstərir. Məsələn, keçən
il “Green house” istirahət mərkəzində
kotteclər, lüks nömrələr 160-180 manat idi. Bu il isə 120-130 manatdır. Turistlər
İsmayıllı ərazisində iki qoruq-kəndə -
Lahıc və Basqala daha çox maraq göstərirlər.
108 abidəsi olan Lahıc açıq səma
altında muzeydir. Ümumiyyətlə,
İsmayıllı ərazisində 230 tarixi mədəniyyət
abidəsi var”.
Azər Abbasov İsmayıllı
rayonun turizm sərgilərində iştirakının da turist
axınına müsbət təsir etdiyini dedi. 2010
və 2011-ci illərdə Bakıda keçirilən turizm sərgisində
İsmayıllının istirahət mərkəzləri, sənətkarların
əl işləri, folklor qrupları iştirak edib. Həmçinin İsmayıllıda Turizm Peşə
Mərkəzinin yaradılması da bu sahənin
inkişafına müsbət təsir göstərir.
Şöbə müdirinin sözlərinə görə, bu il tədris ocağının ilk məzunları
- 29 nəfərin hamısı istirahət mərkəzlərində
işlə təmin olunub. Mərkəzdə 1 və 2 illik
kurslar var: “Bu cür peşə mərkəzlərinin fəaliyyəti,
tədris proqramlarının həyata keçirilməsi
turizmdə peşəkar xidməti, servisi
formalaşdırır. Bu da gələcəkdə
daha çox turist axınını formalaşdıran amillərdəndir”.
Reyhan
İsayeva
Mədəniyyət.- 2011.- 7 sentyabr.- S. 8;9.