Turistləri
necə məlumatlandırmalı?
Bələdçilərin
peşə hazırlığı və dolğun məlumat
kitablarının nəşri bu işdə mühüm
önəm kəsb edir
Azərbaycanda
turizm sektoru inkişaf etdikcə, ortaya çıxan problemlərin
həlli istiqamətində də tədbirlər
görülür. Bu sahədə həlli vacib məsələlərdən
biri də sayı ilbəil artmaqda olan mehmanxanaların,
mehmanxana tipli obyektlərin, istirahət müəssisələrinin
Azərbaycanı təbliğ edən turizm bələdçi
nəşrləri ilə təmin olunmasıdır.
Bu mövzunun Azərbaycan
Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə
bağlı Tədbirlər Planında öz əksini
tapması (Turizm bələdçiləri üçün
Bakı və Abşeron yarımadası haqqında vahid
metodiki vəsaitin hazırlanması və təsdiq edilməsi
- 21-ci bənd; Mehmanxana və mehmanxana tipli obyektlərin Azərbaycanı
təbliğ edən turizm bələdçi kitabı ilə
təmin olunması - 34-cü bənd) məsələnin
aktuallığını və dövlətin diqqətində
olduğunu göstərir.
«Bakı» və «Azərbaycan» bələdçi
kitabları nəşr olunub
Tədbirlər Planında bu istiqamətdə
nəzərdə tutulan işlərlə bağlı məlumat
almaq üçün Bakı Turizm İnformasiya Mərkəzinin
direktor müavini Bəxtiyar Qılıncova müraciət
etdik. Onun sözlərinə görə, Azərbaycanın
turizm potensialının təbliği məqsədilə
Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən
«Bakı» və «Azərbaycan» bələdçi kitabları nəşr
olunub: “Bu nəşrlərdə Azərbaycanın mədəniyyəti,
tarixi, gəzməli-görməli məkanları, təbiəti,
mətbəxi, turizm istirahət mərkəzləri, nəqliyyat
xidmətləri və s. haqqında geniş məlumatlar
öz əksini tapıb. Yaxın günlərdə həmin bələdçi
kitabları Bakıda yerləşən mehmanxana və
mehmanxana tipli müəssisələrə təqdim ediləcək».
Bələdçi
kursları problemin həllinə kömək edəcək
Qeyd edək ki, son illər Azərbaycan
turizmində ən çox müzakirə edilən məsələlərdən
biri də təcrübəli bələdçilərin
sayının azlığı ilə bağlıdır.
Turistlərlə bilavasitə bələdçi-tərcüməçilər
təmasda olduğundan, onların peşəkarlığı
ümumən turizm işinin keyfiyyətinə təsir edir. Belə
kadrlar geniş dünyagörüşünə, mükəmməl
biliyə, insanlarla ünsiyyət qurmaq bacarığına
malik olmalıdırlar. Turizmin inkişaf etdiyi ölkələrdə
bu fakta xüsusi önəm verilir. Üstəlik bələdçiliklə
məşğul olmaq istəyən şəxsin mütləq
lisenziyası olmalıdır. Məsələn, Ukraynada və
Rusiyada lisenziyasız çalışan bələdçilərə
cərimələr nəzərdə tutulur. İtaliyada isə
hətta belə icazəsiz fəaliyyət göstərən
bələdçinin xidmətindən istifadə edən
turisti də cərimə edirlər.
Azərbaycanda bu problemin həlli
istiqamətində son dövrlər bir sıra addımlar
atılır. Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər
Cəfərovun sözlərinə görə, ölkə
başçısı tərəfindən ötən il təsdiqlənən
«2010-2014-cü illərdə Azərbaycanda turizmin
inkişafına dair» Dövlət Proqramının tələblərinə
uyğun olaraq bu ilin fevralından Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə ATİ-nin nəzdində
bələdçi kursları açılıb . İlk
kursun 16 nəfər iştirakçısı olub. Onlardan
12-si imtahanları verərək kursu uğurla başa vurublar və
yaxın vaxtlarda fəaliyyətə başlayacaqlar. Rektorun
fikrincə, kursların davamlı olaraq təşkili ölkə
turizmində bu sahədə mövcud olan problemin həllinə
kömək edəcək.
Azərbaycan dilində məlumat
kitablarına ehtiyac var
Azərbaycan Turizm və Ekskursiyalar Şurası sədrinin müavini Sabir Rəhimovun sözlərinə görə,
bələdçinin turistə
verdiyi məlumatlar ilk
növbədə Milli
Elmlər Akademiyasının
müvafiq institutlarının
rəyi əsasında
hazırlanmalıdır: “Bu qurum müəyyənləşdirməlidir
ki, bələdçi
ölkəyə gələn
qonağa hansı informasiyanı necə təqdim etməlidir. Biz bu problemlə
bağlı təkliflərimizi
vermişik. Hər xarici
dil bilən şəxsdən bələdçi
olmaz. Bu işin mütəxəssisi
olmağın şərtləri
var».
Bu istiqamətdə
mövcud çətinliklərdən
biri də Azərbaycan dilində bələdçinin məlumat
kitabları ilə bağlıdır: “Rus dilində belə vəsaitlər çoxdur.
Azərbaycan dilində isə
cəmi 2-3 kitab var ki, onlardan
bələdçi olmaq
istəyən şəxs
bu peşənin sirlərini öyrənə
bilər”.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 7 sentyabr.- S. 7.