Göytəpə
- qədim yaşayış yeri
“Turizm ili” çərçivəsində ərazidə
abadlıq işlərinə start verilib. Arxeoloji kompleksin
arxeoparka çevrilməsi və burada muzeyin təşkil
olunması da nəzərdə tutulur
Dünyanın qədim yaşayış məskənlərindən
olan Azərbaycan bu tarixi isbatlayan abidələrlə zəngindir.
Belə tarixi yerlərin tədqiqi, arxeoloji abidələrin təmir
və bərpasına dövlət tərəfindən
böyük diqqət ayrılır. Tovuz rayonunda yerləşən
Göytəpə qədim yaşayış yerində
görülən işlər də bu qəbildəndir. Azərbaycan
Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə
bağlı Tədbirlər Planında da (43-cü bənd)
Tovuz rayonunda «Göytəpə yaşayış yeri» arxeoloji
abidəsinin abadlaşdırılması nəzərdə
tutulub.
Tovuz beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyevin sözlərinə görə, Göytəpə qədim yaşayış yerində arxeoloji işlərin davam etdirilməsi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. Bu qədim yaşayış yerinə xarici mütəxəssislərin də böyük marağı var. “Bu ildən etibarən arxeoloji abidədə qazıntılar konservasiya işləri ilə paralel olaraq aparılacaq. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun erkən sivilizasiyaların öyrənilməsi ilə məşğul olan mütəxəssislərdən ibarət ekspedisiyası bu abidədə Tovuz rayonunda Yaponiyanın Tokio Universitetinin arxeoloqları ilə birlikdə qazıntı işləri aparıb və işlər bu il də davam edəcək».
Abidənin arxeoloji turizm nöqteyi-nəzərindən də əhəmiyyətini nəzərə alıb, onunla bağlı tarixi, coğrafi məqamlara nəzər salaq.
Oturaq həyat
tərzini əks etdirən abidə
Bir sıra vacib faktorlar, əlverişli ekoloji durum, Ön Asiyanın mədəniyyətlərinə yaxınlıq tarixən Azərbaycanda və ümumən Cənubi Qafqazda qədim istehsal təsərrüfatı sahələri olan əkinçilik və maldarlığın formalaşmasına şərait yaradıb. Nəticədə bölgədə Yaxın Şərq mədəniyyətlərinə məxsus abidələrlə sinxron erkən əkinçi-maldarlara aid yaşayış məskənləri meydana gəlib. Azərbaycan ərazisində neolit dövrünə aid olan qədim yaşayış yerlərindən bir qismi Gəncə-Qazax bölgəsində, əsasən Kür çayının orta axarı boyunca yerləşir. Bu yaşayış yerlərinin əraziləri 0,5-2 hektar olub, əsasən iri təpə formasındadır.
Gəncə-Qazax bölgəsində ən iri yaşayış məskənlərindən biri Göytəpə neolit dövrü abidəsi Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərqə tərəf yerləşir. F.Quliyevin sözlərinə görə, Göytəpə qədim yaşayış yeri Cənubi Qafqazda oturaq həyat tərzini əks etdirən qədim erkən əkinçilik mədəniyyətinə aid olan abidədir: “Göytəpə qədim yaşayış yeri bir sıra digər neolit dövrünə aid abidələrin (Şomutəpə, Qarqalartəpə, Töyrətəpə) əhatəsində olub Kiçik Qafqazın şimal hissəsinin dağətəyi arealına daxildir. Təpə 2 hektardan çox ərazini əhatə edir. Qədim yaşayış məskəninin diametri 145 metr, hündürlüyü isə 8 metrdir. Göytəpə yaşayış yeri, Azərbaycanda və ümumən Qafqazın cənubunda neolit dövründə baş vermiş inkişaf prosesinin əsas vacib prinsiplərinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Qazıntılar zamanı neolit dövründə yaşayış yerlərinin strukturu, insanların istehsal təsərrüfatına yiyələnməsi, icmaların həyat tərzi və məişəti haqqında dəqiq informasiyanın əldə edilməsi təmin olunur».
Tədqiqatlar nəyi sübut edir?
Artıq üç ildir ki, Göytəpə yaşayış yerində tədqiqatlar aparılır. Arxeoloji ekspedisiya rəhbərinin bildirdiyinə görə, ərazidə 3-4 metr qalınlığında 700 kvadrat metr sahə torpaqdan təmizlənərək öyrənilib: «Aparılan arxeoloji qazıntılar bir sıra elmi əhəmiyyətli məsələlərin yenidən baxılmasına şərait yaradıb. Müəyyən edildi ki, indiyədək eneolit dövrü abidələri kimi tanınan Göytəpə tipli abidələr daha erkən neolitin son mərhələsinə aiddir. Göytəpədə aparılan qazıntılar zamanı burada sıx olan qalın tikilmiş komplekslər, bir-birinə bağlı olan yaşayış evləri, təsərrüfat tikililəri və çoxlu sayda neolit dövrünə aid olan maddi mədəniyyət nümunələri aşkar edildi. Aşkar olunmuş arxeoloji materialların təhlili göstərir ki, Azərbaycanın neolit tayfaları çox yüksək inkişaf dövrünü yaşamışlar. Göytəpədə aparılan tədqiqatlar göstərir ki, neolit dövründə Azərbaycan qədim tikinti və memarlıq ənənəsinə malik olub”.
Bundan başqa, tədqiqatlar zamanı qazıntı sahəsinin kvadratlarının divarlarında mədəni təbəqənin ardıcıllığını bildirən stratiqrafik kəsiklər öyrənilərək tədqiq olunub. Bunun əsasında tikililərin ardıcıllığına da aydınlıq gətirilib. Göytəpə neolit yaşayış yerinin tikili qalıqlarının stratiqrafiyasından bəlli olub ki, dövr etibarı ilə daha gec mərhələyə aid olan tikililər təpənin üst hissəsinə doğru cəmləşib. Belə ki, erkən tikililər təpənin daha aşağı səviyyələrində yerləşirdi.
Söhbət əsnasında F. Quliyev bir sıra maraqlı faktları da diqqətə çatdırdı: “Abidənin xüsusi elmi əhəmiyyətini nəzərə alaraq burada uzun illər əsaslı qazıntıların aparılmasına böyük ehtiyac var. 2008-ci ildən etibarən Göytəpədə aparılan arxeoloji qazıntılar zamanı abidənin tarixinin dəqiq öyrənilməsi məqsədilə qazıntı sahəsinin müxtəlif kvadratlarından götürülən kömür qalıqlarının 8 radiokarbon analizi (Fransa və Yaponiya laboratoriyalarında) aparılıb. Bu analizlərin dördü abidənin üst qatına aid olub. Digər dörd analizlərin cavabı isə əsasən abidənin mədəni qatının 150-175 sm dərinliklərini əhatə edir. Nəticədə ilkin olaraq abidənin yaş həddi iki qrupa ayrılır. Birincisi üst qat e.ə. 5450-5350, ikincisi isə 5600-5500-ci illərə aiddir. Bu onu göstərir ki, abidənin əsasən üst qatı e.ə. VI minilliyin ortalarından əvvəllərinə qədər dövrləşir. Lakin Göytəpənin aşağı qatları qazıntıya hələlik məruz qalmadığı üçün (təxminən 6 metr) qədim yaşayış yerinin erkən mərhələsi haqqında danışmaq tezdir. Göytəpə qədim yaşayış yerinin əsaslı arxeoloji tədqiqatları Azərbaycanda ilkin sivilizasiyaların təməlini qoymuş oturaq həyat tərzinin - erkən əkinçilik mədəniyyətinin meydana çıxması haqqında mükəmməl məlumat verəcək.
Perspektivlər
Hazırda dünya arxeoloqları arasında ən aktual məsələ Şərq və Qafqaz əlaqələrini dərindən öyrənməkdir. Mütəxəssis hesab edir ki, arxeoloji qazıntılar nəticəsində tapılmış Göytəpə neolit yaşayış məskəni bu əlaqələri özündə əks etdirən çox nümunəvi və parlaq bir arxeoloji abidədir: “Bu tapıntı dünya tarixi üçün böyük önəm daşıyır. Abidənin xüsusi əhəmiyyətini nəzərə alaraq yaxın 2 il ərzində qədim yaşayış yerində tədqiqatlar Respublika Prezidenti yanında Elmin İnkişafı Fondunun ayırdığı qrant hesabına aparılacaq. Layihənin başlıca vəzifələrindən biri Göytəpə arxeoloji kompleksinin arxeoparka çevrilməsindən ibarətdir. Abidədə qazıntı və konservasiya işləri paralel olaraq aparılacaqdır. Qazıntılardan öncə arxeoloji kompleksin bir hissəsinin konservasiyası məqsədilə abidə üzərində örtük quraşdırılıb».
Bundan başqa qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələrinin (sümük, torpaq, bitki qalığı, kömür qalıqları, metal və s.) analizlərinin aparılması məqsədilə yerli və xarici laboratoriyalara göndərilməsi, Beynəlxalq müştərək layihə olduğu üçün analizlərin Yaponiyanın Tokio Universitetində aparılması da nəzərdə tutulub.
Müsahibim onu da bildirdi ki, "Göytəpə" neolit qədim yaşayış məskəni yerinin konservasiya olunması və abidənin ətrafında tapılmış arxeoloji materialları təbliğ etmək üçün Mədəniyyət və Turizm Nazirliyi ərazidə muzeyin təşkil olunması üçün tədbirlər planı hazırlayıb.
Mehparə
Mədəniyyət.-
2011.- 9 sentyabr.- S. 7.