Yüksəkliyə doğru gedən yol

 

   Ötən əsrin 20-30-cu illərində Azərbaycan musiqi mədəniyyətinin inkişafı, böyük yüksəlişi dövrü - yeni janr, ifaçılıq vasitələri ilə zənginləşməsi, musiqi kollektivlərinin yaranması dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə sıx bağlıdır. Bu inkişaf yollarında böyük musiqiçinin atdığı addımlar onun maarifçilik və yüksək təşkilatçılıq bacarığını üzə çıxartdı. Əlbəttə, bu yol hamar deyildi, çətinliklərlə dolu idi. Lakin Üzeyir bəyin öz xalqının mədəniyyətini yüksəklərdə görmək arzusu ona cəsarət və güc verirdi.

  

   Yaradıcılığı XX əsrin klassikası sayılan görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin Üzeyir bəy haqqında dediyi sözləri qeyd etməmək mümkün deyil: “Azərbaycan musiqisinin təməlini qoyan Üzeyir Hacıbəyov böyük təbii istedad sahibi bir bəstəkar, görkəmli ictimai xadim idi. O, bütün həyatını Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr etdi. Onun şagirdləri və ardıcılları - Azərbaycan bəstəkarları haqlı olaraq musiqi yaradıcılığında ən qabaqcıl yerlərdən birini tuturlar və bunda Üzeyir Hacıbəyovun misilsiz xidməti var. O, Azərbaycan musiqi təhsilini çox gözəl bir şəkildə təşkil etdi. Simfonik musiqinin inkişafı yolunda çox iş gördü. Mən Azərbaycan bəstəkarlarına Üzeyir Hacıbəyovun böyük əsərlərini müqəddəscəsinə qorumağı və inkişaf etdirməyi tövsiyə etmək istərdim”.

   Xalq Maarif Komissarlığı yanında İncəsənət İdarəsinin musiqi şöbəsinə rəhbərlik edən Üzeyir bəy “Sənaye-nəfisə” (1921, ¹1) məcmuəsində dərc etdirdiyi “Vəzifeyi musiqiyyəmizə aid” adlı məqaləsində Azərbaycan musiqisinin gələcək inkişaf proqramını müəyyənləşdirmişdir. Məqalədə peşəkar musiqi kadrları yetişdirmək, milli musiqinin əsaslarını işləyib hazırlamaq, ümumdünya musiqisini öyrənmək və s. məsələlərdən bəhs olunurdu.

   Azərbaycan hökumətinin 1921-ci il 26 avqust tarixli qərarı ilə Üzeyir bəyin təşəbbüsü və layihəsi əsasında Azərbaycan Dövlət Konservatoriyası (ADK) təsis edilir. Burada fortepiano, vokal, orkestr (skripka, violonçel, fleyta və s.), nəzəriyyə, bəstəkarlıq və Şərq şöbəsi yaradılmışdı. Şərq şöbəsində milli musiqi alətlərində ifa etmək öyrədilirdi. Üzeyir bəy Avropa və Şərq musiqi mədəniyyətinin qarşılıqlı əlaqəsinin zəruriliyini daim xüsusi qeyd etmişdir. Şərq şöbəsində təhsil iki istiqamətdə aparılırdı: not sistemi üzrə və milli ifaçılıq sənətinin şifahi ənənəvi əsasında. Tarda çalmağı not sistemi üzrə Üzeyir Hacıbəyli, ənənəvi şifahi ifaçılıq sistemi üzrə isə görkəmli tarzən pedaqoq Mənsur Mənsurov (1887-1967) öyrədirdi.

   Respublikada milli kadrların hazırlanması məqsədilə Üzeyir bəyin təşəbbüsü sayəsində 1922-ci ildə Azərbaycan Dövlət Türk Musiqi məktəbi təşkil edilir. Beş şöbəsi (fortepiano, vokal-Avropa və Şərq üslubunda, musiqi nəzəriyyəsi, orkestr) olan bu məktəb 1924-cü ildən orta ixtisas musiqi təhsili müəssisəsi hüququ qazanaraq Azərbaycan Dövlət Türk Musiqi Texnikumu adlandırılır. Bəstəkarlar - Asəf Zeynallı, Səid Rüstəmov; musiqişünaslar - Xurşid Ağayeva, Fatma Zeynalova, Fatma Səmədova; dirijorlar - Əfrasiyab Bədəlbəyli, Əşrəf Həsənov; pianoçu - Məmməd Nəsirbəyov; kamançaçalan - Qılman Salahov və bir sıra başqa istedadlı musiqiçilər burada təhsil almışlar. 1926-cı ildə texnikum ADK ilə birləşdirilərək, onun tələbə heyəti milli kadrlarla xeyli zənginləşdirildi. Üzeyir bəy Azərbaycan musiqisinin dərindən öyrənilməsinə can ataraq 1925-ci ildə Konservatoriyada özünün rəhbərliyi ilə “Şərq musiqisini öyrənən sinif”in açılmasına nail olmuşdu (Sonralar bu kurs “Azərbaycan xalq musiqisinin əsasları” adlandırılıb və hazırda fəaliyyət göstərir).

   Böyük bəstəkar sonralar bu barədə belə demişdi: “Mən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək işinə 1925-ci ildən başlamışam. Seçdiyim bu mövzuya dair nə bir ədəbiyyat, nə xüsusi elmi əsərlər, nə də başqa bir vasitə olmadığına görə mən ancaq öz şəxsi müşahidələrimin, apardığım diqqətli tədqiqatların nəticələrinə və Azərbaycan xalq musiqisinin bütün nümunə və formalarının dərin təhlilinə əsaslanmağa məcbur oldum”.

   Üzeyir bəy xalq musiqisinin toplanması və nota salınması işində böyük səy göstərmiş və 1927-ci ildə Müslüm Maqomayevlə birlikdə Azərbaycan xalq mahnılarından ibarət ilk məcmuəni nəşr etdirmişdir. Məcmuəyə “Ninni”, “Beşik başında”, “Səhər-səhər yaz çağı”, “Qarabağ şikəstəsi”, “Üç telli durna”, “Küçələrə su səpmişəm”, “Gözəlim sənsən”, “Əlində sazın qurbanı”, “Anama deyin”, “Dağlarda çiçək”, “Saçın ucun hörməzlər” və s. məşhur el nəğmələri daxil edilmişdir.

   Üzeyir bəyin musiqisinin gözəlliyi, parlaqlığı, möhtəşəmliyi onun sənətinə, xalqına olan odlu-alovlu sevgisinin, vətənpərvərliyinin və yüksək zövqünün bəhrəsidir. Öyrənib-öyrətmək eşqi və həvəsi ilə yaşayan, daim yeniliklər axtarışında olan Üzeyir bəy yüksək xidmətləri ilə musiqi mədəniyyətinə böyük töhfələr vermişdir.

   Bəstəkar 1926-cı ildə konservatoriya tələbələrindən ibarət xor kollektivi yaratmağa cəhd göstərmiş, lakin bu iş yarımçıq qalmışdır. Sonradan isə 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdində professional xor kollektivinin yaradılmasına nail olmuşdur. Xorun ilk repertuarına Üzeyir bəy tərəfindən işlənmiş xalq mahnıları - “Aman nənə”, “Ay bəri bax”, “Lolo” və s. daxil edilmişdir. Bu dövrdə xor musiqisinin bir sıra janrları da təşəkkül tapmışdı. Üzeyir bəyin “Firdovsi”, Qara Qarayevin “Könül mahnısı” kantataları və s. Xor musiqisinin inkişafında Üzeyir bəyin “Koroğlu” operasındakı monumental xor səhnələrinin, xüsusilə də “Çənlibel” xorunun rolu böyükdür. 1938-ci ilədək Azərbaycan Dövlət Xoru müstəqil fəaliyyət göstərmiş, 1938-ci ildə isə rəqs qrupu ilə birləşdirilmişdir.

   1933-34-cü tədris illərində ADK-nın nəzdində “Xüsusi istedadlı uşaqlar qrupu” yaradılmış və bir neçə ildən sonra onillik orta ixtisas musiqi məktəbinə (Hazırda Bülbül adına Orta ixtisas musiqi məktəbi) çevrilmişdir. Bu məktəb konservatoriya üçün musiqi kadrları hazırlayan əsas baza idi. Məktəbin yaradıcılarından biri ADK-nı bitirmiş pianoçu, pedaqoq Kövkəb Səfərəliyeva (1907-1985) olmuşdur. Uzun illər burada direktor və fortepiano üzrə müəllim olmuş Kövkəb xanımın Üzeyir bəylə ilk görüşü 1922-ci ilə təsadüf edir. Həmin ildən o, bəstəkarın yaxın köməkçisi - “Azərbaycan xalq musiqisinin əsasları” kitabının redaktoru olmuşdur.

   “...Üzeyir bəylə işlədiyim” illər mənim həyatımın ən yaxşı, ən maraqlı dövrüdür. Gözəl musiqiçi ilə görüşlər məndən ötrü əsl məktəbə çevrildi, xalq musiqisinin bədii keyfiyyətlərini yeni tərzdə dərk etməyə məni məcbur etdi. Üzeyir bəy öz biliyini və incə müşahidələrini həmişə həvəslə bölüşürdü. Üzeyir Hacıbəyovun kitabı Azərbaycan musiqisini öyrənmək üçün ən zəruri bir dərsliyə çevrilmişdi. O, Azərbaycan musiqisinin şifahi ənənələrinin qanunauyğunluqlarını geniş musiqilər üçün açmışdır. Mən çox xoşbəxtəm ki, böyük bəstəkar-alimlə birlikdə işləmək mənə nəsib olmuşdur”, - deyə Kövkəb xanım öz xatirələrində qeyd etmişdir.

   Üzeyir Hacıbəylinin yüksək təşkilatçılıq bacarığı nəticəsində 1932-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri yaradılır. 22 nəfərdən ibarət olan orkestrin dirijoru Üzeyir Hacıbəyli, dirijor köməkçisi və konsertmeysteri Səid Rüstəmov olmuşdur. Üzeyir bəy bu orkestr üçün iki böyük əsər - I və II Fantaziyaları (I Fantaziya - “Çahargah”, II Fantaziya - “Şur”) yazmışdır. Dahi Avstriya bəstəkarı V.A.Motsartın yaradıcılığını çox sevən Üzeyir bəy onun “Do major ¹15” sonatasının musiqisini “Çahargah” ladında transkripsiya edərək özünün I Fantaziyasında istifadə etmişdir. Bəstəkar bununla Azərbaycan dinləyicisini milli çalğı alətləri vasitəsi ilə Avropa klassik musiqisinə yaxınlaşdırmağa çalışmışdır.

   1939-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının direktoru olmuş Üzeyir bəy bu təhsil ocağına respublikanın hüdudlarından uzaqlarda da böyük nüfuz qazandırmışdır. Burada Bülbül, Ş.Məmmədova, B.Zeydman, L.Rudolf, M.R.Brenner, A.B.Qoldenveyzer kimi şəxslər dərs demişlər. 1935-ci ildə Üzeyir bəyin dəvəti ilə Konservatoriyaya gələn və ömrünün sonuna kimi burada çalışan M.R.Brennerin Azərbaycanda Fərhad Bədəlbəyli, Fəridə Quliyeva kimi musiqiçilərin yetişməsində, ifaçılıq mədəniyyətinin inkişafında böyük rolu olmuşdur.

   Üzeyir bəydən dərs almış, ənənələrini davam etdirmiş tələbələri - bəstəkar-musiqişünas Əşrəf Abbasov, tarzən-pedaqoq Adil Gəray, musiqişünas Əminə Eldarova və o dövrün bir sıra istedadlı sənət adamları Üzeyir sənətinin böyüklüyünün canlı şahidi olmuşlar və bu şahidlik sonralar maraq doğuran dəyərli xatirələrə çevrilərək kitab səhifələrində özünə yer almışdır. Bu baxımdan görkəmli bəstəkar Şəfiqə Axundovanın xatirəsini yada salmaq yerinə düşər: “Üzeyir müəllim olmasaydı, mən də olmazdım. Bu, mənim yaradıcılıq epiqrafımdır. Həqiqətən də belədir. Bugünkü varlığımla, bugünkü müvəffəqiyyətlərimlə mən müəllimimə borcluyam. O çox mehriban, səmimi, qayğıkeş, böyük ürəkli bir insan idi. Üzeyir müəllim haqqında çox danışmaq olar... Ona, onun sənətinə, təbiətinə hamı səcdə edirdi. O, əsl insan, mərd adam idi. Biz ondan çox şey öyrəndik. Onun xatirəsi qəlbimizdə silinməzdir.”

   Üzeyir bəyin övladı yox idi. O, tələbələrinə hər zaman ata qayğısı ilə yanaşaraq, onlara mənəvi və maddi dəstək olmuşdu. Üzeyir bəyin istedadlı tələbəsi, onun vəfatından sonra Azərbaycan bəstəkarlıq məktəbinə başçılıq etmiş və bu məktəbin inkişafına böyük təsir göstərmiş görkəmli bəstəkar Qara Qarayev öz müəlliminin əzəmətliliyini belə ifadə edir: “...Üzeyir Hacıbəyovun musiqisi xalqımızın ürəyində yaşayır, onun mənəvi həyatını zinətləndirir. Zaman bu böyük istedadın qurduğu əzəmətli binanı sarsıtmaqda nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur. Onun musiqisinin parlaq rəngləri daha da əlvanlaşır və biz onun yaradıcılığında yeni gözəlliklər və incəliklər kəşf edirik”.

   Beləliklə Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətinin inkişafında, ucalmasında bir memar, bir qurucu kimi böyük rol oynayaraq musiqi tarixində silinməz izlər qoydu və Azərbaycan musiqiçiləri üçün düzgün istiqamətdə və yüksəkliyə doğru gedən bir yol açdı.

   1921-ci il avqustun 26-da Üzeyir bəyin əsasını qoyduğu Azərbaycan Dövlət Konservatoriyası - hazırda böyük bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyası bu gün də Azərbaycanın musiqi mədəniyyətinin daha da inkişafı və parlaq gələcəyi naminə istedadlı tələbələr-şəxsiyyətlər yetişdirməkdədir. Bu günlər dahi Üzeyir bəyin anadan olmasının 126-cı ildönümü ilə yanaşı, onun yaradıcısı olduğu təhsil ocağının 90 illik yubileyi də mədəni həyatımızın əlamətdar hadisəsi kimi qeyd olunur. Mən də dahi musiqiçinin adını daşıyan Bakı Musiqi Akademiyasının məzunu olduğum üçün fəxr edir və başda professor Fərhad Bədəlbəyli olmaqla Akademiyanın bütün kollektivini yubiley münasibətilə təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirəm.

  

 

   Aytən Heydərova,

   Üzeyir Hacıbəylinin

    ev-muzeyinin baş mühafizi

 

   Mədəniyyət.- 2011.- 9 sentyabr.- S. 11.