Rəsul
Həmzətov - Dağıstanın ədəbi cigidi
Zamanın mühüm tarixçələri həddən
ziyadə çox, insanınkı isə ikicədir: olum və
ölüm.
Bütün olum-ölümlər bütövlükdə
statistika, böyük şəxsiyyətlərin, sənətkarların
ölümü isə hadisədir.
Mükafat və təltifatları kitablarının
sayından (və hətta dəyərindən) artıq olan Rəsul
Həmzətov da 1923-cü il sentyabrın 8-də Xunzax
rayonunun Sada kəndində Dağıstan statistikası kimi
doğuldu, 2003-cü ilin noyabrında Moskvada - köhnə nəslin
məzhəbincə SSRİ hadisəsi kimi, yenilərin təbirincə
isə Federativ nekroloq olaraq öldü...
Həm yazıma ilk
yarımbaşlıq, həm Həmzətovu az tanıyanlara
tanışlıq, həm də onun Azərbaycana olan yüksək
sayğı balı ilə Qarabağ (və 20 Yanvar) məsələsinə
münasibət məqamlarının birində xalqımızın
ürəyinə saldığı dost xalı arasında
balans üçün özüm özümə belə bir
xitabi-sual edirəm: kim idi Rəsul Həmzətov?
Cavabımın - nəzərdə
tutulan bütün məlum, real, obyektiv detallarının onun
halalı, subyektivliyinin babalı isə mənim boynuma olmaqla
deyim ki, Rəsul Həmzətov öz xalqının
böyük oğlu, gözəl şairi, qızıl Qələmi,
bron-imperiyanın iliyinəcən işləyən kəsərli,
sözün hər iki mənasında aksent Dili idi. Bəs
formaca “milli”, məzmunca sosialist (əslində - sus(!)alist) ədəbiyyatlı,
derjavakurs mədəniyyətli, velikorus siyasətli, “birlik”
devizli, “dostluq”, “böyük qardaş” şüarlı
SSRİ-nin yuxarı eşelonu üçün? Hər
şeydən öncə:
Etnik estrada...
Bəli, vaxt vardı ki, ittifaq
radiosunun proqramlarında, “lirika”larında, “xəbər”lərində
bu mübtədanın adı hətta Nikita Sergeyeviç
Xruşşovdan, Leonid İliç Brejnevdən də
çox çəkilirdi. Sanki o böyük SSRİ nəhəng
bir teatr, bu “kiçik xalq” nümayəndəsi isə ədəbi-əbədi
baş qəhrəman idi. Dünyanın altıda birini
“hasarlamış” ölkənin paytaxtından “Hardan
başlanır Vətən?!” kimi ritorik suallar çıxan
anda “Mənim aulumdan!” kimi cavablar gəlirdi. “Dərin kapitalizm
dərələrinin çürüntüləri
haçanadək üfunət qoxuyacaq?” kimi publisistik təəssüfkeşlikləri
“Mənim sosialist dağlarıma gübrə edilənədək”
məzmunlu poetik təəssübkeşliklərlə
qarşılanırdı. O tərəflərdən eşidilən
“Qrenadam, Qrenadam Qrenadam mənim!”, “O-ya, Velikobritaniya!”, “Fiqaro!”,
“Esperanto!” kimi demokratik tonlara qarşı “Mənim
Dağıstanım!” tipli azad-demokratik “jeton”lar qoyulurdu.
Həmin vaxtlar on beş respublikanın
on dördünün vətəndaş-oxucuları bir
çox xəyallarla birgə belə bir fikrə də
dalır və məəttəl qalırdılar ki, aya, bəs
bizim şairlərimiz niyə bu “növ” millətçilik, dəlioğlanlıq,
“qoçuluq” edə bilmirlər? Məsələn, onun
adaşı - “Sarı dana”sı “qlavlit”də kəsilib nəşriyyatda
soyulan Rəsul Rza, “gəncləri Nərimanovlaşdırmaq
istəyən” damğası ilə xəstəliyə
tutuzdurulan Məmməd Araz və (bir-iki) başqaları niyə
onunsayaq “tirpaşlıq” edə bilmir? Ürəklərimizdə
və bir də “Dikanka yaxınlığındakı xutor
axşamları” sayağı çayxanalarda çox
övürüb-çevirdiyimiz bu qəbil sualların
cavabını da özümüzdən savay heç kimə
deyə bilmirdik. Heç kiməsə deyilməsi
mümkün də deyildi belə deyimlər...
Rəsul Həmzətov SSRİ-nin
böyük, istedadlı ədiblərindən olmaqla
yanaşı, antisovet ölkələrlə
apardığı müxtəlif növlü oyunların əsaslarından
birinin - azsaylı xalqlara münasibət doktrinasının
hamıya görk edilən kapitanı idi. Nə olsun - günəşi
bu başından batmamış o başından çıxan
bu nəhəng ölkənin hansı nöqtəsindəsə
hansısa bir etnik qrup maddi ya siyasi qaş-qabaq töküb - Rəsul
Həmzətov ki ekranda gülür! Noolsun ki, Moskva
yaxınları “strelbat-politbat”lara, ucqarları “stroybat”lara,
BAM-lara (Baykal-Amur Magistralı) göndərir - böyük
periferiya nəğməkarı ki: “BAM - vsyo tam!” deyir. “Nu
çto j”, Saxarov “başsız başçıların əvəzinə...”,
Soljenitsın “rus olduğuna görə” xəcalət çəkirlər,
- sağ olsun “Slovo o starşem brate” kitabının müəllifi
Rəsul Həmzətov!
O, yetmiş illik sovetin yarıməsrlik
canlı təbliğat universiadası, etnik estradası, poetik orkestri,
yazılı folkloru kimi çıxış etdi. Sovetlərin
dağılması ilə onun da mizan-düzəni xeyli pozuldu.
Bir vaxtlar bütün SSRİ-nin stolüstü kitabı olan
“Mənim Dağıstanım”da özünü bizə
yatağındaykən də təqdim edən, hətta
ayağını çarpayısından aşırıb əsnəyə-gərnəşə
bədii-didaktik “reportaj” aparan bu azman sovet şairi - elə sayəsində
zilə çıxdığı Rusiya kimi - içinə
çəkildi. Və ondan əsl rus ədəbiyyatına elə
bir miras qalmasa da, Dağıstan ədəbiyyatı və mədəniyyətinə,
öz adına, öz xalqına, hamımızın
Qafqazına çox şey qaldı.
Bizə
də qaldı
Nələr qaldı? Görükən
bir şeylər yox, duyulan, etkiləndirən elementlər
qaldı. Məsələn, onun ictimai-ədəbi tribunalarda
Şeyx Şamilliyə bənzər
çıxışları, hərəkətləri “bərkgedənlik”
jestləri bizim bir çox mötədil yazarlarımızın
qələminə təpər verirdi. Səməd Vurğuna
böyük məhəbbəti türk-avar soylarının
kökəncə eyni olduğunu bir daha vurğulayırdı.
Tofiq Bayramın gözəl tərcüməsində
yazılmış “Əziz dost” mahnısındakı
misraları Səməd Vurğunu Moskva şairlərinin
“siyasi sevgi” təəssüratından alıb, uzaq-ucqar obalar,
odalar məhəbbətinə daşıyırdı.
Qanı, təbiətilə bizə
çəkən bu şair, bu “dəlioğlan” sənətkar
Azərbaycana çox gəlirdi. Dağlarımızı
dağları qədər sevir, vəsf edirdi. Bəzən
burda çılğınlığını bir az
artıqlaması ilə görk etməyə
çalışırdı. Moskva qızlarının - el
diliylə desək, “pis öyrətdiyi” bu cigid, hətta bizdəki
məclislərin birində özünü pis
apardığına görə, bizim igid şairimizin (Nəbi
Xəzrinin) silləsilə də
“mükafat”landırılmışdı.
“Mükafat” demişkən, onun ədəbi,
ictimai mükafat və təltifatları da - sənətə,
sənətkara qiymət baxımından - bizə qalan dəyərlərdəndir.
Dağıstanın Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı,
Lenin, SSRİ, Rusiya, Cəvahirləl Nehru, Firdovsi, Xristo Botev,
Lermontov, Fadeyev, Süleyman Stalski, Sadasa Həmzət adına
mükafatlar laureatı idi Rəsul Həmzətov.
Göz-qulağımız bütün bu mükafatlara, belə
deyək, öyrəncəlidir. Lakin o həm də
dünyanın gözünü səyridib, qulağını
dəbərdən bir təltifata - “XX əsrin ən
yaxşı şairi” beynəlxalq mükafatına da layiq
görülüb. Onsuz da lirika mayalı o informasiyanı bir qədər
də nəqliləşdirək.
1983-cü ilin payızı. Antik-əntiq
sənətlər yurdu İtaliya paytaxtına planetin hər
yerindən gəlmiş dünyanın 300-dən çox ən
məşhur şairləri toplaşıb. Ürəklərdəki
“bu poeziya yarışında kim qalib gələcək?”
sükutunu 60 illik yubileyini Moskvada və doğma aulunda yenicə
qeyd edib gəlmiş dağlar oğlunun sədası pozur. O
hamıdan fərqli susur, salona hər kəsdən fərqli
baxır və birdən əllərini hamıdan ilahianə
göyə qaldırıb, vurğusu mənasından, durğusu
mövzusundan gözəl səslənən şeirini oxuyur.
Öz əllərini aşağı salar-salmaz, bütün əllərin
göyə qalxaraq alqış leysanı
yağdırdığını görür. Ardınca
hamı ayağa qalxır. Şairsə “məcbur” qalıb sədr
roluna girir, üç-dörd kərə: “Xahiş edirəm,
əyləşin” deyir. Onlar, nəhayət, əyləşsələr
də, bir azdan - onun başına qələbə çələngi
qoyulan məqamda - yenidən qalxmalı olurlar...
Tahir Abbaslı
Mədəniyyət.-
2011.- 9 sentyabr.- S. 13.