“Rəssam
işi tamaşanın simasıdır“
Tanınmış teatr rəssamı, Rəssamlar
İttifaqının və Teatr Xadimləri
İttifaqının üzvü Nabat Səmədova əmək
fəaliyyətinə 1975-ci ildə Lənkəran Dövlət
Dram Teatrında başlayıb. Sonra Sumqayıt Dövlət
Musiqili Dram Teatrına baş rəssam təyin edilib.
Rəssamın son dövr
yaradıcılığı Dövlət Musiqili Komediya
Teatrı ilə bağlıdır. Bu teatrın səhnəsində
Ü.Hacıbəylinin “Arşın mal alan“, S.Fərəcov və
Ə.Əmirlinin “Səhnədə məhəbbət”, O.Rəcəbov
və A.Babayevin “Əlin cibində olsun”, R Mustafayev və C.Məmmədovun
“Məsmə xala dayımdır”. musiqili komediyalarına,
N.Qoqolun “Evlənmə” əsərinin tamaşasına bədii
tərtibat verib. Ümumilikdə 60-dan çox teatr
tamaşasının, 20-dək televiziya filminin
quruluşçu rəssamı olub.
- Nabat xanım, səhnə əsərinin
yüksək səviyyədə alınmasında rəssam
işinin xüsusi yeri var. Bu sahədə böyük təcrübəsi
olan sənətkar kimi, quruluşçu rəssamın fəaliyyətini
necə xarakterizə edərdiniz?
- Quruluşçu rəssam işi
yaradıcı işdir. Düzdür, tamaşaçı
bilavasitə səhnədəki aktyorları, rejissor işini
görür, musiqini eşidir, səhnə əsərinin ərsəyə
gəlməsində rolu olan insanların bir qismi elə səhnə
arxasında qalır. Amma tamaşanın ərsəyə gəlməsində,
uğur qazanmasında həmin insanların, o cümlədən
quruluşçu rəssamın məxsusi rolu, yaradıcı
payı var. Əslində tamaşa haqqında
tamaşaçıda ilk təəssüratı məhz teatr
rəssamının işi yaradır. Pərdə
açılanda ilk nəzərə çarpan rəssam
işi olur. Elə ilk təəssüratdan da tamaşaya qiymət
vermək olar. Çünki rəssam dekorasiya, geyimlə əsərin,
orada əks olunan dövrün ab-havasını
tamaşaçıya çatdırır. Rəssam öz
işləri ilə tamaşanın nüfuzunu artıra, azalda
da bilir. Təbii ki, tamaşanın əsas yaradıcı rəhbəri
rejissordur, rəssam işinin necə alınacağı da
rejissordan asılıdır. Rəssamla rejissorun birgə fəaliyyəti
səhnənin dekorasiyasının uğurlu
alınmasını şərtləndirir. Çox vaxt ideyalar
rejissorla rəssam arasında gedən müzakirələrdə,
söhbətlərdə yaranır. Axı aktyorun ssenariyə
uyğun obraz yaratması, söz söyləməsi ilə
iş başa çatmır. Rəssamın
yaradıcılığı yüksək səviyyədə
olanda tamaşanın məzmunu açılır. Bu
baxımdan rəssam işi tamaşanın simasıdır.
- Rəssam tamaşada öz əsərləri
ilə tamaşaçıya nəyi anlatmalıdır?
- Quruluşçu rəssam
da ssenarini oxuyur. Orada sözün, fikrin
sətiraltı mənası
olur. Rəssam həmin mənanı
duymalıdır. Bunu bilməsə,
tamaşanın simasını
aça bilməz.
Rəssam fırçası, sənəti ilə buna xidmət etməli və tamaşanın obrazını
yaratmalıdır. Əsas odur
ki, əsərin mahiyyəti dərk edilsin.
- Əvvəllər
teatrlarda parlaq səhnə tərtibatına,
rəssam işinə
böyük diqqət
verilirdi. İndi bu
sahədə vəziyyət
necədir?
- Düz deyirsiniz, vaxtilə səhnədə parlaq dekorasiyaya geniş yer verilib. Ancaq zaman
keçdikcə hər
şey dəyişir.
Başa düşülür ki, teatr rəssamlığına
da avanqard fikirlər, ideyalar gətirilməlidir. Yəni konstruktivlik,
hərəkət, işıq
lazımdır.
- Gənclərin
sənətə münasibətini
necə qiymətləndirirsiniz?
Teatr rəssamlığına gənclər
maraq göstərirmi?
- Gənclərin sənətə marağı var. Amma bu maraq daha çox işin maddi tərəfi ilə bağlıdır. Teatr rəssamı olmaq istəyənlər azdır. Ancaq gəncləri də qınamaq olmaz. Axı bazar iqtisadiyyatı dövrüdür. Hər bir yaradıcı insan da gördüyü işin maddi tərəfini düşünür. Bu da təbiidir.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 9 sentyabr.- S. 11.