Kinoda kompyuter qrafikası
Kinoda kompyuter qrafikasından istifadə son illər
xüsusilə geniş yayılıb. Bu sahədə
çoxlu yeni texniki imkanlar var. Lakin peşəkar səviyyəli
iş ortaya qoymaq heç də təkcə texniki imkanlarla
başa gəlmir.
Kompyuter animasiyasının yaranması
Kompyuterin incəsənətə
“müdaxiləsi” ötən əsrin 60-cı illərində
başlanıb. Qərbdə rəssamların incəsənət
və texnikanı bir araya gətirməsi ilə bu prosesə
“start” verildi. 70-ci illərdə rəssamların texnikaya kifayət
qədər yiyələnməsindən sonra “kompyuter
qrafikası” sənət olaraq yayıldı. 1973-cü ildə
Amerikada kompyuter qrafikası və animasiyasının
inkişafına həsr olunmuş beynəlxalq SIGGRAPH
konfransından sonra bu işə maraq xüsusilə artdı.
Proqramçılar, texniklər, rəssamlar, dizaynerlər, hətta
kompyuter istehsal edən iri şirkətlər bu sahədə
yeniliklərlə maraqlanmağa başladılar.
İlk kompyuter animasiyaları sadə
kliplərdə nümayiş olunurdu. Texniki bazanın
inkişafı və rəssamların səyi nəticəsində
iş üslubu da dəyişdi. Əgər əvvəllər
texniki tərəflər önəm kəsb edirdisə,
sonralar bədii tərəflər dəyərləndirildi.
Cizgi film rəssamları personajların, ümumi fonun
yaradılmasında bu texnikadan istifadə etməyə
başladılar. Onlardan bəziləri kompyuter animasiyasına
keçərək filmlər çəkməyə başladılar.
Disney məktəbinin multiplikatoru Con Lasseter (John Lasseter)
“Piksar” animasiya studiyasında 1989-cu ildə “Oskar”a layiq
görülən “Toy Story” (“Oyuncaq hekayə”) cizgi filmini
çəkdi.
Kinoda kompyuterin rolu
Bu gün filmlərdəki kompyuter
qrafikası ilə çətin ki, kimisə təəccübləndirmək
olar. Kompyuter qrafikasından ilk dəfə istifadə olunan film
1973-cü ildə ekranlara çıxan “Qərb
dünyası” ("West world") filmi oldu. Bir qədər
sonra isə onun davamı - “Gələcək dünya”
("Future world") filmi tamaşaçılara təqdim
olundu. Hər iki filmdə robotların gözləri ilə
peyzajlar da təsvir olunmuşdu. 1977-ci ildə ekranlara
çıxan rejissor Corc Lukasın “Ulduz müharibələri.
Epizod IV. Yeni ümid” filmi də kompyuter qrafikası ilə
yadda qaldı. Baxmayaraq ki, “Ulduz müharibələri” silsiləsi
xüsusi effektləri ilə böyük rezonans
doğurmuşdu, həmin filmlərdən yalnız birində
kompyuter qrafikası işlənmişdi. Burada 90 saniyə
kosmik gəminin uçuşu nümayiş olunmuşdu.
Kompyuter qrafikası kino sənayesində
ciddi qəbul olunması üçün kifayət qədər
uzun yol keçdi. 1982-ci ildə çəkilən “Tron” filmi
isə kino tarixində əsas personajları kompyuterdə
hazırlanan ilk film oldu. Filmdə 30 dəqiqəlik qrafik səhnələr
var. Burada canlı və kompyuterdə hazırlanmış qəhrəmanlar
birlikdə göstərilmişdi. Bu gün isə kompyuter
qrafikasından istifadə olunan çoxsaylı filmlər bir o
qədər qeyri-adi görünmür. Müasir
tamaşaçı 3D formatlı filmlərə də öyrəncəlidir.
Xüsusi eynəklər vasitəsilə filmlər izləmək
yeni əyləncə növlərindəndir.
Azərbaycan
kinosunda vəziyyət necədir?
2001-ci ildən kompyuter qrafikası
ilə məşğul olan Fərid Yusifoğlu bu günə
yeddi tam və qısametrajlı filmdə (“Sirat
körpüsü”, “Qanadlarıma sığal çək”,
“Niyyət”, ”Yol” və s.) çalışıb: “İlk
olaraq onu qeyd edim ki, kompyuter qrafikası ilə 3D format fərqli
anlayışlardır. 3D formatı xüsusi eynəklə izlənilən
filmlərdir. Kinoda kompyuter qrafikası isə çəkiliş
prosesində mümkün olmayan əlavələrin edilməsidir.
Mənim peşəm “vizual effektlərə nəzarətçi”
(“visual effect supervisor”) adlanır. Bu, qrafikada rejissorluq deməkdir.
“Yol” filmində “Matte painting”dən
istifadə elədik. Bəzi kadrlara
duman yerləşdirdik.
“Matte-painting” müəyyən
məkanların - qalaların,
arxa fonun sonradan yaradılmasıdır.
Kompyuter qrafikası həmçinin
filmin büdcəsi üçün də sərfəlidir və mümkün olmayanı yaradır. Süni dağlar, meşələr
qurmaq və ya iri masştablı
binaları, obyektləri
asanlıqla yaradır”.
Kinoda vizual effektlərdən
də geniş istifadə olunur. Partlayışlar, güllə
atılması zamanı
kənara yayılan əlavələr və
s. bu yolla əldə edilir.
Fərid Yusifoğlu hazırda “Mən evə qayıdıram” filmində
bu cür əlavələrdən istifadə
etdiyini bildirdi: “Filmdə 15-dək qrafik epizod var. “Object remove” (hər
hansı lazımsız
obyektin silinməsi),
“object replacement” (mövcud obyektin
başqası ilə əvəz etmək) və s. istifadə etmişik. Filmdə bir yazı səhv yazılıb.
Biz onu vizual
olaraq dəyişdik”.
Hər hansı obyekt real halda varsa onu
çəkmək daha
məqsədəuyğun sayılır:
“Əgər həmin obyekt yoxdursa, o zaman qrafikaya müraciət edilir. Filmdə tüstü, yanğın
kimi detalları texniki baxımdan kompyuter qrafikası ilə işləməyin
çətinlikləri də
var. Buna uyğun texnikamız
çox azdır”.
“3Dost production” şirkətinin
direktoru və qrafik animatoru Rəşad Əfəndiyev
də texniki imkanlara görə iş prosesinin zəif getdiyini bildirdi: “Hazırda şirkətimiz tərəfindən
qrafist Yusif Qabilovla birgə “Cırtdan və Təpəgöz” 3D animasiyasını
hazırlayırıq. “Caracter animation” deyilən prosesdə personajlar hazırlanır.
Buna modelləşmə deyirlər. Lakin ən çətin
proseslərdən biri
həmin personajlara hərəkət verməkdir.
Bəzən 2-3 saniyəlik hərəkət
üçün 1 gün,
bir qədər çətin hərəkət
olduqda 2-3 gün zaman sərf edilir.
Digər ölkələrlə müqayisə etsək, məsələn, Hollivudda
bir animasiya üzərində çoxlu
sayda qrafist və rəssam çalışır. İş də
sürətli gedir.
Məşhur “Şrek” cizgi
filmi iki ilə çəkilib.
Həmçinin hazırda dünyada
mo-cap sistemi ilə animasiyalar çəkilir ki, bu da
canlı aktyorlara qoşulan ötürücülərlə
informasiyanın kompyuterə
köçürülməsidir. “Avatar” filmində olduğu kimi. Bizdə isə texniki imkanlar zəifdir. Lakin çalışırıq ki,
müasir texniki tələblərə cavab
verən animasiya hazırlayaq”.
Reyhan
İsayeva
Mədəniyyət.-
2011.- 9 sentyabr.- S. 10.